“Azərbaycan üçün Rusiyanın imperiyalıqdan çıxması böyük plyus olardı”. Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycanın Xəzərin statusu ilə bağlı güzəştə getməyəcəyini bildirib: “Xəzər dənizi artıq sektorlara bölünüb. Bu sektorlara bölünməni axıra qədər saxlamaq lazımdır. Rusiya ilə İranın burada narazılıqları var. Rusiya Xəzərin səthinə nəzarət etmək istəyir. İstəyir ki, Xəzərin səthində sərhədlər olmasın. Xəzərin səthi ümumi olsun. Xəzərin dibinə gələndə isə burada da konsensus hüququ tələb edir. Əgər dənizin dibində iki dövlət bir iş görürsə, o biri dövlətin razılığı olmadan bunu edə bilməz. Yəni Rusiyanın. Mən bunu dəfələrlə demişəm. Rusiya heç bir zaman istəməz ki, Qazaxıstandan Azərbaycana Aktau-Bakı kəmərinin çəkilməsinə yol versin. İran isə tamamilə baş mövqeyə sahibdir. Xəzər sovet vaxtı sektorlara bölünüb. İndi də Sovet İttifaqı yoxdur və gəlin, onu yenidən sektorlara bölək. Bu, İrandan başqa heç bir dövlətin milli marağına uyğun deyil. Bizim marağımıza uyğun olan şey isə Xəzərin indiki kimi bölünməsidir. Bu sərhədləri Rusiyanın əsgəri donanması istədiyi kimi sağa-sola çapa bilməz. Ona görə də Azərbaycan bu məsələlərdə heç bir güzəştə getməyəcək”. Politoloq Rusiyanın yenidən sovetləri qurmağa cəhd etdiyini söyləyib: “Azərbaycan üçün Rusiyanın imperiyalıqdan çıxması böyük plyus olardı. Çünki bu imperiya ancaq öz maraqlarını güdür. İmperiya maraqları isə itirilmiş əraziləri qaytarmaqdan ibarətdir. İtirilmiş ərazilər imperiya zəif olanda 14 dövlətin müstəqilləşməsidir. Ukraynada olan hadisələr Rusiyanın imperiya maraqlarına cavab verir. Bizim sərhədlərimizdə Rusiya qoşunlarının cəmləşdirilməsi də o maraqlardan xəbər verir. Məlum deyil ki, bu imperiya nə vaxt və necə sıçrayış edə bilər. Ona görə də Ukrayna böhranının nəticəsində imperiya zəiflədilərsə, bu bizim xeyrimizə olacaq”. Qeyd edək ki, dünən Moskva şəhərində Xəzər məsələləri üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinin növbəti mərhələsi keçirilib.