“Yeni Müsavat”a daxil olan məlumatda Afqan Alanın Bakıya yeni dosye gətirəcəyi qeyd olunur
Türkiyənin daxili işlər naziri Afqan Ala Bakıya gəlir. Bu barədə “Yeni Müsavat” a məlumat verən mənbənin bildirdiyinə görə, Türkiyə daxili işlər nazirinin səfəri daha əvvəl nəzərdə tutulsa da, Manisa vilayətinin Soma kömür mədənində baş verən məlum faciədən sonra səfər müəyyən müddətə təxirə salınıb.
“Yeni Müsavat”a verilən məlumatda bildirilir ki, Türkiyə daxili işlər naziri Azərbaycana yeni dosye ilə gəlir. Nazirin səfəri zamanı Azərbaycanda Fətullah Gülən camaatına qarşı mübarizə və son vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, ötən il dekabrın 17-də baş verən silsilə həbslərlə gündəmə gələn AKP- “Hizmət” hərəkatı davası sonradan hökumətin Türkiyədə F.Gülən camaatına qarşı böyük miqyasda kampaniyaya çevrilib. Nəticədə Türkiyədə xüsusən də prokurorluq, polis və məhkəmə sistemində xeyli məmur cəzalandırıldı. Daha sonra bu kampaniya Azərbaycana da sıçrayıb, dövlət orqanlarında çalışan bir neçə şəxs qeyri-rəsmi olaraq nurçu ittihamı ilə işdən çıxarılıb. Ancaq mediada daha yüksək vəzifəli şəxslərin işdən çıxarılacağı ilə bağlı məlumatlar yayılıb.
Türkiyə daxili işlər nazirinin səfəri zamanı Bakıda dövlət rəsmiləri ilə görüşlərdə nurçu mövzusunun müzakirə olunacağı və əlavə şəxs adlarının veriləcəyi gözlənilir. Yaxın zamanlarda bu mövzuda mətbuatda yeni “ifşa dalğası”nın başlanacağı da gözlənilir.