Bu günlərdə keçirilən tədbirlərin birində kameramıza tuş gələn gənc müğənni Sevinc Ağaşirinova yeni imicindən və şou-biznesdəki rəqiblərindən danışıb.
- Hər dəfə fərqli qiyafələrdə görünürsən, tərzini belə tez-tez dəyişməyindən hiss olunur ki, özün də dəyişkən xanımsan...
- Əslində, daxilən elə də rəngarəng deyiləm. Geyimlərimi də əhvali-ruhiyyəmə uyğun seçirəm. Əgər yuxudan duranda əhvalım yaxşıdırsa, qəşəng geyinirəm, ovqatım pisdirsə, artıq paltarlar arasında seçim eləmirəm, nə gəldi geyinib evdən çıxıram.
- Əvvəllər qısa, dekolte geyimlərə çox üstünlük verirdin, son vaxtlar, nədənsə, uzun libaslarda görünürsən… Olmaya, qadağa qoyublar?
- Heç kim mənə qadağa qoya bilməz. Yenə qısa paltarlar geyinərəm, amma indi havalar soyuqdur. Uzun olsun, ya qısa - əsas odur, mənə yaraşsın. Nə gəldi geyinirəm. Heç brend arxasınca qaçanlardan da deyiləm.
- Deyirəm, bəlkə, söz-söhbətlərdən ehtiyatlanırsan?
- Yox, qətiyyən. Onsuz da dalımca danışanlar çoxdur. Amma elələrinin fikri mənim üçün önəmsizdir. Mənim üçün əsas olan yaxınlarımın fikridir ki, onlar da haqqımda müsbət düşünürlər. Həm də qabağa gedən müğənninin arxasınca hər zaman danışırlar. Çünki qorxurlar ki, özləri arxada qalarlar. Şou-biznesdə məndən gözəli yoxdur. Bütün standartlara cavab verirəm - istər səhnə qabiliyyəti olsun, istər səs, istərsə də gözəllik.
- Qorxmursan, həmkarların sənə qarşı birləşər?
- Nə deyirəm ki, mənə qarşı birləşələr? Gözəl müğənnilər var e, sadəcə, mənim kimisi yoxdur. Demirəm e, eybəcərdirlər, ölçülər var də. Övlad dünyaya gətirmək, ondan sonra yenidən formaya düşüb, gözəlliyini saxlamaq hər qadının işi deyil. Mən buna görün necə nail olmuşam.
- Necə nail olmusan?
- Pəhriz, idman vasitəsi ilə. Hər halda, çətinliklərim çox oldu, istədiklərimə asanlıqla nail olmadım.
- Necə bir anasan?
- Çox sərt ana olmaq niyyətindəyəm. Hələ uşağım balacadır, sərt olmağa ürəyim gəlmir, amma gələcəkdə çox sərt olacağam. Hər zaman övladımı nəzarətdə saxlayacağam.
- Özün demişkən, gözəl qadınsan, özün də şou aləmdəsən. Heç sevgi mesajları-filan alırsan?
- Almıram, ona görə ki, telefon nömrəmi heç kim bilmir.
- Bəs sosial şəbəkələrdə?
- Hə, orada olur. Amma o mesajları görməzliyə vururam.
- Ən çox nə yazırlar?
- Çox şey, amma elə mesajlara vaxt ayırmıram.
- Səncə, sənə yaraşıq verən nədir?
- Boyum, belimin incəliyi, gözlərim, dodaqlarım və saçlarım. Hələ bu yaşıma qədər heç bir yerimdə əməliyyat etdirməmişəm. Silikondan, dolğudan istifadə etməmişəm. Nəyim var, özümündür.
- Şou-biznesdə dostluq etdiyin müğənnilər var?
- Əvvəllər vardı, sonradan aramız soyudu və həmin dostlarla münasibətlərə son qoydum. Müğənnilərdən mənə dost olmaz.
- Ən çox nəyə pul xərcləyirsən?
- Heç nəyə. Hələ ki o qədər çox pulum yoxdur ki, ürəyim istəyən şeylərə xərcləyim. İnşallah, çoxlu pulum olsa, pal-paltara, dostlarıma xərcləyərəm.
- Amma indi də xərcləyirsən. Soruşmaq eyib olmasın, qazancın haradan çıxır?
- Hamının pulu haradan çıxırsa, mənimki də oradan çıxır.
- Yəni?
- Hərdən toylara, arada ad günlərinə, tədbirlərə gedib oxuyuram.
- Pulsuzluqdan gileylənirsən, birdən bir pullu sponsor çıxıb, sənə dəstək olmaq istədi, razılaşarsan?
- Əlbəttə. Türkiyədə bütün müğənnilərin sponsorları var. Amma biz hələ o dərəcədə inkişaf etməmişik ki, müğənnilər sponsor söhbətinə normal baxsınlar.
- Şou-biznesdə kimləri özünə rəqib sayırsan?
- Rəqib gördüklərim var, amma adlarını çəkmirəm.
- Cavanlardandır, yoxsa?..
- Yox, cavanlar arasında özümə rəqib görmürəm. Rəqib saydıqlarım yaşlı sənətkarlar arasındadır.
- Bəs adlarını niyə çəkmirsən?
- Qorxuram, mənə əsəbiləşərlər. Deyirlər, acıqlandırsam səni, nəylə döyərsən məni? Əllərində çomaq var axı.
- Xanım müğənnilərdir?
- Bəli… Onlar artıq sənətdə sözlərini demiş müğənnilərdir.
- Serialda çəkilmək istərdin?
- Yox, bir neçə seriala dəvət ediblər, amma çəkilməkdən imtina etmişəm.
- Bəlkə, açıq-saçıq səhnələrə dəvət ediblər, buna görə boyun qaçırmısan?
- Mən Azərbaycanda açıq-saçıq səhnələrə çəkilmərəm. Yenə Türkiyədə olsa və keyfiyyətli filmə dəvət alsam, çəkilərəm.
http://sonxeber.info/