Türkiyəli müğənni Kayahan sabah dəfn ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə Türkiyə KİV-ləri xəbər yayıb. Camal Rəşid Rey konsert salonunda mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra sənətçinin cənazəsi Təşvikiyə məscidinə götürüləcək.
Bundan başqa, müğənninin vəsiyyəti də açıqlanıb. O, dəniz mənzərəsi olan məzarlıqda dəfn olunmasını vəsiyyət edib. Bu səbəbdən ailəsi mərhumu İstanbulun Qanlıca qəbiristanlığında dəfn edəcək. Bu məzarlıq dənizə yaxın yerləşir.
Müğənninin digər vəsiyyəti isə dəfn mərasiminə və məzarına gül və çələng gətirilməməsi barədə olub. O, bunun əvəzində Türkiyənin Məhmətçik Vəqfinə ianə edilməsini istəyib.
Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətkar müalicə aldığı xəstəxanada həyatını itirib. O, tənəffüs çatışmazlığından əziyyət çəkirdi.