Dostların içki və qumar məclisində qan töküldü

25-05-2014, 13:16   

Çayxanada qumar pulu üstündə başlayan dava cinayətlə nəticələndi Şabran rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Ramazanov qumar pulu üstündə Xaçmaz sakini Eldəniz Ramazanovu bıçaqlayıb. Hadisə 25 aprel 2013-cü ildə gecə saat 1:00-da Xaçmaz şəhərindəki "Rəvan" çayxanasında qeydə alınıb. Çayxanada sərxoş vəziyyətdə olan Eldəniz Ramazanov Sərdar Şirinovla mübahisə edib. Mübahisə qumar oyununda yerə pul qoymaq üstündə baş verib. Sözləşmə söyüş-təhqirə keçib. Dava zamanı Eldəniz üstündəki bıçaqla Sərdar Şirinovu bıçaqlayıb. Xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs həbs edilib. "Pivə içib, qumar oynadıq" Eldəniz Ramazanov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçən prosesdə Eldəniz Ramazanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, aprelin 24-də, saat 21.00-da "Rəvan" çayxanasına gəlib. Çayxanada qardaşı Vüqarın adını sonradan bildiyi Sərdar Şirinovla bir stol arxasında pivə içdiklərini görüb: "Çayxananı işlədən Bəxtiyarın qaynı Vasif Seyidov və taksi sürücüsü Mirzəcan Kərəmov da onların yanlarında oturmuşdu. Həmin adamlardan başqa çayxanada daha bir neçə tanımadığım şəxs vardı. Mən də qardaşımgilin stolunda oturdum. Bir yerdə pivə içib, kartla puldan qumar oynadıq. Sonra Sərdar çayxanaya haradansa yemək-içmək gətirdi və Mirzəcanla birlikdə bizdən ayrılıb başqa stolda oturdular. Sonradan çayxanaya gələn Elşən adlı şəxs də Sərdar və Mirzəcanın stoluna keçdi. Onlar üçü bir yerdə çörək yeyib konyak içməyə başladılar. Vüqar və Vasif öz stolunda qaldılar. Sərdargil pivədən başqa birlikdə daha bir şüşə çaxır içdilər. Sonra Sərdar qardaşım Vüqarı öz stollarına dəvət etdi. Vüqar Sərdarın təklifi ilə onlarla konyak içdi. Təxminən saat 21.30-da Vüqar evə getdi. Sərdar, Mirzəcan və Elşən yeyib-içəndən sonra yenidən bizim stola qayıtdılar. Bundan sonra bir yerdə qumar oynamağa davam etdik". "Süpürləşəndə Elşən bıçağı əlimdən aldı" Eldəniz Ramazanov deyib ki, aprelin 25-nə keçən gecə saat 1-də qumar oyununu başa çatdırmaq istəyib: "Lakin Elşən və Sərdar dedilər ki, əgər gedirsənsə, pullarını qoy get. "Uduzmuşam ki, pullarımı qoyub gedim?" deyə onlara sual verdim. Sərdarla aramızda mübahisə düşdü. Əvvəlcə bir-birimizi söydük. Bu vaxt Sərdar yumruqla sifətimdən vurdu. Elşən və Mirzəcan da ona qoşuldular. Üç nəfərin üstümə düşdüyünü görüb bir qədər kənara çəkildim və cibimdə gəzdirdiyim bıçağı çıxararaq tiyəsini açdım. Sonra qışqıraraq "nəyə görə üçünüz mənim üstümə düşmüsünüz, yaxın gəlməyin, yoxsa bıçaqla sizi vuraram" deyə xəbərdarlıq elədim. Sərdar sözümə əhəmiyyət vermədi. O, üstümə gələndə bıçaqla bir dəfə qarın nahiyəsindən vurdum. Bundan sonra Sərdarla tutaşdıq və hər ikimiz yerə yıxıldıq. Həmin vaxt bıçaq əlimdə olub. Sərdarla yerə yıxılmış vəziyyətdə süpürləşəndə Elşən bıçağı əlimdən aldı. Ayağa qalxaraq çayxanadan çıxmaq istədim. Bu zaman Elşən, Mirzəcan və Sərdar çıxmağıma imkan vermədilər. Çayxananı işlədən Bəxtiyar məni onların əlindən alıb çölə çıxardı. Çayxanadan çıxan kimi Taleh adlı şəxsin idarə etdiyi maşına mindim və qardaşım Vüqar yaşayan evə getdim. Vüqarı evdən çağıraraq hadisəni danışdım. Qardaşıma Sərdarı bıçaqla vurduğumu, Sərdargilin üçü birlikdə üstümə düşərək məni döydüklərini dedim. Qardaşıma hadisə yerinə getməyi təklif etdim". Hökm ləğv edildi, yeni cəza təyin edildi Eldəniz Ramazanov qardaşı ilə hadisə yerinə qayıdıb. Onun sözlərinə görə, hadisə yerinə polis əməkdaşlarının gəldiklərini görüb: "Həmin vaxt Sərdarın özü də orada idi. Lakin polis əməkdaşlarına bıçaqlanma hadisəsi ilə bağlı heç kim heç nə deməmişdi. Polislər tələb etdilər ki, oradan dağılışsınlar. Polislər gedəndən sonra Elşən Sərdarı vurduğum bıçağı mənə qaytardı. Bıçağı təxminən 20 metr kənarda olan zibilliyə tulladım və bundan sonra evə getdim". Məhkəmə zərərçəkmiş və şahid ifadələrini dinlədikdən sonra hökmü elan edib. Eldəniz Ramazanov 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Eldəniz Ramazanovun vəkili Əbil Həsənov apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsə həbs olmayan cəzanın verilməsini xahiş edib. Şikayətə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçən prosesdə apelyasiya şikayəti üzrə qərar elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub və Eldəniz Ramazanovun barəsində yeni hökm çıxarılıb. O, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.