Şou-biznes nümayəndələrinin kifayət qədər tanıdığı Vəfa Məmmədova insan alverində günahlandırılır
Bir neçə gün əvvəl ANS telekanalında Elgiz Əkbərin təqdimatında yayımlanan “Adam içində” verilişinin qonağı olan müğənni Vasif Məhərrəmli çox maraqlı məqama toxunub. O, adını açıqlamadığı, hadisənin də üzərindən ötəri keçərək, şou-biznes nümayədəsinin həbs olunmasını qeyd edib.
ANS PRESS-in məlumatına görə, PostNews.az-ın araşdırması həmin şəxsin şou-biznes nümayəndələrinin kifayət qədər tanıdığı prodüser Vəfa Vaqifqızı (Məmmədova) olduğunu üzə çıxarıb.
Məlum olub ki, dekabr ayında həbs olunan V.Vaqifqızı insan alverində təqsirkar bilinir. Şübhəli şəxs kimi saxlanılıb və hazırda istintaq prosesi davam edir.
Məsələylə bağlı Vasif Məhərrəmli ilə əlaqə saxlayıb, V.Vaqifqızı ilə münasibətlərinə aydınlıq gətirmək və həbs olunmasıyla bağlı fikirlənini öyrənməyə çalışdıq. Müğənni bu barədə verilişdə açıqlama verdiyini təsdiq etdi:
“Onunla salam-əleykimiz vardı. Amma dostluq başqa şeydir. Şou-biznesdə hamı bir-biri ilə salam-əleyiki edir, öpüşüb-görüşür. Amma bu, o demək deyil ki, hamı bir-biri ilə dostdur. Allah yolunu açıq etsin! Bu barədə təxminən belə bir söhbət eşitdim və mənə də dedilər. Veriliş zamanı məqamına düşdü deyə, söylədim. Söhbət insan alverinə qarşı mübarizə idarəsindən düşdü və onların uğurlu fəaliyyətlərindən danışılırdı. Allaha şükür, respublikamızın bütün hüquq mühafizə orqanları gecə-gündüz çalışırlar. Bu, komplimennt deyil, olduğunu deyirəm. O cümlədən də insan alverinə qarşı mübarizə idarəsi...
Həmin xanımla heç bir qəsdi-qərəzliyim yoxdur. Allah yolunu açıq etsin! Allah balasına bağışlasın, buraxsınlar evinə gəlsin”.
Məlumat üçün bildirək ki, dünən (28.01.2015) ad günü olan V.Vaqifqızı bir neçə televiziya layihələrinin və bəzi tanınmış müğənnilərin prodüseri olub.
Mənbə
ANS PRESS