Hökumət korrupsiya mənbəyi olan layihələrlə ölkəni müflis vəziyyətə salıb
Bir neçə gündür ki, qəzetimizdə “investisiya xərcləri” adı altında neft pullarının necə göyə sovrulması barədə məlumatlar dərc edilir. Həmin məlumatlarda əks olunan faktlar rəsmi sənədlərdən götürülüb. Faktlar isə bundan ibarətdir ki, neft bumu dövründə hökumət 100 milyonlarla manat vəsaiti daşa-divara xərcləməklə ölkənin hazırki duruma düşməsinə səbəb olub. Ölkənin acınacaqlı duruma düşməsini isbat etmək üçün isə maliyyə naziri Samir Şərifovun “qəpik söhbəti” kifayət edir. Qeyd edək ki, nazir “hər qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq” deməklə ölkənin maliyyə böhranında batdığına işarə vurub.
Amma həmin Samir Şərifov nazir olduğu dönəmdə “investisiya xərcləri” adı altında milyonların göyə sovrulmasına nəinki etiraz edib, əksinə korrupsiya mənbəyi olan bu layihələrə yaşıl işıq yandırıb.
Ötən saylarımızda bununla bağlı xeyli faktlar təqdim etmişdik. Indi bəzi faktları oxucuların diqqətinə çatdırmaq istəyirik.
2008-ci ildə Melorasiya və Su Təsərrüfatı ASC-yə 80 milyon manat pul ayrılıb. Bu pul sözün əsl mənasında göyə sovrulub. Təsəvvür edin, Neftçalada magistral kanalın nasos stansiyası ilə birlikdə tikintisinə 2 milyon manat xərclənib. Azərbaycanda subartezan quyularının qazılmasına isə guya 3 milyon 100 min manat sərf edilib. Yaxud Ismayıllıda Göyçay və Girdmançay çaylarında sahilbərkitmə işlərinə 600 min manat xərcləndiyi iddia olunur. Ağcabədi rayonunda Qaraçayda isə selə qarşı tədbirlərə guya 200 min pul gedib. Ekspertlər bu rəqəmlərin şişirdildiyini, bəzi hallarda ümumiyyətlə layihələrin fiksiya olduğunu deyir.
Göründüyü kimi neft pulları korrupsiya mənbəyi olan layihələr vasitəsilə əridilib. Həmin vaxt ayrı-ayrı ictimaiyyət nümayəndələri, iqtisadçılar, siyasilər neft pullarının bu şəkildə göyə sovrulmasının ölkə üçün mənfi nəticələrə səbəb olacağını dəfələrlə vurğulasalar da, hökumət deyilənləri eşitmək istəmirdi.