Nazir balaları harada hərbi xidmət keçir?

13-02-2016, 22:06   


Qabil Hüseynli: “Ən azından onların Bakıda, Sərhəd Qoşunlarında xidmət etməsi barədə xəbərlər var”
Müdafiə naziri Zakir Həsənovun nazir övladlarını da orduya çağırması barədə general-leytenant Yaşar Aydəmirovun fikirləri gündəmin əsas mövzularından birinə çevrilib.
İndiyə qədər iri ranqlı dövlət məmurlarının, eləcə də, imkanlı şəxslərin övladlarının orduya getməməsi, yaxud adlarını yalnız hərbi hissələrdən birinə yazdırmaları, əvəzində kasıb balalarının orduya aparılması kimi cəmiyyətdə gəzən fikirlər daim gündəmdə olub. Bunun fonunda nazir övladları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə qığılcım oyadıb.

Çoxları hesab edir ki, bu amil hazırda dünya ölkələri arasında 50-ci yerdə olan Azərbaycan ordusunun müharibə əhval-ruhiyyəsini daha da artıracaq, nəticədə torpaqlarımızın azad edilməsi istiqamətində güclü ordu formalaşacaq.

Hər kəsin bərabərhüquqlu olduğu yerdə inkişaf daha yüksək olur. İri ranqlı məmurlardan hansının övladının orduya çağırması hələlik ictimaiyyətə açıqlanmasa da, buna inanmaq mümkündür. Çünki Zakir Həsənov nazir postuna gəldiyi gündən Azərbaycan ordusunun əvvəlkindən qat-qat irəliyə getdiyi açıq şəkildə görünür.

Müdafiə Nazirliyinin yayılan xəbərlərə münasibətini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı orduda nazir övladlarının qulluq edib-etməmələrini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən soruşmağımızı uyğun bildi. Həmin qurumdan isə zənglərimizə cavab verilmədi.



Politoloq Qabil Hüseynli yayılan xəbərlərin həqiqəti əks etdirdiyini söylədi: “Zakir Həsənov nazir gələndən bəri orduda böyük islahatlar həyata keçirilir. Ordunun maddi, texniki təchizatı ölçüyəgəlməz dərəcədə yüksəlib. Döyüş hazırlığı və ruhu xeyli artıb. Bu gün Azərbaycan ordusu dünya orduları arasında 50-ci yerdədir. Çox böyük uğurdur. ABŞ-ın ”Stratfor" Araşdırmalar Mərkəzi qeyd edir ki, Azərbaycan ordusu hissə-hissə Dağlıq Qarabağı geri qaytarır. Yaxınlarda Qazaxda ən böyük yüksəklik ordumuz tərəfindən ələ keçirildi. Həmin yüksəklikdən Qarabağa, Ermənistan ərazisinə nəzarət etmək mümkündür. Təmas xəttindəki qarşıdurmalarda daim Azərbaycan ordusu üstünlüyü əldə saxlayır. Erməni postları da kilometrlərlə geri çəkilmək məcburiyyətində qalırlar.

Bundan arxayınlaşmaq olmaz. Məmur övladlarının orduda xidmətə cəlb olunması həqiqətə çox yaxındır. Çünki onların orduya çağırılması Zakir Həsənov nazir gələndən sonra həyata keçirilməyə başlayıb. Ola bilsin ki, onlar Murovdağ və digər təmas xətlərində xidmət keçməsinlər. Ən azından onların Bakıda, Sərhəd Qoşunlarında xidmət keçməsi barədə xəbərlər var. Çətin vəziyyətdə həmin şəxslərin özləri üçün imtiyazlı vəziyyət yaratmaq cəhdləri danılmazdır.

Amma bunlara baxmayaraq, ümumi qaydalara əməl edirlər. Ona görə də, orduda əhval-ruhiyyəni artıran amillərdən biri məhz budur. İnsanlar hərbidə ayrı-seçkiliyin olmadığını, nazir övladlarının da hərbi xidmət keçdiyini gördükcə, onlarda orduya ciddi inam yaranır. Əsgərlər də daha yüksək səviyyədə döyüş hazırlığını və digər işləri həyata keçirirlər. Azərbaycan ordusunun ən böyük uğurlarından biri odur ki, ümumxalq ordusunda heç kəsin yüksək imtiyazı yoxdur".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar