Müğənni Əli Mirəliyev bu günlərdə keçiriləcək “Azərbaycan gözəli” müsabiqəsinə münasibət bildirib. Musavat.com-un əməkdaşına danışan sənətçi maraqlı ideyasını açıqlayıb:
“Qoy kişilər üçün də gözəllik yarışı keçirilsin, gedək Qarabağı onlarla birlikdə azad edək. Əsəbləşirəm belə olayları eşidəndə. Bizim torpaqlarımız işğal edilib, onlar burda kef edib gözəllik müsabiqələri keçirirlər. Bu heç doğru deyil. Bir şeyi artıq anlamaq lazımdır ki, ermənilər bizə torpaqlarımızı elə-belə verməyəcəklər. Onlar bu torpaqları bizə qaytarmaq haqqında heç ağıllarından da keçirmirlər. Mən yuxarıdan əmr gözləyirəm, cavab gələn kimi özüm birinci döyüşə gedib, özüm öz əllərimlə o torpaqlarımızı azad edəcəm. Bir azərbaycanlı, professional musiqiçi, əsl kişi kimi mənim ən böyük arzum budur.
Mənim 65 yaşım var, inanıram ki, 70 yaşımda da hələ o torpaqları görə bilməyəcəm. Oturmuşuq burda kef edirik, gah əməkdar, gah xalq artisti yetişdiririk.
Televiziya efirlərində isə biabırçılıqlar baş alıb gedir. Yalandan danışan kim, yaltaqlıq edən kim...Onların üzünü görməmək üçün mən artıq bir ilə yaxındır ki, öz kanllarımıza baxmıram. Nə qədər torpaqlarımız geri qayıtmayıb o kanalara baxmağı özümə boykot etmişəm”.
Qeyd edək ki, bu günlərdə realiti-şou televiziya layihəsi əsasında “Azərbaycan gözəli” müsabiqəsi keçiriləcək. Müsabiqədə ölkəmizin bütün regionlarını əhatə edəcək modellər iştirak edəcək. Model xanımlar azərbaycanın milli geyimlərində yarışacaq.
Xalidə Gəray