Təranə Qumral: “Saçlarını elə yığır ki, qulaqları “Qaz-53”ün güzgüsünə bənzəyir” - ÖZƏL

9-03-2015, 19:19   

Dünya ulduzlarını televiziya ekranlarından heyranlıqla izləyib gözəlliklərindən ağızdolusu danışırıq. Ancaq onların əsl siması kameralar görüntünü yaxınlaşdırdıqca üzə çıxır. Məlum olur ki, “gözəl” deyib, gözümüzə “su verdikərimiz” çopur, civzəli, çilli adi qadınlardır.

Azərbaycanda isə gözəlliyi nəinki ekranlardan, elə həyatdan da dillərə dastan olacaq məşhurlarımız var. Elə götürək, Təranə Qumralı. İndiyədək sevgisindən çox danışdığımız müğənni Təranə Qumralın gözəlliyi başına bəladır, yoxsa, əksinə?

İlk baxışdan belə görünür ki, 3 qız anası olan Təranə Qumralın üzünün, dərisinin gözəlliyindən illər heç nə apara bilməyib. Yaşının üstünə yaş gəldikcə gözəlliyinin üstünə də nur çöküb. Özü bu fikirdədir ki, gözəl yox, nurlu insandır. Bizim gözümüzə gözəl görünən də həmin nurun saldığı şölədi.

Ancaq biz bu cavabla qane olmuruq. İllah ki, o sirri öyrənməliyik.

Onun bu gözəlliyi qorumaq üçün nələrə əl atdığını bilmək istəyirsinizsə, yaxın oturun. Təranə Qumralın gözəllik sirrlərini əri Musa Musayev açıb tökəcək. Çünki Təranə xanımın gözəlliyinin sirrini öyrənmək üçün onu sıxışdırdığımız söhbətdə müğənninin bəstəkar əri Musa Musayev də iştirak edir:

- Onu günü-gündən solduran deyil, sevgisi ilə yeni ruh verib gözəlliyinə gözəllik qatan əri Musa Musayev belə bir qadının əri olmaqdan narahat deyil ki?

- M.M. (Musa Musayev): Əlbəttə, narahatam. Onu itirməkdən çox qorxuram.

- Təranə xanım, bizi də çoxları kimi, gözəlliyinizin sirri çox maraqlandırır...
- T.Q: (Təranə Qumral) Gözəl deyiləm, nurluyam. Ürəyimin gözəlliyi üzümə vurub. Daxilən gözəl olduğumu bilirəm. Düşünürəm ki, üzümdə gördüyünüz həmin o daxili gözəlliyimdi.

- Özünüzə necə qulluq edirsiniz?

- T.Q: Qızlarımdan da soruşurlar ki, anan nə edir ki, elə gözəl görünür. Əslində, heç nə eləmirəm. Sadəcə, yediyimə-içdiyimə diqqət edirəm.

- “Diqqət edirəm”, – deyərkən nəyi nəzərdə tutursunuz? Məsələn, nəyi yeyir, nəyi yemirsiniz?

- T.Q: Seçib yeyirəm. Satışda olan meyvə şirələrini içmirəm. Hətta susuzluqdan ölsəm də. Meyvəni təzə-təzə çəkib içirəm. Nar, alma şirəsi içirəm. Hətta başqa ölkələrdən gətirilən meyvələrdən də yemərəm . Düşünürəm ki, bədənim onu tanımır. Yesəm, orqanizmimin nə reaksiya verəcəyini bilmirəm. Ona görə də, tanımadığım meyvəni, ərzağı yemirəm.


- M.M: Salat yeməz. Qara çörəklə bəyəndiyi bir yeməyi yeyib durur.

- Bəs, siz nə yeyirsiniz Musa müəllim. Siz də Təranə xanım kimi yeyib-içdiyinizə diqqət edirsinizmi?

- M.M: Mən daşdan yumşaq nə olsa, yeyirəm. Ancaq çalışıram az yeyim.

- T.Q: Çalışır az yesin. Bura gələndə bir qab aşı çörəklə yeyib çıxıb. Qarnı da çıxır.

- O qədər də hiss olunmur...

- T.Q: Boyu hündürdür, deyə nəzərə çarpmır. Həm də onu elə geyindirirəm ki, qüsurları üzə çıxmır.

- Deməli, gözəl görünüşdə geyimin rolu çox böyükdür?

- T.Q: Əlbəttə. Elə adamlar var ki, eybini bilmir. Məsələn, əyri ayaqlı qadın qısa geyinib qüsurunu ortaya qoyur, ya da şəlpə qulaq qadınlar saçlarını elə yığır ki, qulaqları “Qaz-53”ün güzgüsünə bənzəyir. Məncə, insan həm yediyinə, həm də geyindiyinə diqqət etməlidir. Həzm edə bildiyini yeməli, yaraşanı geyinməlidir.

- Çoxları gözəl görünmək üçün idman zallarından çıxmır. Siz idman edirsinizmi? Formada qalmaq üçün də, elə sağlam olmaq üçün bəzi məşqlər vacibdir.

- T.Q: Əslində, sağlamlığımı qoruyuram. Ev şəraitində idman edirəm. Aerobika ilə məşğul oluram, qaçış bantı var, onunla yeriyirəm.

