Avropa Şurası iqtidarı Bakıda sıxışdırır

21-05-2014, 11:05   
Avropa Şurası iqtidarı Bakıda sıxışdırır
Siyasi məhbuslarla bağlı kritik müzakirələr başladı; AŞ PA-nın rəsmi şəxsləri Azərbaycan paytaxtına gəlib; Avropa Şurası iqtidara öz meydanında güc göstərmək istəyir; siyasi məhbuslar üzrə məruzəçi məsələsi yenidən gündəmə qayıdır; son qərar prezidentindir!
AŞ PA-nın rəsmi şəxsləri Azərbaycan paytaxtına gəlib; Avropa Şurası iqtidara öz meydanında güc göstərmək istəyir; siyasi məhbuslar üzrə məruzəçi məsələsi yenidən gündəmə qayıdır; son qərar prezidentindir!

Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə (2001-ci ilin yanvarı) ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başlaması ölkəmizə bu qurumun diqqətini daha da artırıb. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik ərzində Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas prinsipinə - insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcəyini vəd edib.

AŞ PA-nın Azərbaycan üzrə məruzəçiləri Pedro Aqramunt və Cozef Qrex mayın 19-dan Azərbaycanda səfərdədirlər. Mayın 20-də isə Avropa Şurasının baş katibi Torbyorn Yaqland Bakıya gəlib. Avropa Şurasının saytının məlumatına görə, o, prezident İlham Əliyev, digər hökumət nümayəndələri ilə məhz insan hüquqlarının pozulması məsələlərini müzakirə edəcək.

Baş katib prezidentdən Avropa Şurasının maliyyələşdirdiyi Siyasi Tədqiqatlar Məktəbinin direktoru, REAL Hərəkatının sədri İlqar Məmmədovun azad edilməsini xahiş edəcək.
"Çox ümid edirəm ki, Azərbaycan əməkdaşlıq etmək və Avropa standartlarına cavab vermək niyyətini nümayiş etdirmək üçün bu imkandan istifadə edəcək» deyə, Yagland səfər öncəsi bildirib.

Mayın 20-də Avropa Şurasının baş katibi təşkilatın Bakı ofisində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə iştirak edən REAL-ın icraçı katibi Natiq Cəfərli müzakirə olunan məsələlər barədə danışıb: “Görüşdə əsas müzakirə olunan məsələ siyasi və vicdan məhbusları məsələsi oldu. Avropa Şurasının Nazirlər Komitəsinə 6 ay rəhbərlik edəcək Azərbaycanda bu qədər siyasi məhbusun olması üz qarasıdır, yolverilməzdir. Görüşdə qeyd etdim ki, artıq illərdir belə vacib təmaslarda hakimiyyətin atdığı addımlar, yəni siyasi sifarişlə həbs olunan insanların məsələsi müzakirə olunur. Bu çox üzücüdür. Biz REAL Hərəkatı olaraq belə görüşlərdə ölkəmizin inkişafının alternativ modellərinin, yollarının müzakirə edilməsini istərdik. Vətənimiz qarşısında olan çağırışlar, problemlər, onların həlli yolları haqqında danışmağı üstün tutardıq. Qarabağ probleminin həllinə baxışlarımız, tərəqqi, iqtisadi inkişaf, siyasi islahatlar haqqında hakimiyyətin baxışlarına alternativ yanaşmamızı ortaya qoymağı istərdik.

Bir sözlə, siyasi mövzular, dəyərlər haqqında müzakirələrə üstünlük verməyi daha vacib sayardıq. Amma təəssüf ki, illərdir belə görüşlərdə ancaq siyasi repressiyalar məsələsi müzakirə olunur.

Hakimiyyətin bir istəyi də budur ki, mövzu ancaq repressiyalar olsun, gələn qonaqlar, siyasilər ölkədə ciddi, düşünən, problemləri və onların həll yollarını bilən, hakimiyyətə alternativ siyasi qüvvələrin olduğunu görməsinlər. Bu oyunu pozmaq, bu dairəni qırmaq lazımdır. Bizlər artıq bu yöndə addımlar atırıq, son bir ildə keçirdiyimiz bütün görüşlərdə sədrimiz İlqar Məmmədovun siyasi sifarişlə həbsdə olması barədə qısa məlumat verdikdən sonra problemlər və onların həlli yolları haqqında danışmağa çalışırıq. Bu görüşdə də məhz alternativ Azərbaycan baxışlarımızı ortalığa qoymağa çalışdıq".
Qeyd edək ki, artıq Azərbaycanda siyasi məhbus məsələsinin yenidən AŞPA-nın gündəminə qayıtması ilə bağlı yeni proses başlayıb. İrlandiyadan olan deputat Michael McNamara (o da bu gün Bakıya gəlir) AŞPA-nın aprel sessiyasında bu barədə qətnamə qəbul edilməsi üçün təşəbbüs hazırlayıb.

Təşəbbüs “Azərbaycanın Avropa Şurasında sədrliyi: Bunun insan haqlarına təsiri nə olacaq?” adlanır. Sənəddə xatırlanır ki, 2013-cü ilin yanvarında AŞPA-nın Azərbaycana dair qəbul etdiyi qətnamə “həbsi əsaslı şübhə və qanuni narahatlıq yaradan bütün məhbusların buraxılmasına” çağırırdı. Həmin sənəddə “iddia olunan siyasi məhbuslara dair AŞPA-nın bütün qətnamələrinin yerinə yetirilməsi” tələb olunurdu. “Ancaq qətnamə qəbul olunandan sonra siyasi və ictimai həyatda fəal şəxslərin həbs və saxlanma halları artıb” deyə, sənəddə vurğulanır və SMDT sədri Anar Məmmədli, REAL sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsləri xatırlanır.

Təşəbbüsü AŞPA-nın 20 deputatı artıq imzalayıb və qəbul olunub.
Beləliklə, əgər kompromis variant tapılmasa və iqtidar “biz də siyasi məhbus yoxdur” iddasının üzərində israr etsə, bu məsələ ölkənin bu quruma sədrliyi dövründə yenidən AŞ PA-da səsə qoyula, siyasi məhbuslar üzrə məruzəçi təyin edilə bilər.

Məlumatlara görə, mayın 22-də Bakıda AŞ PA-nın Büro və Daimi komitəsinin iclasında bu təşəbbüs də müzakirə olunacaq və qərar veriləcək. Avropa Şurası Azərbaycan iqtidarına, necə deyərlər, öz meydanında güc göstərmək istəyir...

Əgər təşəbbüs Hüquqi İşlər və İnsan Haqları Komitəsində də müzakirədən keçsə, o halda məsələ AŞPA-da səsverməyə çıxarılacaq. Ancaq Büro belə bir qərar versə ki, təşəbbüs Monitorinq Komitəsinə göndərilməlidir, ola bilsin, o komitədən kənara çıxmasın. Xatırladaq ki, 2013-cü ilin yanvarında AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Strasserin Azərbaycanda siyasi məhbuslara dair hesabatı qəbul olunmayıb. Ancaq müstəqil hüquq müdafiəçiləri, Avropa Birliyi ölkədə 130-dan artıq şəxsin siyasi motivlərlə həbs olunduğunu bildirir. Son bir ildə həbsə atılanlar arasında onlarla gənc fəal, seçki monitorinqi aparanlar, jurnalistlər də var.

Qeyd edək ki, Avropa Birliyi də Azərbaycanda bütün siyasi məhbusların azad edilməsi üçün ciddi fəaliyyətə başlayıb. Avropa Birliyi də Azərbaycanda siyasi məhbus probleminin birdəfəlik həllini istəyir. Avropa Birliyi siyasi məhbusların siyahısının 140 nəfər olduğunu iddia edir. Avropa Birliyi ilk növbədə Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Sadıxlı, Əvəz Zeynallı, Əli İnsanov, İlkin Rüstəmzadə və NİDA-çıların həbsdən buraxılmasını istəyir.

Məlumatlara görə, Azərbaycan hakimiyyəti də yaranmış vəziyyəti ciddi müzakirə edərək mümkün addımlarını dəyərləndirir. Avropa Şurası Nazirlər Kabinetinə rəhbərlik dövründə yenidən siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilməsinin gündəmə gəlməsi Azərbaycan üçün yumşaq desək, pis haldır. Avropa Şurasındakı Azərbaycan nümayəndə heyəti də siyasi məhbuslarla bağlı problemin həllini istəyir. 28 May-Respublika Günü ərəfəsində böyük əfvin olacağı artıq dəqiqləşib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də xəbəri təsdiq edib. Ancaq deputat fərmanın neçə nəfərə şamil olunacağının prezidentin səlahiyyətində olduğunu bildirib: “Adətən son variant hazırlanır və cənab prezidentə təqdim olunur. Yüzlərlə müraciət var və onların hamısına bir-bir fərdi qaydada baxılır. Ona görə demək olmaz ki, 50 adam olacaq, yoxsa 100 adam. Amma hər halda, gözlənilir ki, prezident əfv fərmanı imzlayacaq”.

İqtidar daxilindəki əhval-ruhiyyədən xəbərdar olan məlumatlı qaynağımızın bilgisinə görə, bu məsələdə yekun qərar prezident Çindən qayıtdıqdan sonra (dövlət başçısının bu gün vətənə qayıdacağı gözlənilir) veriləcək. Xarici təzyiqlərdən xoşlanmayan Azərbaycan iqtidarı indi həm də seçim qarşısında qalıb. Çünki yaxın 6 ayda xüsusilə Avropa mətbuatı və insan haqları təşkilatları Azərbaycana xüsusi diqqət ayıracaqlar. Avropa Şurası rəhbərliyi də, görünür, yaranmış əlverişli vəziyyətdən istifadə edərək siyasi məhbus məsələsini rəsmi Bakı qarşısında bu dəfə daha ciddi qaldırıblar.

T.Yaqland ya bu gün, ya da sabah Azərbaycan prezidenti ilə də şəxsən görüşəcək və görüşdə əsas müzakirə mövzusunun siyasi məhbuslarla bağlı olacağını artıq Avropa Şurası baş katibi də təsdiq edib.

İndi hər şey prezidentin son qərarından asılıdır.
28 maya isə cəmi bir həftə qalır...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.