“Star life” verilişi məşhurlar arasında sorğu apararaq onların ən bahalı libasının qiymətini və bu günə qədər kiminsə paltarını geyinib-geyinməmələrini soruşub.
Axşam.az sorğunu təqdim edir:
Əməkdar artist Elza Seyidcahan – Xeyir işə gedəndə sənət dostlarım yox, tanışlar paltar istəyir, verirəm. Bir məclis var idi, içəri girəndə gördüm bütün xanımlar mənim libasımdan geyiniblər. Məndə olanda qəribə yanaşırlar, amma sabah hamı onu geyinir. Heç kimin libasını geyinmərəm. Mən yenilik gətirən adamam. Azərbaycanda ilk dəfə dırnağıma rəngbərəng boyanı mən çəkmişəm. İndi bu, salonlarda ən bahalı manikürdür. Mənim əynimdə hər libas bahalı olur. Başqaları kimi demirəm on minə çanta aldım. Ayıbdır, o pulla insanlar ev almaq istəyir. Vaxtilə çöllərdə yaşamısan, indi çantanla insanlara acıq verirsən?
Müğənni-bəstəkar Murad Arif – Bu cür əməkdaşlıqlarda yoxam. Cırıq olsun, özümün olsun. Ən bahalı kostyumum 400-500 manata, ayaqqabım isə 300 manata olub.
Müğənni Nadir Qafarzadə – Heç bir sənət dostumdan paltar almamışam. Amma özüm gənc bir ifaçıya libas vermişəm. Onsuz da bir paltarı az geyinirəm. Adını çəkməyim, ayıbdır. Əmim oğlunun pencəyini geyinib efirə çıxmışam.
Müğənni Mirkamil Kamilov – Öz qohumlarımdan - dayım oğlundan paltar istəyib efirə geyinmişəm.
Rəqqasə Fatimə Fətəliyeva - Könül Kərimovanın paltarından istifadə etmişəm. Bu yaxınlarda Samira Allahverdi Qar qız paltarı bağışlayıb ki, lazım olanda geyinərsən.
Müğənni Sevinc Ağaşirinova – Mənim libasımdan kimsə istifadə etməyib. Amma mən Röyanın paltarını geyinmişəm, hətta klip də çəkdirmişəm. Bahalı paltarım yoxdur, sadə libaslar geyinirəm. Ən ucuzunu 10 manata almışam.
Xanəndə Elnarə Abdullayeva - Dünya dağılsa da bir paltar geyinərəm, kiməsə demərəm mənə libas ver. Kompleksim yoxdur ki, bu gün, sabah eyni paltar geyindim, camaat məni qınadı. İnsanlara görə küçələrə düşüb paltar tapmalıyam?
Müğənni Roza Zərgərli – Bəlkə kişilərdə bu hal ola bilər. Amma qadınlardan kimsə kiminsə libasını geyinməz. Mənim bir qarderobum var ki, hamısı qaşlı libaslardır. Düşünürəm onları kimə verim?
Aşıq Zülfiyyə - Dəbdəbəli paltar geyinən deyiləm. O cür geyinməyə imkanım çatır, sadəcə sevmirəm. Xoşlamıram kimsə mənim, mən də kiminsə libasını geyinim. Ən bahalı idman geyimimə 1000 dollar, səhnə libasıma isə 300-400 manat vermişəm. Ondan baha deyilənə inanmayın.
Müğənni Mənzurə Musayeva - Pis də olsa, yaxşı da olsa öz libasımı geyinmişəm. Başqasından paltar alıb geyinmək ayıb deyil. Amma heç kimlə elə yaxın münasibətdə olmamışam ki, istəyim. Mənim paltarımı istəyən olub. Ondan sonra onu heç bir efirə geyinmədim. Ən bahalı paltarı 1700 manata aldım, bir dəfə geyinib qaytardım. Qaşları tökülürdü. Ondan sonra bahalı paltar almıram.