Zaqatalanın talanan meşələri ilə Çovdarovun pomidorları arasında nə əlaqə...

9-02-2016, 06:03   
Zaqatalanın talanan meşələri ilə Çovdarovun pomidorları arasında nə əlaqə...
Bu günlərdə virtualaz.org saytının əməkdaşları MTN-dəki mütəşəkkil qruplaşmanın ən qəddar və ən qalmaqallı personası kimi ad çıxarmış general Akif Çovdarovun Bakının Masazır qəsəbəsindəki nəhəng istixana kompleksindən reportaj hazırlamışdı. Əməkdaşlarımız Çovdarovun gizli həbsxanaları haqda məlumatların izi ilə həmin istixanaya yollanmışdı. Çünki belə iddialar vardı ki, Çovdarovun oğurlatdırdığı iş adamlarının bəzilərini həmin istixananın ərazisindək hansısa zirzəmidə saxlayıblar. İstixananın ərazisində gizli həbsxana tapa bilməsək də məlum oldu ki, Çovdarov hektarlarla ərazidə müasir istixana kompleksi yaradıb. Həmin istixanada pomidor yetişdirilir və əsasən Rusiya bazarlarına ixrac olunur. Bəli, məhz belə idi və məşhur italyan yazıçısı Coani Rodarinin əsəri əsasında çəkilmiş məşhur sovet multfilminin - “Çippolino”nun baş qəhrəmanlarından biri Sinyor Pomidor indi bizim MTN generalı Akif Çovdarovun simasında sanki yenidən zühur etmişdi. O da məlum oldu ki, istixana kompleksində pomidorları qablaşdırmaq üçün taxta yeşik istehsal edən sex də fəaliyyət göstərir. Bu sexdə fıstıq ağacının taxtasından pomidor yeşikləri istehsal olunur. İstixananın işçiləri deyirdilər ki, pomidorları plastik yeşiklərə də qablaşdırmaq olar. Ancaq Rusiya alıcıları plastik yeşiklərdə qablaşdırılmış pomidorların Türkiyə istehsalı olduğundan şübhələnirlər və tərəvəzin həqiqətən Azərbaycanda istehsal olunduğunu göstərmək üçün onu taxta yeşiklərə qablaşdırırlar. İlk baxışdan pis ideya deyil. Pomidorların həqiqətən Azərbaycan məhsulu olduğunu nümayiş etdirmək üçün onu ənənəvi taxta yeşiklərə qablaşdırmağın nəyi pisdir ki?! Ancaq virtualaz.org saytı Çovdarovun istixana biznesi ilə Azərbaycanın ən zəngin meşə ehtiyatlarına malik olan rayonlarından birində - Zaqatalada meşə fondunun talanması arasında birbaşa əlaqə aşkar edib. Araşdırmalarımz nəticəsində məlum olub ki, Çovdarovun istixanasına yeşik taxtaları Göyçay rayonunda Şamil Abdullayevə məxsus taxta sexindən göndərilir. Həmin sex isə xammalı Zaqatala rayonundan alır. Bəri başdan qeyd edək ki, meyvə-tərəvəz qablaşdırmaq üçün lazım olan taxta tara istehsalı kifayət qədər sərfəli biznesdir. Xüsusən də mövsüm vaxtı bu taraya böyük tələbat olur, məhsulu bazarlara çatdırmaq və xaricə ixrac etmək üçün fermerlər ayrı-ayrı sexlərdən hər il belə yeşiklər alırlar. Çovdarovun pomidorlarını qablaşdırmaq üçün yeşik taxtalarının Göyçaydakı hansısa Abdullayevin sexindən alınması da ilk baxışdan qeyri-adi görünməyə bilər. Ancaq əgər işin arxasında MTN-dəki korrupsioner şəbəkənin dayanmasına dəlalət edən məlumatlar olmasaydı... Məlum olub ki, həmin Şamil Abdullayevin oğlu Vasif Abdullayev MTN-in Zaqatala rayon şöbəsinin əməkdaşıdır. Digər tərəfdən, Zaqatala rayon meşə təsərrüfat idarəsinin rəisi İqbal Əliyevin özü MTN-in rayon şöbəsinin rəisi Əliyənnaqi İsaqovun qohumudur. Hansı ki, həmin İsaqov general Akif Çodarovun yaxın adamı hesab edilir, bu vəzifəyə təyinatı birbaşa Çovdarov tərəfindən irəli sürülüb. Rayondakı mənbələr deyirlər ki, Eldar Mahmudovun və Akif Çovdarovun dövründə Ə.İsaqov rayonda heç icra başçısını da saymırdı, istədiyini edirdi. O cümlədən meşə idarəsinin rəisi də rayon rəhbərliyi ilə hesablaşmırdı. (Virtualaz.org)


İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar