140 milyardlıq "Böyük Bakı"

20-05-2014, 10:29   
140 milyardlıq "Böyük Bakı"
Paytaxtda ciddi dəyişikliklər olacaq, yeni böyük layihələr var. 2030-cu ilə qədər Bakının büsbütün dəyişəcəyi gözlənilir. Buna səbəb günlər keçdikcə paytaxtda baş verən sıxlıqdır. İnsanların rayonlardan mərkəzə doğru üz tutmaları paytaxtda ciddi problemlər yaradıb. “Böyük Bakının Regional İnkişaf Planı” təsdiqlənəndən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir. “Böyük Plan”a əsasən, iri sənaye müəssisələrinin mərkəzdən köçürülməsi, seyrək məskunlaşma yerlərində sıxlığın artırılması, çoxmərtəbəli yaşayış binalarının tikintisi, yararsız və çirklənmiş torpaqların bərpası nəzərdə tutulur. Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, Dəmiryol Vağzalının ərazisi kiçildiləcək. Dənizkənarı Milli Park isə əksinə böyüdüləcək. Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur. Şübhəsiz, yeni plan Bakıda sıxlığın aradan qaldırılmasında müsbət rol oynayacaq. Bakı ətrafında yeni peyk şəhərlərinin və qəsəbələrin salınması da yeni plana əsasən gündəmdədir. Hazırda konsepsiya ətrafında müzakirələr aparılır. Paytaxtda əhalinin sayı 2011-ci ilin statistikasına əsasən, 2,6 milyon nəfərdir ki, 2030-cu ildə bu rəqəm 3,850 000 olacaq. Bunun müqabilində 15 ildən sonra mənzillərə də tələbat artacaq. Yeni planda 300 mindən artıq yeni mənzilin tikintisi planlaşdırılır. Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda söküntü işləri “Sovetski” adlanan məhəllədə aparılır. Bundan əlavə “Xutor”, “Kubinka”, “Beşmərtəbə” adlanan zona və “20-ci sahə”də söküntü işlərinin aparılacağı gözlənilir. “Böyük Bakının Regional İnkişaf Planı”na əsasən, “Qara şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur. Bununla yanaşı, “Bakı Ağ şəhər” bulvarının salınması istiqamətində də işlər aparılır. “Bakı Ağ şəhər” ölçülərinə görə Monakodan böyük və “İçərişəhər”in ərazisindən 11 dəfə artıq olan 221 hektar ərazini əhatə edəcək və bu, məkanı Qafqaz regionunun ən iri layihəsinə çevirəcək. İlin sonuna qədər o istiqamətdə əlavə 2 kilometr bulvar, avtomobil yolu, ictimai yerlər, parklar salınacaq. Bulvar “Ağ şəhər”dən Bibiheybətə qədər uzanacaq. Şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. “Böyük Bakı” layihəsinin maddi dəyəri 139.597 milyard manatdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.