Azərbaycanın tanınmış ürək-damar cərrahı və millət vəkili Rəşad Mahmudovun ünvanına sensasion ittihamlar səslənib.
“Qafqazinfo” xəbər verir ki, ürəkağrıdan məsələ barədə jurnalist Aytən İmanova məlumat yayıb. Belə ki, xanım jurnalistin yaxın qohumunun övladı ürək qüsuru ilə doğulub və Mərkəzi Neftçilər Xəstəxanasında Rəşad həkim körpənin təcili əməliyyata alınmalı olduğunu, əks halda isə yaşamayacağını deyib.
Aytən İmanovanın sözlərinə görə, əməliyyatın məbləği doqquz min manat olaraq göstərilib. Maddi vəziyyəti yaxşı olmayan ailə kömək üçün Heydər Əliyev Fonduna yazılı müraciət edib. Fond isə müraciətə operativ cavab verərək, 1 həftəyə həmin məbləği (9 min manat) Rəşad Mahmudovun hesabına yerləşdirib. Hər şey də bundan sonra başlayıb.
“Hippokrat andı” içmiş millət vəkili pul hesabına yatandan sonra əməliyyatdan imtina edib və jurnalistin iddiasına görə, körpənin valideynlərinə “krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün!”-, deyib:
“Rəşad həkim ailəni çağırıb, onlara əməliyyatdan körpənin sağ çıxmama ehtimalı olması barədə imzalı kağız alıb. Daha sonra 5 qan donoru tapmağı tapşırıb. Donorları da tapıblar, təkcə 1 donorun laboratoriyada qan analizi üçün 90 manat verilib. Kirayə pulunu güclə çatdıran ailə 5 nəfər üçün borc edib 450 manat da ödəyib. Üstündən 1 gün keçir və həmin Rəşad həkim əməliyyatdan imtina edir. Deyir etmirəm, onsuz da sağ çıxmayacaq. Ana-ata yalvarır ki, biz razıyıq, 1 faiz də şansı varsa et, deyib “yox e eləmirəm”. Aparın uşağı evə, “krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün!” Bax belə də deyib!”
Ailə haqlı olaraq həkimin hesabına onların övladı üçün ödənilmiş 9 min manatın sorğu-sualını edir. Əgər həkim əməliyyat masasına əlcək geyib getməyəcəkdisə niyə məbləğin hesabına oturulmasına qədər gözlədi?...
Xatırladaq ki, Rəşad Mahmudov ötən il noyabrın 1-də baş tutan parlament seçkilərində 77 saylı Astara seçki dairəsindən deputat seçilib. O, hazırda Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Mərkəzinin rəhbəridir.