Yasamal Məhkəməsinin icra şöbəsi Nazpəri Dostəliyevanın yerini müəyyən edə bilmir
“Xalq artisti Nazpəri Dostəliyeva məhkəmə qərarı ilə 25 min manat ödəməli və üzr istəməlidir”.
ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında xalq artisti İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib.
P. Hacılı Nazpəri Dostəliyevanın məhkəmə qərarını icra etmədiyini deyib: “Həmin qarar icra olunmadığı üçün Yasamal Rayon Məhkəməsinin icra şöbəsi tərəfindən Nazpəri Dostəliyevanın yerinin müəyyən edilməsi ilə bağlı polis idarəsinə müraciət edilib. Nazpəri Dostəliyevanın hökmün icrasından imtina etməyinin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyə görə, bu işdə məhkəmə qərarı iki ay müddətinə icra olunmalıdır”.
Xalq artisti Nazpəri Dostəliyevanın vəkili Səyyad Mirzəyev isə APA-ya açıqlamasında N. Dostəliyeva haqqında polis idarəsinə hər hansı müraciət edilmədiyini deyib: “Heç bir müraciət yoxdur. Müraciət olunubsa da, əsası yoxdur. Bundan əlavə, Nazpəri Dostəliyeva məhkəməyə müraciət edərək bildirib ki, həmin məbləği birdəfəlik ödəmək imkanına malik deyil. Bununla bağlı bizim vəsatətimizə hələlik məhkəmədə baxılmayıb. Məhkəmə qərar çıxarsa ki, bizim vəsatət təmin olunmasın, o zaman icraçılar hər hansı tədbir görə bilərlər. Biz məhkəmənin qərarını gözləyirik” .
S. Mirzəyev məhkəməyə təqdim etdikləri vəsatətdə N. Dostəliyevanın müəllim kimi ayda 350 manat maaş aldığını və 25 min manatı birdəfəlik ödəməyə imkanın olmadığı vurğuladıqlarını da deyib.
Xatırladaq ki, ötən il iyulun 23-də Ali Məhkəmədə xalq artisti N. Dostəliyevanın xalq artisti İlhamə Quliyevaya qarşı kassasiya şikayətinə baxılıb. Məhkəmənin qərarına əsasən, N. Dostəliyeva İ. Quliyevaya 25 min manat təzminat ödəməlidir.