“Bizi şəhər Su-Kanal İdarəsinin müdiri Mirmuxtar Məmmədovun zülmündən xilas edin”
Şirvan şəhərinin sakinləri prezidentə müraciət ünvanlayıblar. Onlar prezidentdən su istəyiblər.
Müracidətdə deyilir: “Qoy gəlib bizim çəkdiyimiz zülmü gözü ilə görsün. Hələ yay mövsümü başlamamış, havalar tam qızmamış Şirvan şəhər Su-Kanal İdarəsinin müdiri Mirmuxtar Məmmədov suya həsrət qoyub. İllərdir ki, su ilə imtahana çəkilərək dözülməz şəraitdə yaşayırıq. Hazırda Şirvan şəhərinin təzə şəhər yaşayış massivində M.Əsədov, M.S.Ordubadi, A.Mustafayev, Ə.Qarayev, M.Aydınov küçələrində təxminən 500, şəhərin Çılpaqlı adlanan yaşayış massivində şəhid E.Əzimov adına küçəsində isə 38 ailə əllərimizdə vedrə su axtarırıq. Bilmirik çörək, alaq yoxsa 20 manat verib maşınla su. Su-Kanal İdarəsinin müdirinə dəfələrlə müraciət etmişik. Amma müraciətlərimizə cavab, bizə su verən tapılmır".
Şirvan sakinləri deyir ki, prezidentin təşəbbüsü ilə Talış su kəmərindən rayonlara çəkilən su xətləri şəhərin müəyyən hissəsinə qədər uzanıb: “Biz zavallı insanlar həmin xətlə gələn suyun rəngini belə görməmişik. Mirmuxtar Məmmədov idarə rəisi təyin olunandan sonra iri həcmli su nasoslarını dəyişərək kiçildib ki, enerji çox istifadə olunmasın və pul az ödənilsin. Nasosların həcmi kiçik olduğundan su əhaliyə gedib çatmır. O, əhalini su ilə təmin etməkdə maraqlı deyil. Ona görə ki, idarənin yanında su çəni olan ağır yük maşınları gəlib hər biri 5 manat ödəməklə su doldurub aparıb sakinlərə satırlar”.
Şikayətçilərə görə, onların müraciətlərini eşidən yoxdur: “Məmmədov deyir ki, Şirvan şəhərinin əhalisi illərlə susuz qalsın, mənə ”gözün üstə qaşın var" deyən olmayacaq. Ona görə İlham Əliyevə müraciət edərək xahiş edirik ki, bizi Mirmuxtar ağanın zülmündən xilas eləsin".