Dəbilqələr, zirehli gödəkçələr, tibbi yardım ləvazimatları və NATO ölkələrindən göndərilən digər zəruri avadanlıqlar artıq Ukrayna sərhədinə çatıb
“NATO ölkələrinin Ukraynaya göndərdiyi hərbi yardımın bir hissəsi artıq ölkəmizin sərhədlərindədir”. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun mənzil-qərargahında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. “Dəbilqələr, zirehli gödəkçələr, gecə görmə cihazları, ilkin tibbi yardım ləvazimatları və NATO ölkələrindən göndərilən digər zəruri avadanlıqlar artıq Ukrayna sərhədinə çatıb və bir neçə günə Ukrayna ordusuna təhvil veriləcək”-deyə A. Parubiy söyləyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib ki, Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi müharibə metodları ölkənin müdafiə sektorunun islahatını tələb edir: “Rusiyanın bizə qarşı apardığı yeni müharibə metodları - ordu ilə yanaşı diversiya qruplarından, kriminal ünsürlərdən istifadə edilməsini, informasiya müharibəsinin aparılmasını ehtiva edən ”hibrid müharibə" tələb edir ki, biz müdafiə sektorumuzun yenidən qurulmasını və islahatını həyata keçirək. Məhz bu mövzu NATO-da apardığımız danışıqların əsas hissəsini təşkil etdi".
A. Parubiyin sözlərinə görə, NATO üzrə tərəfdaşlar anlayır ki, Putini Ukraynada dayandırmasalar, məlum deyil ki, sabah onun tankları harada peyda olacaq. O, Rusiya qoşunlarının hələlik Ukrayna sərhədlərindən geri çəkilmədiyini vurğulayıb: “Belə görünür ki, Rusiya ordusu çox intizamsızdır, çünki Putin artıq üçüncü dəfədir onlara geri çəkilməyi əmr edir, lakin onlar heç cür geri çəkilmirlər. Əslində isə bu, dünya ictimaiyyətini aldatmaq məqsədi güdür”.
Ukrayna hadisələrinin ən gərgin vaxtında NATO gəmilərinin Qara dənizdə saxlanması müharibə riskini artırır. Hər halda, səslənən fikirlər və proqnozlar belə rəy yaradır.
Bu mövzuda sualımıza cavablandıran AXP lideri, sabiq baş nazir Pənah Hüseynin fikrincə, NATO gəmilərinin Qara dənizdə saxlanmasında qeyri-adilik yoxdur. P.Hüseyn zaman-zaman ABŞ gəmilərinin Qara dənizdə olduğunu qeyd etdi:
“Qara dənizin xüsusi statusu var. Sadəcə, Ukrayna hadisələrinin gərginləşdiyi vaxt Qara dənizdə NATO gəmilərinin təlimləri intensivləşib. İndi bu gəmilər daha çox təlim keçirlər. Amma onların Qara dənizdə olması təəccüblü hal deyil. Bu, həmişə belə olub”.
P.Hüseyn indilikdə müharibə təhlükəsinin olduğunu düşünmür: “Ukrayna və Rusiyanın ”isti müharibə"yə keçmə təhlükəsindən danışırlar. Hələlik belə bir təhlükə görmürəm. Son dövrlər regionda vəziyyət gərginləşib. Amma bunun müharibəyə gətirib çıxaracağını düşünmürəm".
Siyasi şərhçi Hikmət Hacızadə isə əksinə, müharibə təhlükəsini real görür: “Mən belə bir təhlükəni görürəm. Əgər heç nə olmasaydı, o gəmilər də göndərilməzdi. Bununla məqsəd Rusiyanın qabağını almaqdır. Nə qədər ki, gəmilər var, müharibə təhlükəsi qalır”.
Politoloq Qabil Hüseynli hesab edir ki, Ukrayna hadisələri stabilləşmə dövrünə qədəm qoyub. Onun sözlərinə görə, Rusiya da ordusunun bir qismini geriyə çəkib: “Rusiya bütünlüklə ordunu geri çəkməyə məcbur olacaq. NATO-nun Ukraynanın Qara dənizdən Baltik dənizinə qədər böyük ərazisində müxtəlif qoşunlardan ibarət kontingentinin yerləşdirməsi və təlimlər keçirməsi Rusiya üçün təhdidedici, o cümlədən psixoloji cəhətdən təzyiq elementidir. Con Kerri də söyləmişdi ki, Rusiya bütün sərhədləri ötüb keçsə, müharibə variantına da əl ata bilərik. İndi də Rusiya Ukrayna sərhədlərinə quru və tank qoşunlarını yığmaqla separatçılara ”sizə arxayam" deyir, onlara psixoloji ruh yüksəkliyi aşılayır. Ancaq bildiyim qədər Polşa da qoşun hissələrini Ukrayna sərhədinə yığıb, Baltik dənizində NATO gəmilərinin sayı artıb".
Q.Hüseynli deyir ki, NATO-nin gəmilərinin Qara dənizdə saxlaması üçün “Montro” sazişi var: “Bu sazişə görə, bir aydan artıq Qara dəniz sularında öz gəmilərinin saxlamaq imkanı yoxdur. Amma NATO bu sazişə əməl etmir, həm də Gürcüstanın Batumi limanına yan almaqla, guya bu ölkə ilə hansısa dostluq məsələləri həll edirmiş kimi lövbər salıb. Əslində Amerikanın hərbi gəmiləri başda olmaqla, Fransa, Britaniya gəmilərinin Qara dənizdə olması Rusiyaya qarşı şantaj elementidir”.
Politoloq onu da qeyd edir ki, NATO Qara dənizdə gəmilərini saxlamaqla Ukrayna milli ordusu üçün separatçılara qarşı sipər rolunu oynayır: “Ukrayna ordusuna deyir ki, ”işinizdə olun, Rusiya ilə döyüşə də hazır vəziyyətdəyik". Bu da öz təsirini göstərdi. Rusiya qoşunlarını geri çəkməyə başladı. Artıq seçkilər yaxınlaşdıqca separatçıların resursları tükənmək üzrədir. Ordu rəhbərliyi bəyan edib ki, Ukraynanın şərq vilayətlərində də seçkilər baş tutacaq. Rusiya Qərbin təzyiqi ilə bərabər Ukrayna sərhədinə yığdığı ordu qoşunlarında ruh düşkünlüyünü də yaxşı görür. Ona görə bu, Ukraynanın şərq bölgəsindən əlini çəkmək deməkdir. Ukrayna prezident seçkilərini keçirə biləcək, hakimiyyət boşluğu aradan qaldırılacaq, ölkə iqtisadi borclarını ödəməyə başlayacaq, Qərb də köməklik edəcək".