- Bu kifayət edirmi?

- T.Q: Mənim başqa yerlərə xərcləyəcək vaxtım yoxdu. Hətta nə qədər boş vaxt tapsam, sənətə yox, övladlarıma həsr etmişəm. İndi də vaxtımı balaca qızımla keçirirəm. Odur ki, idman zallarında itirəcək vaxtım yoxdu. Hamı mənə irad tutur ki, qızı niyə belə eləmisən. Özüm yedirirəm, özüm içirdirəm. Özü heç nə etmir. 7 yaşında olmasına baxmayaraq, təkbaşına geyinə bilmir, yeyə bilmir. Ola bilər ki, düz eləmirəm. Ancaq başqa cür bacarmıram. Onunla vaxt keçirməkdən, hər şeyi bir tərəfə qoyub bütün vaxtımı uşağıma həsr etməkdən zövq alıram.

- M.M: Ailəyə, uşağa bağlılıq ona ailəsindən miras qalıb. Atası da, anası rəhmətə gedəndən sonra övladlarına həm ata, həm də ana oldu. Heç vaxt da evlənmədi.

- T.Q: İnsana hər şeyi taleyi, bəxti yaşadır. Hamının taleyi onlar anadan olmadan yazılır. Anamı 5 yaşımda itirmişəm. Mən özüm ana görməmişəm. Ona görə də övladlarıma ana olaraq bütün sevgimi, özümü həsr etmişəm. Övladıma sevgi verərək təsəlli tapmışam. Həmişə düşünmüşəm ki, deməli, anam olsaydı, o da məni bu qədər sevərdi. Anamızdan sonra atamız bizə baxdı. Musa düz deyir. Anamdan sonra da evlənmədi. Sevgisinə sadiq qaldı. Valideynim İrandan qaçıb. Onları Araza töküblər. Araz çayı ilə keçib İran vasitəsi ilə Azərbaycana qaçıblar. Mənim valideynlərimin taleyinə də bu yazılıb. Ancaq mən qaçqın olmamışam. Heç nəyin arxasınca da qaçmamışam. Pul, şan-şöhrət də gözəllik kimi özü gəlib məni tapıb. Bunları mənə Allahım verib. Elə olub ki, İsrailə getmişik, 500 min dollar pul gətirmişik ordan. Halbuki o pulu ömründə bir arada görməmişdik. Bu, Allahın verdiyidir. Əsas odur ki, nə mən, nə də Musa bir dərman belə atmırıq. Hər ikimiz sağlamıq. Sağlamlığım da mənim ən böyük var-dövlətimdir. Düzdü, deyirəm , ancaq qorxuram da. Sevgimizi gözə gətirdilər, indi də sağlamlığımıza göz dəyəcək.

- Bəs, belə sağlam olmaq üçün nə edirsiniz? Hər halda, Musa müəllim də sağlam olduğuna görə, evdə tətbiq etdiyiniz ümumi qayda var...

- T.Q: Həmişə deyirəm ki, insan yemək mədəniyyətindən bəlli olur. Qadınlar var ki, süfrədə 10 növ salat olsa, hamısından yeyəcək. Ürəyi də sıxılsa, yenə yeyir. Mən məəttəl qalıram ki, bu yeməyi hara yığırlar.

- M.M: Yemək də, gəzmək də hamısı insanlar üçündür. Ancaq qədərində olmalıdır. Təranə xanım görməmiş insan deyil. “Hökmən yeməliyəm”, - demir.

- Estetik əməliyyat etdirmisinizmi? Ya da bəlkə fikriniz var?

- T.Q: Estetik əməliyyat dəb halı alandan bəri xoşagəlməz vəziyyət yaranıb. İnsanlar biri-birinə oxşayır. Nəinki məşhurlar, hətta adi adamların da burnu elə bil inqibatordan çıxıb. Sərçə burunlar ölkəni bürüyüb. Hələ eyni cür dombaldılmış yanaqları demirəm. Lap adamın gözünü yorur. Bəlkə lazım olsa, mən də elətdirərdim. Ancaq allah məni elə yaradıb ki, hər hansı əməliyyata ehtiyacım yoxdu. Hərdən fikirləşirəm ki, burnum bir az uzundu. Ancaq dərhal ağlıma gəlir ki, birdən əməliyyat etdirərəm, daha da pis olar. Çox qorxuram əməliyyatdan. Ümumiyyətlə, qorxağam. Dəyişiklikdən də qorxuram. Tez-tez estetik əməliyyat etdirənlərə də qibtə edirəm. Düşünürəm ki, elə dəyişərəm, qəbul etdirmək çətin olar. Dodağın doldurulması da dəb olub. Qadınların burunları kimi, dodaqları da bir-birinə bənzəyir. Anlamıram ki, o dodaqlarını niyə o qədər şişirdirlər. Kimə baxırsan, dodağı özündən 5 metrə uzaqda durur.

- Musa müəllim, Təranə xanımda əməliyyata ehtiyac hiss edirsinizmi?

- M.M: Mən Təranədə heç bir qüsur görmürəm. O mənim qüsursuz gözəlimdi. Ancaq o mənə burnum uzun olduğunu deyə bilər.


SƏADƏT
//publika.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.