Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərov hələ də işə çıxmır. Bu barədə “Axar.az”a Suraxanı Rayon Polis İdarəsindən bildirdilər.
İdarədən verilən məlumata görə, fevral ayının 23-də baş verən atışma zamanı yaralanan rəis müavininin ev şəraitində müalicəsi davam edir. Məlumat üçün bildirək ki, ağır yaralanan rəis müavini bir müddət Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında da müalicə alıb.
Hazırda vəziyyəti yaxşı olan Akif Nəzərovun nə vaxt iş qabiliyyətini bərpa edəcəyi barədə hələlik həkimlər bir söz deməyiblər.
Hadisə nəticəsində yaralanan A.Nəzərovun oğlu, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsində təhqiqatçı vəzifəsində çalışan Asif Nəzərovun vəziyyəti isə tam qənaətbəxşdir. Bölmədən bildirdilər ki, A.Nəzərov artıq xeyli müddətdir ki, işə çıxır.
Qeyd edək ki, 2014-cü il fevral ayının 23-də Bakının Sabunçu rayonunda öz həyətində qanunsuz tikiliyə etiraz edən 1955-ci il təvəllüdlü Akif Nəzərov və onun oğlu, 1985-ci il təvəllüdlü Asif Nəzərov, həmçinin 1954-cü il təvəllüdlü Yusif Əlipaşayev ağır yaralanmış, 1990-cı il təvəllüdlü Fərid Qədirov isə aldığı güllə xəsarətlərindən xəstəxanada vəfat etmişdi.
Hadisəyə səbəb Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbə sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifovun müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparması olub.
Onun bu hərəkətləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G.Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.
G.Lətifov həbs olunub, barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə Bakı Şəhər Prokurorluğunda istintaq aparılır.