“Elnur Hüseynov bu qələbəni Türkiyədə deyil, Azərbaycanda qazanmalıydı”.
Bunu xalq artisti Flora Kərimova Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasında birinci yerin qalibi olmasına münasibət bildirərkən deyib.
F.Kərimova vurğulayıb ki, Elnur Hüseynova qarşı öz vətənində laqeydlik göstərilib: “Elnur Hüseynovun qabiliyyətinə, səsinə qiymət verilməliydi. Təəssüflər olsun ki, o bu qiyməti ala bilmədiyi üçün başını götürüb getdi. Düzdür, getdiyi ölkə qardaş ölkədir, amma axı biz özümüzə vaxtında niyə qiymət verə bilməməliyik ki? Qiymətimizi bilmirik, qiymətlilərimizi qoruyub saxlamırıq. Belə insanları qorumaq lazımdır. Laqeydlik göstərmək olmaz. Mən bilirəm, bu qələbə nə qədər çətindir. Nə qədər sevincli olsa da, ağırdır. Bu şöhrəti o, öz ölkəsində qazanmalıydı”.
F.Kərimovanın fikrincə, Elnuru nədəsə suçlamaq, onu pisikdirmək ədalətsizlikdir: “Onda gərək, Faiq Ağayevi ümumiyyətlə, səhnəyə buraxmayaydılar, fəxri ad verməyəydilər, çünki onun da “suçu” var idi. Faiq Ağayev kimi cinsinə nankor olanlara insanlarımız dözürdüsə və göz yumurdusa, gərək, Elnuru hansısa söz-söhbətin qurbanı etməyəydilər”.
Sənətkarın sözlərinə görə, E.Hüseynova vaxtında qiymət verilməli idi: “Bəh-bəhlə Elnur demək indi asandır. Onunla “Avroviziya”da birgə oxuyan Samirin səsinə, perfomansına qiymət verilməli idi. Bunu etmədilər. İçi mən qarışıq haqqımızı itirdilər. Mən cəmiyyətdə sözümü deyirdim, amma yeri gələndə fikrim ümumi fikrə təsir etdiyinə görə rəyimi soruşmurdular. Biz hələ qədir bilməyi öyrənməmişik. Ancaq qədir bilmək vərdişə çevrilməlidir. Yaxşının qədrini, torpağın da qədrini bilməsək, onda biz nə millətik?”
Qeyd edək ki, azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyədə keçirilən “O səs Türkiyə” yarışmasına qatılıb və qalib gəlib. O, öz ifası ilə qısa bir vaxtda Türkiyəni təəccübləndirib. (aznews.az)