Anası azərbaycanlı olan aktrisa məsxərəyə qoyuldu - FOTOLAR

17-02-2015, 19:43   
Anası azərbaycanlı olan aktrisa məsxərəyə qoyuldu - FOTOLAR
Türkiyəli aktrisa Selin Şəkərçi dünən Türkiyə mətbuatına ilk dəfə anasının azərbaycanlı olduğu haqda məlumat verib. Qeyri-adi simasının olduğunu söyləyən aktrisa iri gözlərinin hər zaman istehza obyektinə çevrildiyini deyib: “Gözlərim iri olduğundan uşaqlar məni lağa qoyurdu. Bu cür böyük gözlərin mənim üçün avantaja çevriləcəyini bilmirəm. Atamın nənəsi və ata tərəfim ərəbdir. Anam isə azərbaycanlıdır. Ona görə də belə qarışıq simaya sahibəm”.

Publika.az Selin Şəkərcinin şəxsi həyatı və karyerası haqqında Türkiyə mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Öncə sizi tanıyaq. Selin Şəkərci kimdir?
- Selin İzmirdə dünyaya gələn, anasıyla qucaq-qucağa böyüyən, 25 yaşında, bəzilərinə görə böyük qadın, bəzilərinə görə isə balaca qız uşağıdır. Atamın nənəsi və ata tərəfim ərəbdir. Anam azərbaycanlıdır.



- Hamının asan hesab etdiyi, ancaq əslində çətin sənətə könül vermisiniz. Sizə görə, aktrisalıq nədir?
- Bəzən çox asandır, bəzən də... dəlilikdir. Bəzən bir işi həyata keçirməyib, normal həyatımı yaşayırmışam, üstəlik, pul da qazanırmışam kimi gəlir mənə. Əminəm ki, bu işi ürəkdən görən bir çox aktyor bunu peşə kimi görmür. Mənim üçün də elədir. Sanki bir orqanınız onunla doğulub. Bəzən də söydüyüm ən yaxın adamım kimidir, ancaq başqa heç nə də edə bilmirəm bu həyatda.


- Oynadığınız rolu canlandrmaq çətindir? Bəzən Selini unudursunuzmu?
- İndiyədək, bəlkə, gəlmədiyi üçündür, çox çətinlik çəkmədən içimdən tər-təmiz şəxslər çıxdı.. Özümü heç vaxt unutmadım. Unutsam, bu, dəliliyə çevrilər, içimdəkiləri də xəstə edərəm...



- Selinin dünyası barədə danışa bilərsiniz?
- Əslində, o hələ də böyüməyib. Uşaq vaxtı Harry Potter fanatı idim. Bəlkə də, xəyalpərəstliyim ondan qaynaqlanır. Orada bir sehr var idi. Hermonie balaca bir çadıra “bilinməyən böyütmə sehri” etmişdi və çadırın içinə girdiyiniz vaxt o, hər ehtiyacınızı qarşılayacaq böyük bir evə çevrilirdi... Bax, mənimki də kənardan balaca görünən, ancaq mənim bir əsa toxunuşu ilə nəhəngləşdirdiyim görünməz bir dünyadır. Özüm, seçilmiş bir neçə dost, bol qəhvə, bol söhbət, gülüşlər, kitab, musiqi... Kiməsə görə böyükdür, kənardan kiçikdir..


- Xəyallarınız və həqiqi hədəfiniz nədir?
- Xəyallarım... Əslində, bir çoxunu həyata keçirdim. Şansım gətirdi, mən də çox işlədim. Səyahət etmək, çox yer görmək, fərqli musiqilərlə tanış olmaq, daha qaneedici rollar ifa etmək istəyirəm. Bilmirəm, bəlkə, ağlımdan çıxanları da var. Xəyallarım var, sanki sehrli süpürgə ilə uçuram. Əsas hədəfim isə bacımı oxutmaqdır. Sonra faydalı biri olmaq, ailəmi sevindirmək, sevdiyim adamı həmişə xoşbəxt edə bilmək... Təbii ki, sənətimdə uğur qazanmaq da var, ancaq əsl hədəfim layiq olduğum şəkildə yaşaya bilməkdir.




- Maneəsiz yol olmur. Sizə bu yolda maneə yaratmaq istəyənlərə ən yaxşı cavabınız nə olub?
- O qədər çox olub ki... Yeganə cavabım əslində mənə verilən qabiliyyətdir. Oynadığım hər rolda, çox şükür ki, alqış qazandım. Qürurlandım... Etdiklərim bacardığımın ən yaxşısı deyil. İşlərim müzakirə oluna bilər, ancaq həmişə alqış qazandım. Heç kimə də mane olmamağa çalışmışam. Bir də vicdanım böyük cavabım oldu...


