Üç yetim uşaq saxlayan ananı fırıldaqçılar aldadıb

21-05-2014, 11:16   
Üç yetim uşaq saxlayan ananı fırıldaqçılar aldadıb
Gülanə Mustafayeva rəsmi qurumlardan kömək istəyir

“Başıma gələnləri redaksiyanıza göndərməkdə bir məqsədim var. Bəlkə bu yazının dərcindən sonra 3 yetim saxlayan ananın fəryadını kimsəsizlərə arxa çıxan Mehriban Əliyevaya çatdırarlar. O da mənə balalarımın yuvasını qaytarmaqda yardım edər”. Bu sözləri redaksiyamıza yolladığı məktubda Bakı sakini Gülanə Mustafayeva yazıb. Məktub müəllifi qeyd edir ki, evində xırda təmir işləri aparılarkən bəzi tikinti materialları almaq lazım gəlib. Buna görə də ustanın məsləhəti ilə tikinti aparan şirkətə müraciət edib:
“Xutora getdim, orada tikinti gedirdi. Kərpic almaq üçün Vüsal adlı şəxsə müraciət etdim. Ünvanımı aldı, mənə kərpic göndərdi, pulunu ödədim. Mən o şirkətə gedəndə evlərin qiyməti ilə də maraqlanmışdım. Vüsal da evimin ”Malakan" bağının yanında yerləşdiyini kərpic aldığım zaman bilmişdi".

Gülanə Mustafayeva yazır ki, bundan sonra Vüsal inamını qazanaraq təmsil etdiyi tikinti şirkətinin ona münasib qiymətə ev satacağını vəd edib. Günlərin birində isə tikinti aparmaq üçün külli miqdarda vəsait lazım olduğunu deyən Vüsal G.Mustafayevanın evini girov qoyub pul götürməsini təklif edib. Mənzil 110 min manatın əvəzinə girov qoyulub.
Bunun əvəzində qadına Badamdar qəsəbəsində, “Mars.A” MTK şirkətinin inşa etdiyi binanın 3 mənzilinin sənədlərini verib. Sonradan isə həmin sənədlərin FHN-də lazım olduğunu deməklə qadından alıblar.

Şikayətçi məhkəməyə üz tutduğunu və işə düzgün qiymət verilməməsindən şikayətlənir: “Sonradan mənə aydın oldu ki, Vüsalın adı əslində Qasımdır. Hazırda məhkəməsi gedən Qasım Hüseynov etibarımdan sui-istifadə edərək və məni aldadaraq Səbayel rayonu, Rəsul Rza küçəsində yerləşən 7/9 saylı binanın 4, 5, 9 və 10 saylı mənzillərimi ələ keçirib. Bu cinayət işində Emin Civişovun da rolu böyük olub. Şikayətlərimdən sonra saxlanılan və istintaqda dindirilən Qasım Hüseynov etiraf edib ki, mənzilləri Emin Civişovun adına rəsmiləşdirib. Sonradan isə alqı-satqı ilə Elnur Əliyevə girov qoyularaq ondan 110 min manat pul götürülüb. Bu müqavilə alqı-satqı müqaviləsi olaraq rəsmiləşdirilməyib.
Məhz bu məqam istintaq orqanı tərəfindən şüurlu olaraq araşdırma predmeti olmaqdan çıxıb. İstintaq və məhkəmə nədənsə, bu adama loyal münasibət bəsləyir. Səbayel Rayon Məhkəməsi tərəfindən Qasım Hüseynov barəsində həbsqətimkan tədbiri seçilib və həmin həbs qətimkan tədbiri Bakı Apelyasiya Məhkəməsi tərəfindən ev dustaqlığı ilə əvəzlənib. Məni aldatdığı üçün Qasım Hüseynova qarşı CM-in 178.3.2-ci (dələduzluq)maddəsi ilə cinayət işi başlansa da, 1 il istintaq davam etdikdən sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi və həmin cinayət işi hazırda hakim Ramella Allahverdiyevanın icraatındadır. Mən hələ yuxarıda qeyd etdiyimi cinayət işi başlanmazdan əvvəl cinayət işində şahid kimi adı keçən Emin Civişova və təqsirləndirilən şəxsə qarşı mənzillərin üzərində sərəncamın alqı-satqı müqaviləsi deyil, girov müqaviləsi olduğuna əsaslanaraq Səbayel Rayon Məhkəməsində həmin müqavilənin etibarsızlığına və mübahisəli mənzillərin mənim mülkiyyətimə qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdim. Ancaq mənim iddiam təmin edilmədi".

G.Mustafayeva qətnamədən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib: “Şikayətim Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının tərkibinə sədrlik edən İkram Şirinovun icraatındadır. Cinayət işi məhkəmə araşdırmasında olduğundan mülki iş dayandırılıb. Nəzərinizə çatdırıram ki, təqsirləndirilən şəxs mənim evimi Emin Civişova girov qoyaraq borclanarkən həmin 110 min manat Elnur Əliyevdən faizə götürülüb. Bunu tam əminliklə ona görə deyirəm ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin ilk iclasına baxılmasından sonra Emin Civişov təqsirləndirilən şəxsi və məni ”ABU Arena"nın yanında yerləşən çay evinə çağırdı. Biz əyləşdikdən sonra Elnur Əliyev də oraya gəldi. Söhbət əsnasında Emin Civişovla Elnur Əliyev mənə bildirdilər ki, təqsirləndirilən Qasım Hüseynov 110 min manat qaytarsa, mənim evimi də qaytaracaqlar. Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində ifadə verən Emin çay evində olan söhbətimizi inkar etdi və evin məbləği olan 70 min manatı mənə əlbəəl verdiyini, eyni zamanda evin girov deyil, ehtiyacları üçün təqsirləndirilən şəxsdən satın aldıqlarını dedi".
Sonda şikayətçi aidiyyəti qurumlardan onu aldadan şəxslərin cəzalandırılmasını və evinin özünə qaytarılmasını xahiş etdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.