Hacı İbrahimin şirkətinə basqın edənlərin məhkəməsi başladı

21-05-2014, 10:52   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avesta” konserninin ofisindən oğurluq etməkdə ittiham olunan Füzuli Nəbiyev və Əlizamin Əliyevin məhkəməsi başlayıb. Teleqraf.com-un xəbərinə görə, ötən il, dekabrın 7-də iş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” konserninin ofisindən oğurluq olub. Bu yaxınlara kimi Hacı İbrahimin mühafizə xidmətinin rəhbəri işləmiş Füzuli Nəbiyev və onun yaxın qohumu Əlizamin Əliyev sözügedən konsernə gələrək maaş almaq adı ilə mühasib Vüqar Bayramovun boğazına bıçaq dirəyərək ondan kassadakı 135 min manatı zorla alıb qaçıblar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.3.2 (quldurluq-külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) təqsirli bilinir. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib. Onlar elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Daha sonra şahid qismində şirkətin işçiləri Günay Hüseynzadə və Aidə Mahmudova ifadə verib. Hər iki şahid Füzuli Nəbiyevin və Əlizamin Əliyevin şirkətə gəlmələrini deyiblər. Şirkətin mühafizəçisi Cəlil Həmidli deyib ki, Füzuli Nəbiyev hadisədən bir neçə gün əvvəl işdən çıxarılıb. Onun sözlərinə görə, hadisə baş verən gün Füzuli Nəbiyev və Əlizamin Əliyev şirkətə gəliblər: “Hər iki şəxs əməkhaqlarını almağa gəlmişdilər. Onları yoxlayandan sonra içəri keçdilər. Daha sonra növbəm dəyişdiyi üçün evə getmişəm. Hadisədən xəbərim olmayıb”. Şirkətin digər işçisi Mahir Mehdiyev hadisə barədə məlumat alandan sonra Daxili İşlər Nazirliyinin “102 zəng” xidməti ilə əlaqə saxlayıb və baş verən hadisə barədə məlumat verib. Məhkəmə iclası mayın 27-də davam edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.