Sabah Azərbaycanda havanın temperaturu bu günlə müqayisədə bir qədər də enəcək, bəzi ərazilərdə leysan olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, mayın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağış yağacağı gözlənilir. Mayın 21-də küləkli hava şəraiti davam edəcək, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-18, gündüz 20-25 dərəcə isti olacaq.
Mayın 21-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli, intensiv olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrlı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.
A.Verdiyev bildirib ki, bu gün və sabah temperaturun iqlim normasına yaxınlaşacağı gözlənilir.
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Mayın 20-də Azərbaycanın bölgələrində qərb rayonlarından başlayaraq şimşək caxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun yaydığı press-relizdə qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraitindən sonra mayın 20-də qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, mayın 23-dək qeyri-sabit keçəcəyi, temperaturun 5-8 dərəcə aşağı enəcəyi, şimal küləyinin güclənəcəyi, arabir yağış yağacağı, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.