Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən məmur övladının atası işdən çıxarılıb. APA xəbər verir ki, bir neçə gün əvvəl Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. Dövlət Gömrük Komitəsindən Ə. Həsənovun işdən çıxarılması xəbərini təsdiqləyiblər. Qeyd edək ki, T. Həsənov və bir neçə gün əvvəl “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub. Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.