Azərbaycanın 1 nömrəli məsələsinə dair ilginc iddia ; Uzun illər danışıqlar prosesinin içində olmuş nüfuzlu erməni diplomatına görə, bundan ötrü Azərbaycanın Kremlin üç şərtini ödəməsi kifayətdir; Şahnazaryanın arqumentləri Bakıdakı bəzi iqtidaryönlü siyasətçilərin Qarabağ çağırışları ilə həmahəng səslənir, Morninqstarın sərt açıqlamasının daha bir pərdəarxası...
Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Vaşinqtondakı Kornegi Mərkəzində Qarabağa dair səsləndirdiyi təkliflər 20 illik danışıqların bir növ son akkordu oldu. Ermənistanda isə bu təşəbbüs həm də Köçəryan-Sərkisyan dönəminin tənqid və təftişinə yol açdı.
Gözlənildiyi kimi, iqtidardakı “Qarabağ klanı”nın siyasi opponentləri, ələlxüsus da vaxtilə mərhələli həll planına görə hakimiyyətdən uzaqlaşdırılan prezident Levon Ter-Petrosyanın komandasının aparıcı fiqurları (Jirayr Liparidyan, David Şahnazaryan və s.) bu tənqid yağışının əsas təşkilatçılarına çevrildilər.
Onlardan biri - 1992-95-ci illərdə prezidentin (Ter-Petrosyan) xüsusi tapşırıqlar üzrə səfiri işləmiş, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, qərbpərəst mövqeyi ilə tanınan politoloq David Şahnazaryanın açıqlamaları yetərincə maraq doğurur. Bu, həmin Şahnazaryandır ki, Rusiyanın Güney Qafqazda hərbi mövcudluğunun region ölkələrinin hamısı üçün ən böyük təhlükə olduğunu, bölgədəki ixtilafların həllinə ən böyük əngəli Moskvanın yaratdığını dəfələrlə bəyan edib.
“Status-kvo mütəmadi şəkildə və İrəvanın ziyanına dəyişməkdədir...”
Erməni portallarından birinə son müsahibəsində də o, ilk öncə bu amilə toxunub, deyib ki, İrəvan Minsk Qrupu çərçivəsində fəallaşmaya yardım etməli, Uorlikin təklifləri əsasında Böyük Sülh Sazişi və “Yol xəritəsi” hazırlanması işinə hazır olduğunu bəyan eləməlidir: “Belə bir siyasətin ardıcıl həyata keçirilməsi Ermənistanın və Dağlıq Qarabağın Rusiya imperiyası tərkibində təzədən peyda olmaması üçün bəlkə də axırıncı şansdır. Bunun alternativi isə artıq elan olunan Putin-Duqin Rusiya proqramı olacaq, hansı proqrama görə ki, Moskva Dağlıq Qarabağ problemini nizamlayan yeganə tərəf qismində çıxış edəcək, çünki Minsk Qrupu neytrallaşdırılacaq və Ermənistanın əvəzinə Azərbaycanla Rusiyanın özü danışıqlar aparacaq”.
Politoloqa görə, Moskva Azərbaycana artıq öz təkliflərini çatdırıb: “Onlar aşağıdakılardır: Qərblə sıx siyasi və energetik əməkdaşlıqdan imtina eləmək, Rusiyanın siyasi və iqtisadi nəzarət məkanına qayıtmaq və Azərbaycanda Rusiyanın hərbi mövcudluğuna razı olmaq (RF-nin 1 nömrəli hədəfi). Bunların qarşılığında Moskva Dağlıq Qarabağ və onun ətrafındakı əraziləri qaytarmağa hazırdır. Kremlin bu planları Putinin neo-imperiya siyasətinin çərçivələrinə sığır. Bu planlar Qarabağ məsələsi ətrafında yeni situasiyanın yaranmasına gətirib ki, bu da bütün münaqişə tərəflərinin maraqları üçün ciddi təhlükə kəsb edir”.
“Beynəlxalq birlik Ermənistanı artıq Putinin neo-imperiya siyasətinin tərkib hissəsi kimi qəbul edir”
Şahnazaryan hazırkı status-kvonun dəyişməz qalmasının həm də digər bir neçə amilə görə erməni tərəfi üçün qeyri-məqbul və təhlükəli sayır: “Birincisi, hərbi balans artıq çoxdan və əsasən də Rusiyanın səyləri sayəsində Azərbaycanın xeyrinə pozulub. Və bu proses nəinki dayanmayacaq, həm də genişlənəcək. Ona görə ki, Azərbaycan Rusiya üçün silah satışı üçün 1 nömrəli tərəfdaşdır. İkincisi, iqtisadi faktordur. Azərbaycan və Ermənistanın indiki və 15 il öncəki iqtisadi durumunu müqayisə eləmək heç bir halda olmaz, nisbət daim Azərbaycanın xeyrinə dəyişir. Üçüncüsü isə, regionda geosiyasi balans ələlxüsus da 3 sentyabrdan (Ermənistan Gömrük İttifaqına qoşulmaq qərarı verəndən - s.ş.) sonra ciddi şəkildə bizim ziyanımıza dəyişib. Həmin qərarla Ermənistan faktiki olaraq özünün xarici siyasət və təhlükəsizlik məsələlərini bütünlüklə Kremlə həvalə edib. Halbuki nə qədər ağrılı olsa da deməliyik ki, Azərbaycan kifayət qədər müstəqil və çoxşaxəli xarici siyasət yürüdür. Bundan başqa, emiqrasiya tempinə görə Ermənistan Azərbaycanı qabaqlayır, Azərbaycanda, üstəlik, əhalinin sayı Ermənistandan fərqli olaraq artır”.
