Çayxanalarda qiymət od tutub yanır

20-05-2014, 11:10   
Çayxanalarda qiymət od tutub yanır
Eyyub Hüseynov: “Biz istehlakçı olaraq korrupsiyada çox fəal iştirak edirik”
Bura elə bir məkandır ki, bura fəhlə, alim, ziyalı, məmur, tələbələr, bir sözlə, cəmiyyətin bütün zümrələri üz tutub həm dincəlir, həm də fikir mübadiləsi aparırlar. Söhbət çayxanalardan gedir. Öncədən qeyd edək ki, isti günlərdə çoxdan görmədiyiniz dostlarla görüşüb bir stəkan çay içmək sizə heç də ucuz başa gəlməyəcək. Çünki çay evlərindəki qiymətlər və yazılmamış qanunlar insanları əməlli-başlı soyur.

Biz də əhalinin narazılığına səbəb olan çay evlərindəki qiymətlərlə maraqlanmaq üçün kiçik bir araşdırma apardıq. İlk olaraq yolumuzu əhalinin daha sıx toplaşdığı Dənizkənarı Milli Parkda yerləşən çay evlərindən saldıq. Burada kiçik çay dəstgahına görə müştəri 15-30 manat arası pul ödəyir. Çay dəstgahına isə limon, qənd, bir növ mürəbbə, şokolad, ləbləbi daxildir. Fərqi yoxdur ki, sən bunlardan hansını istəyirsən. Sifariş etmisənsə, yesən də, yeməsən də pulunu ödəməlisən. Seçim imkanın yoxdur.

“Cafe in Bulvar”dakı çay dəsgahını 15 manata sifariş etmək mümkündür. “Mirvari” və “Lalə Kafe”də (Efes) isə dəsgahın qiyməti 15-25 manat arasında dəyişir. “Günəşli” çay evində isə mürəbbə, ləbləbi, “snikers” şokoladı olan çay dəsgahı 20 manata təklif edilir. Onu da qeyd edək ki, elə çay evləri var ki, orada iki növ mürəbbə təklif edilir. Bəyənsən də, bəyənməsən də sifariş verməlisən. Dənizkənarı Milli Parkdakı “Dəniz” adlı çay evində isə qiymət nisbətən ucuzdur. Bu çay evində digərlərinə nisbətən müştərinin çox olduğunu görüb biz də ora daxil olduq. Yenicə əyləşmişdik ki, ofisiant içərisində iki növ mürəbbə və şirniyyat olan sini ilə stola yaxınlaşaraq onlardan hansını istədiyimizi soruşdu. Biz də heç birini istəmədiyimizi, başqa variantın olub-olmadığını soruşduq.

Ofisiantın təklif etdiyi bir növ mürəbbə, şirniyyat və limon daxil olan çay dəsgahının qiyməti 8 manata idi. Ofisiant bizə variantları söylədi: “Təkcə qənd və limonla bir çaynik çay 3 manata, limon, qənd, şokolad daxil olmaqla 6 manat, limon, qənd, şokolad, mürəbbə və şirniyyatla isə 8 manatadır”.

Bu çay evi digərlərinə nisbətən ucuz görünürdü. Keyfiyyətini isə normal hesab etmək olar.

Dağüstü parkdakı çay evinə getmək istəyənlər isə ciblərini tamamilə boşaltmalı olacaqlar. Bu məkanda üzü hansı səmtə oturmağına görə də qiymətlər dəyişilir. Məsələn, üzü dənizə doğru oturub bir stəkan su belə içsəniz sizdən 25 manat alacaqlar. Niyə belə baha olduğunu soruşduqda isə səbəb kimi insanların üzü dənizə doğru oturub gözəl mənzərə seyr edərək çay içdiyini göstərirlər.

Hüseyn Cavid parkında fəaliyyət göstərən çay evində də qiymətlər bulvardakından heç də fərqlənmir. Burada çayın qiyməti 10-40 manat arasında dəyişir. Belə ki, başqa yerlərdə olduğu kimi, buradakı çayxanalarda da sadə çay verilmir, çay içmək istəyənlər mütləq çayın yanında nə isə sifariş verməlidirlər. Parkdakı çay evində 10 manatlıq çay dəstgahına 1 çaynik çay, limon və mürəbbə daxildir. Əgər çayın yanında qəlyan və şirniyyat sifariş verilərsə, bu zaman çay müştəriyə 30-40 manata başa gəlir.

Metronun “Nərimanov” stansiyası yaxınlığında yerləşən “Çay evi”ndə də bir çaynik çay içmək aşağısı 15 manata başa gəlir. Burada da müştərilərə sadə çay təklif edilmir. Yanında ləbləbi, mürəbbə, qənd, limon, şokolad verilir. Başqa seçim imkanı isə yoxdur. Çay evinə daxil olub yalnız çay içmək istədiyimizi bildirdik.

Ofisiant isə “bizdə tək çay verilmir, yanında mütləq nəsə sifariş verməlisən, nəyi istəyib-istəməməyindən asılı olmayaraq isə bizdə çayın qiyməti 15 manatdır” dedi. Ofisiant çay istəmədiyimiz təqdirdə 10 manata bir fincan kofe içə biləcəyimizi də dedi. Onu da əlavə edək ki, bu məkanlarda 1 saatdan artıq oturanda müştəridən 2-ci çayniki almaq tələb edilir. Fərqi yoxdur ki, birinci sifariş etdiyin çayı içib bitirmisən, ya yox. Bunun səbəbini soruşduqda isə ofisiant bunu onların “qanunu” olduğunu dedi.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən çay evlərində çay içmək 15 manatdan başlayıb 50 manata qədər başa gələ bilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkə prezidenti 14 yanvar 2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında ölkədə şişirdilmiş qiymətlərin olduğunu deyib: “Eləcə də 2014-cü ilin 3 martında imzaladığı kənd təsərrüfatı məhsulları və ərzaq bazarının təkmilləşdirilməsi üçün əlavə tədbirlər haqda fərmanında da şişirdilmiş qiymətlər məsələsini önə çəkdi.

Bütün bunlara baxmayaraq, ölkədə şişirdilmiş qiymətlər mövcuddur. Yəni malların, xidmətlərin üzərinə qoyulan əlavə pulların hamısı biz istehlakçılardan alınır. Əslində biz istehlakçı olaraq korrupsiyada çox fəal iştirak edirik. Bunların da qarşısını almaq üçün dövlətin müəyyən siyasəti olmalıdır. İstehlakçı hüquqlarını qoruyan dövlət qurumları qiymət şişirdilməsinin qarşısını almaq üçün müəyyən təşəbbüs göstərməlidir. Şişirdilmiş qiymətlər xüsusən də bulvar ərazisindədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.