Bir qrup satıcı yer haqqının qaldırılmasına etiraz edir
Bu gün səhər saatlarında Xətai rayonu, Babək prospektində yerləşən "maşın bazarı"nda bir qrup satıcı etiraz aksiyası keçirib.
Musavat.com-un məlumatına görə, aksiya keçirən satıcılar yer haqlarının qaldırılmasına etiraz ediblər. Onlar bazarın müdiri Rasim Salmanovla görüşmək istəyiblər.
Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Aksiya iştirakçılarının təkidinə baxmayaraq, bazar rəhbərliyi onlarla görüşmək istəməyib.
Bazarda işləyənlərin sözlərinə görə, bazarın müdiri Rasim Salmanov gözlənilmədən yer haqlarını 150-350 manat arasında qaldırıb. Bu barədə bazarda çalışanlara heç bir səbəb göstərməyən rəhbərlikdən bildirilib ki, iyunun 1-dən yeni qayda ilə yer haqlarının yığılmasına başlanılacaq.
Məsələ ilə bağlı bazar rəhbərliyi ilə görüşməyə çalışdıq. Rasim Salmanovun oturduğu ofisdən bizə bildirdilər ki, müdir xaricdədir və bütün bu iddialara özü gələndən sonra cavab verəcək.
“Maşın bazarı”nda baş verənlər haqqında daha ətraflı məlumat verəcəyik.