Nüfuzlu erməni politoloqu rəsmi İrəvanın diqqətini Azərbaycanla Ermənistan arasında birincinin xeyrinə işləyən daha iki mühüm reallığa yönəldir: “Bu, energetik təhlükəsizlik məsələsidir: əgər Ermənistanın bütün enerji sistemi Rusiyanın sərəncamındadırsa, Azərbaycan nəinki özünü energetik təhlükəsizliyini təmin edib, üstəgəl, bir sıra ölkələrin energetik sferaları ondan asılıdır. Növbəti faktor Ermənistanın beynəlxalq miqyasda təsiri məsələsidir. Bu təsir xüsusən də 3 sentyabrdan sonra ciddi şəkildə azalıb, Azərbaycan isə öz təsirini artırmaq üçün böyük paralar xərcləyir və artıq bu yöndə hissediləcək nəticələrə nail olub. Beynəlxalq birlik üçün indi biz Putinin neo-imperiya siyasətinin tərkib hissəsi kimi qəbul edilirik. Qısası, status-kvo mütəmadi şəkildə dəyişir və özü də bizim xeyrimizə yox. Odur ki, mən nə qədər ki, sülh nizamlanması imkanları tam tükənməyib, hərbi uğuru ləyaqətli sülhə çevirməyin tərəfdarıyam”.
“Hərbi balans çoxdan və əsasən də Moskvanın səyləri sayəsində Azərbaycanın xeyrinə pozulub. Bu proses nəinki dayanmayacaq, həm də genişlənəcək”
Şahnazaryan ölkəsi üçün baş verən neqativ proseslərdə ilk növbədə sabiq prezident Robert Köçəryanı günahlandırır: “1998-ci ildə Köçəryan ”status-kvonu saxlamaq" bəhanəsi ilə və dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirdi və oliqarxiya ilə hakimiyyəti birləşdirmək, xalqı talamaq, bir neçə milyardlıq sərvətə malik olmaqdan ötrü Minsk Qrupunun mərhələli həll planını rədd elədi. 1998-ci ilin çevrilişi nəticəsində hakimiyyəti mənimsəyən qüvvələr, başda Köçəryanla Oskanyan (sabiq xarici işlər naziri - S.Ş.) olmaqla, nizamlama prosesində erməni maraqlarına ağır zərbələr vurdular..."
***
Qeyd edək ki, Qərb dairələrinin də nüfuzlu politoloq kimi qəbul elədiyi və mövqeyini ciddiyə aldığı sabiq diplomat Şahnazaryanın dediklərində həqiqət payı ciddi görünür. Ən azı ona görə ki, Rusiyanın Qarabağ məsələsində son illər izlədiyi siyasətin əsas hədəfi məhz Güney Qafqazın enerji resursları ilə zəngin əsas və strateji ölkəsi - müstəqil xarici siyasət yürüdən Azərbaycanı öz siyasi-hərbi çətiri altına qaytarmaqdır.
“Ermənistanın bütün enerji sistemi Rusiyanın sərəncamındadırsa, Azərbaycan nəinki özünü energetik təhlükəsizliyini təmin edib, üstəgəl, bir sıra ölkələrin energetik sferaları ondan asılıdır”
Krım olaylarından sonra dünyada və regionda formalaşan yeni şərtlər fonunda bu imperativ indi Kreml üçün xüsusilə böyük önəm kəsb edir. Moskva strateqləri yaxşı bilir ki, Qarabağ ixtilafı gec-tez həll olunacaq və əgər bunu Rusiya eləməsə, başqa bir güc mərkəzi onun yerinə edəcək. O zaman Rusiya bölgədə Azərbaycan qismində özünün kifayət qədər varlı və etibarlı silah alıcısını da itirmiş olacaq. Bu mənada konfliktin həlli baxımından rəsmi Moskva üçün də tarixi bir fürsət yaranıb. Bəlkə də sonuncu fürsət...
Əlavə edək ki, Şahnazaryanın arqumentləri Ukrayna böhranı fonunda Azərbaycanda Qarabağ naminə Rusiyaya üvnanlı reveranslarla heyrətamiz şəkildə həmahənglik təşkil edir. Yeganə sual budur ki, Azərbaycan rəhbərliyi bu şərtlərə “hə” deyəcəkmi?
Bəzi məlumatlara görə, bu yöndə Moskva ilə Bakı arasında hansısa gizli anlaşma hər halda mövcuddur. Qərb dəyərlərinin daşıyıcısı sayılan qüvvələrə qarşı axır vaxtlar Azərbaycanda təqiblərin güclənməsini bu kontekstdə də izah edənlər var.
Və nəhayət, uzun illər indiki hakimiyyətin etibarlı dostu kimi tanınmış ABŞ səfiri Riçard Morninqstarın rəsmi Bakı əleyhinə qəfildən tənqidi açıqlamalar verməsi...
Təki sonucda Azərbaycan və Qarabağımız üçün xeyirli olsun.
musavat.com