Əliyev sözünün üstündə duracaqmı?

13-02-2016, 11:30   
Əliyev sözünün üstündə duracaqmı?

Sadə vətəndaşların kütləvi şikayətlərinə görə kimlər cəzalancaq?

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman Ismayılovun “Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir” başlıqlı hesabat xarakterli məqaləsi dərc olunub. Yazıdan belə məlum olur ki, müraciətlərin 71 faizinə nəzarət qaydasında baxılmış, onların 51 faizi müsbət həll olunmuş, 19 faizi əsassız sayılmış, 13 faizinə müvafiq izahat verilmiş və 17 faizi icradadır.

Ümumiyyətlə, geniş həcmli bu məqaləyə nəzər salanda məlum olur ki, ölkənin müxatəlif yerlərindən prezidentin ünvanına şikayətlər göndərilib və sahibkarlıq məsələləri barədə şikayətlər üstünlük təşkil edir. Bakı şəhəri və onun rayonlarından, Gəncə, Ağcabədi, Ağdam, Ağdaş, Gədəbəy, Imişli, Kürdəmir, Lerik, Masallı, Saatlı, Tərtər, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.


20-dən artıq tikinti şirkəti, müxtəlif rayonlardakı məhkəmə sistemləri, rayon icra hakimyyətləri, vergi sistemi, səhiyyə sistemi, ekologiya sahəsi və digər sahələrlə bağlı şikayətlər daxil olub. Həm də söhbət bir və ya iki şikayətdən getmir. Hər sahəylə bağlı yüzlərlə şikayət ərizələri prezidentə göndərilib. Deməli, bu sahələrdə fəaliyyət həqiqətən də yarıtmazdır və vətəndaşı narazı salır. Amma bu qədər şikayətin qarşılğında, hökumətin adekvat addımı yoxdur.

Qeyd edək ki, ölkə başçısı son 2-3 müşavirəsində günahklarların cəzalanacağını, natəmiz adamların kənarlaşdırılacağını israrla bəyan edib, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlara barmaq silkələyib. Amma həmişə bu hədələrin ünvanı mücərrəd olub və nəticədə cəzasızlıq ənənəsi davam edib. Indi prezidentin ünvanına müxtəlif rayonlardan şikayətlər daxil olub və natəmiz adamların izinə düşmək üçün məqam yaranıb. Əgər 20-dən artıq tikinti şirkəti dələduzluqla məşğul olubsa, vətəndaşın pulunu mənimsəyibsə, buna görə konkret adamlar cəzalandırılmalıdır. Heç kimə sirr deyil ki, Azərbaycanda tikniti şirkətlərinin əksəriyyəti iri məmurların himayəsindədir. Sadə vətəndaşların şikayətlərindən istifadə edərək, bu şirkətləri və arxasında dayanmış məmurları ifşa etmək olar. Yaxud, sifarişlə qərar çıxaran məhkəmə hakimlərini, camaata divan tutan polis rəislərini, vətəndaşı qəbul etməyən icra başçılarını bu şikayətlər əsasında cəzalandırmaq olar.

Amma minlərlə şikayət ərizələri Prezident Administrasiyasına daxil olsa da, hansısa iri məmurun, icra başçısının, polis rəisinin cəzalandırıldığını görən olmayıb. Prezident ən yaxşı halda vəzifəli şəxslərin yerini dəyişir. Guya, mənfi reputasiyaya malik olan icra başçısı başqa bir rayona təyin olunanda tərbiyələnəcək?

Demək istəyirik ki, prezidentin ünvanına yazılmış minlərlə şikayətlərə sadəcə baxılır və sayı qeydə alınır. Bu şikayətlər əsasında operativ araşdırmalar aparmaq, cəza tədbirləri görmək ənənəsi yoxdur.

Əgər yüz nəfər vətəndaş icra başçısından narazılığını bildirirsə, bu hökumət üçün ciddi siqnal olmalıdır və hökumət çevik reaksiya verməlidir.

Yoxsa, hesabat xatirinə əvvəlcə prezidentə gələn “zəhmətkeş məktubları”nı, ardınca şikayətləri tirajlamaqla nəticə dəyişmir.

Əslində, prezidentin ünvanına eyni sahələrlə bağlı şikayətlərin yazılması, cəzasızlıqdan, nəzarətsizlikdən xəbər verir. Diqqət və qayğı şikayət məktublarını oxumaqda yox, bu şikayətlərə uyğun addımlar atmaqda ifadə olunmalıdır.

Bir sözlə, müşavirələrdə natəmiz, yaramaz məmurlara barmaq silkələyən ölkə başçısının əməli addımlar atması üçün xeyli şikayət var. Görəsən, ölkə başçısı sözünü tutacaqmı? Vətəndaşlara bu qədər zülm edən adamları cəzalandıracaqmı? O, şikayətlərin arxasında xalq dayanır, ölkə başçısı da natəmiz adamları cəzalandırmaqla xalqın arxasında dayanmalıdır.

Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar