Hər gün taksidə və ya ictimai nəqliyyatda `bayağı` deyilən musiqili meyxanalar eşitməli oluruq. Bayağı musiqilərin kütləviləşməsi artıq gündəlik həyatımızın reallığıdır.
Həmin mahnıların bəziləri narkomaniyanı, alkoqolu, pis vərdişləri təbliğ edir. Bəzən bu `meyxana-mahnı`ların mətnində yolverilməz ifadələr olur.
Hər kəs bu cür musiqilərə mənfi yanaşdığını desə də, internet məkanındakı vəziyyət əksini göstərir. Belə ki, “Youtube” portalında bu cür musiqilər ən yüksək reytinqə malikdirlər. Onların baxış sayı səviyyəli hesab olunan mahnıları xeyli qabaqlayır.
Youtube-da ən çox dinlənilən bayağı mahnıların İlk 10-luğu belədir:
10. Orxan Dəniz & Aysel Sevməz - `Astarojna` - 1.012.915 baxış
9. Elnur Valeh - `Şıkı-şıkı baba` - 1.088.915 baxış
8. Gülağa - `Hayıf Məndən` – 1.104.528 baxış
7. Samir İlqarlı & Elvin Günəşli & Tural Səda - `Padxod` - 1.185.255 baxış
6. Üzeyir Mehdizadə - Yaxşı olar – 1.219.152 baxış
5. Balabəy – `Səssiz Gecələr` - 1.263.260 baxış
4. Mahir - `Ay brat` - 1.335.008 baxış
3. Orxan Dəniz ft Aşıq Səbuhi – `Mənim balam bal dadir` - 1.492.133 baxış
2. Məsud ft Elmin - `Rakka Ciko` - 2.188.784 baxış
1. Üzeyir Mehdizadə ft Enya – Yadımdadır – 2.575.260 baxış
Bəs bu cür musiqilərin belə geniş miqyasda kütləviləşməsi nə ilə bağlıdır?
Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov bildirib ki, internet məkanına o qədər də marağı olmadığı üçün, orada kimin reytinqinin yüksək olmasından xəbərsizdir: “Kompüterlə o qədər də maraqlanmıram. O baxımdan, kimlərin reytinqinin yüksək olduğunu deyə bilmərəm. Bununla bağlı nə isə fikir bildirsək də, əhəmiyyəti yoxdur. Çünki yenə belə musiqilər olacaq, əsəb isə özümüzə qalacaq”.
Bəstəkar Tural Bakuvi isə bildirib ki, bu tendensiyanı bəlli bir dinləyici kütləsinin ümumi savadsızlığı və intellekt qıtlığı ilə əlaqələndirir. Çünki elə insanların zövqü yüksək olmur:
- Onlar üçün dərin mənalı mətnlər və dərin harmoniya anlaşılmaz olur. Buna görə də asanlıqla başa düşəcəkləri, öz məişətlərinin əks olunduğu həmin bayağı mahnıları dinləyirlər. Əslində bunlara mahnı da demək düzgün deyil, sadəcə, musiqili mətnlərdir.
Bəstəkarın sözlərinə görə, bu cür mahnılar olmalıdır da olacaq da: `Qərbdə də blüz, caz kimi janrlarla yanaşı, rep sevən dinləyicilər də mövcuddur. Hər kəs öz mənəvi və intellektual səviyyəsinə uyğun mahnı dinləyir.http://xana.az/