- “Melekler Korusun” və “Kaçak gelinler” seriallarını izlədiyim vaxt eyni duyğu və səmimiyyəti gördüm. Bu, yəni səmimiyyət komanda üçün çox əhəmiyyətlidir?
- Komanda üçün də, layihə üçün də səmimiyyət çox əhəmiyyətlidir. Bu olmadığı vaxt ifa etmək çətinləşir. Səmimi layihələrlə bağlı xüsusi seçim etməmişəm, amma belə alınıb. Nəticəsi də həmişə yaxşı olub.




- Bir az da ədəbiyyatdan danışaq. Sizə görə ədəbiyyat nədir?
- Ədəbiyyat uşaqlığım, ən sevdiyim müəllimim, aktrisalığa başlama səbəbimdir. Oxuduğum romanlar, onlarla yaşadığımı anlamağım, onlara can vermək arzusu – aktrisa olmağa sövq edən ən əhəmiyyətli ünsürlərdir mənim üçün. Şeirlərin ahəngi, oxunarkən mahnıya çevrilməsi, tənhalığımı bölüşən kitablar... Ədəbiyyat varlığıma toxundu. Cümlə qurmağıma təsir edən, mənalı sözlərlə xarakterimi zənginləşdirən, məni fərqli edən bir şeydir ədəbiyyat.


- Eşq ədəbiyyatı yaratdı, ya ədəbiyyat eşqi?
- Eşq özünü ifadə edə bilmək üçün ədəbiyyatı yaratdı. Ədəbiyyat eşqi ifadə edə bilər, amma yalnız çərçivəyə salar. Eşqi tam şəkildə hansı söz ifadə edə bilər ki? Ədəbiyyat eşqin aynasıdır. Ancaq eşq ədəbiyyatdan ülvidir.




- Gənclərin ədəbiyyata olan maraq və sevgisi azdır. Bu barədə oxuculara nələr demək istərdiniz?
- İnkişaf, texnologiya həyatımıza çox sayda rahatlıq gətirmiş olsa da, anında və asan şəkildə əldə olunan informasiya mütaliəni azaldıb, onu kor etdi. Kor olduqca da yaradıcılıq azaldı və insan ədəbiyyatdan uzaqlaşdı. Nə yaxşı ki, bunun üçün mübarizə aparan bir qrup gənc hələ də var. Oxuya, yaza bilmək, çoxlu sayda dünyalar yaratmaq və tanıtmaq imtiyazdır, başqa baxış tərzinə sahib olmaqdır. Bundan niyə imtina edək ki?


- Eşqi necə ifadə edərdiniz?
- Əzabını hiss etmək kifayətdir. Bax, bu cür qəribə və şirin...




- Sizi sevən və həmişə sizə dəstək olanlara buradan nə demək istərdiniz?
- Sevilmək və dəstək görmək möhtəşəm hissdir. Sadəcə, nöqsansız görünmək, müqəddəsləşdirilmək mənim ən böyük narahatçılığımdır. Hər kəs eynidir. Hər birimizin gözəl və qüsurlu tərəfləri var. Bunu heç kəs unutmamalıdır.

- Selin üçün ailə nə deməkdir? Rahatlıq və sevgi ocağı?
- Ailə, təmənnasız sevgi, güvən, əslində çox bələd olmadığım ana, bacı və sevgili, bəlkə, bir gün məndən bir parça olacaq uşaq... Tanış olacağım, çox yaxşı tanımadığım yeni bir şeydir.



- Seçdiyin peşə sahəsində nələrdən şikayətçisiniz?
- Şablonlardan. Güvənin olmadığı yalan üzlərdən. Hərislikdən, ən çox hərislikdən. Şüara çevrilən eqositlikdən. Təbii ki, əmək oğurluğundan, bu qədər işləməyə verilməyən qarşılıqdan...


- Yazıçı olsaydınız, hansı mövzulara əhəmiyyət verərdiniz?
- Çox güman ki, eşqdən bəhs etməzdim. Xəyallardan ibarət, həqiqət olmayan, ancaq bir çox həqiqətə toxunan Ursula K. Le Guin kimi bir yazıcı olmaq istəyərdim. Dinə, eşqə, ailəyə, siyasətə və hər şeyə yumşaq şəkildə deyinən böyük bir xəyal dünyası, mif, bəlkə də, heç vaxt olmayan dünyaların içində...



- Canlandırdığınız hər xarakter Selindir?
- Oynadığım hər xarakter əsla Selin deyil. Ancaq bir parçamı qatmasam, həqiqət olduğuna inandıra bilmərəm.

“Qəzada topuğumun bir hissəsini itirdim”

- Aktrisalığa başlamamışdan öncə solist və balerina idiniz. Niyə aktrisalığa yönəldiniz?
- Balet həyatımda yoxdur artıq. Çünki qəza keçirdim, topuğumun bir hissəsini itirdim.




- Necə yəni?
- Qəza keçirdim, ayağım çürüdü. Topuğumun bir hissəsini amputasiya etdilər. Altı ay xəstəxanada qaldım, dörd əməliyyat keçirdim. Çox ağır proses idi. Dolayısı ilə rəqs tamamilə həyatımdan çıxdı. Artıq riskli bir şeydir mənim üçün. Aktrisalıq isə mənə görə sürpriz deyil. Belə bir iş görəcəyim illər öncədən məlum idi. Rəqs edər, uşaqkən mikrofonla güzgünün qabağına keçib mahnı oxuyar, öz-özümə reportajlar hazırlayardım.


- Bir dəqiqə, güzgünün qabağına saç darağıyla keçmirdiniz? Uşaqlar həmişə belə edir, heç kim mikrofon götürmür...
- Heç saç darağım olmadı ki. Mənim həqiqətən də mikrofonum vardı. Hətta həmişə qrimlənmiş olurdum. Səhnə işqıları altında olacağım o vaxtdan məlum idi, “yalnız balet” deyə düşünərkən məcburən aktrisalığa yönəldim.


- Bəs musiqiylə necə oldu?
- Aktrisalıqla birlikdə davam edir. Onsuz da, teatr üçün də səs təhsili almaq şərtdir. Mən musiqini aktrisalığa dəstək üçün istifadə etsəm də, dostlarım albom gözləyirlər. Bir gün onun da vaxtı gələr. Amma tezliklə albom çıxarıb, həyatım boyunca bununla məşğul olmaq kimi bir xəyalım yoxdur.



- Niyə olmasın?
- Cəmi üç bəstəm var. Onlarla kimə nə göstərib, özümü isbat edəcəyəm?


- Mahnıları başqalarından almaq problemdir?
- Başqasından mahnı alıb, bununla nəsə etmək mənə səmimi gəlmir. Qısacası, albom işinə çox var.


”Məni çox yorduğundan, artıq “reiki” ilə məşğul olmuram”

- “Reiki” ilə məşğul olurdunuz. Yenə insanları müalicə edirsiniz?
- Uşaqlara böyüklər həmişə “Buram ağrıyır, buram acıyır, gəl qızım, bir masaj elə” deyirlər, mənə də elə deyirdilər. Həmin vaxtlarda əlimdə şəfa olduğunu söyləyirdilər. Bunu anladığım yaşa gəldiyim vaxt təhsil aldım. İlk vaxtlar çox aktiv idim. Hətta master oldum. Ancaq indi keçmişdəki kimi məşğul ola bilmirəm.


- Niyə?
- “Reiki”də birinə şəfa verərkən özün də şəfa tapırsan. Texniki baxımdan pipet vəzifəsini icra edirsən, aldığını verirsən. İfrat şəkildə yüklənincə çox yorulursan. Hopa bölgəsinə ilk getdiyimiz vaxt iqlim şərtlərinə görə tez-tez xəstələndik. Həmin vaxt adımı “Florence Nightingale”ə çıxarmışdılar. Hopadakı proses məni çox yordu. Ona görə də dünyəvi işlərlə daha çox məşğul olmağa başladım.


- Bir müsahibənizdə “Tənha qalmaq ən böyük qorxumdur” demisiniz. Hələ də bu qorxunuz varmı?
- Var. Tənha qalmağı və təkbaşıma vaxt keçirməyi sevirəm. Ancaq həyatımda mənə yaxın insanların olduğunu bilməyə də ehtiyac duyuram.



- Bunun səbəbi nədir?
- Bəlkə də, tipik olacaq, ancaq mən atasız böyüdüm və anam da həmişə işləmək məcburiyyətində idi. İstanbula erkən yaşda gəldim. Onun da qorxusu var idi. İş gördüyüm sektorda hər an hər şey ola bilər. Burada ağıllı hərəkət etməlisən. Güman ki, bütün bunlar da qorxumu çoxaltdı. Tək halımla heç nə edə bilmirdim. Nə yemək yeyə, nə də tətilə çıxa bilirdim. Sonra nəfəs terapiyasına getdim və səkkiz gün bir yerə tək getməyi bacardım.


“Ailə qurumu ilə işim yoxdur”



- Serialda eşqin arxasınca qaçıb duracaqsınız. Yaxşı, bəs realda xəyalınızdakı ailə necədir? Özünüz üçün nə cür ailə portreti təsəvvür edirsiniz?
- Anam məni təkbaşına böyüdüb. Əslində, ailə qurumu ilə çox işim yoxdur. Mənim üçün ailə uzun müddət sadəcə ana demək idi. Gələcəkdə ailəm ola bilər, ancaq ideal ailə necədir, bu barədə heç bir fikrim yoxdur. Hər an uşaq da dünyaya gətirə bilərəm, amma yenə də “gələcəkdə iki uşağım olsun, belə həyatım olsun” deyə bilmirəm. Çünki elə bir örnəyim yoxdur.

Aydan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.