İcra başçısının bina üzləmək marağı: həm də üçüncü dəfə eyni binaları - FOTOLAR

15-02-2016, 10:09   
İcra başçısının bina üzləmək marağı: həm də üçüncü dəfə eyni binaları - FOTOLAR


Paytaxt Bakıda bəzi binaların yenidən üzlənməsinə başlanılıb. Özü də bundan az əvvəl üzlənmiş binaların.

Musavat.com xəbər verir ki, Xətai rayonu, Nobel prospektində yerləşən yaşayış binalarının yenidən üzlənməsinə başlanılıb. Əvvəlcə onu qeyd edək ki, bu binaların fasadı 2015-ci ildə yenilənmişdi. Yol kənarında olan binaların hamısı penoplastla bəzədilmişdi.

Lakin ötən il paytaxtda ardıcıl iki “penoplast faciəsi” yaşandı. Əvvəlcə Xətai rayonunda, daha sonra isə Binəqədidəki binalarda penoplast üzlüyün yanması nəticəsində onlarla insan həyatını itirdi, bir çoxu da yaralandı. Vətəndaşlara maddi və mənəvi zərər dəydi.
Bu iki faciədən sonra həm Bakıda, həm də rayonlarda binalar prezidentin göstərişi ilə penoplastdan təmizləndi. Əvəzində isə bəzi binalar rəngləndi, bəziləri isə alışmayan maddələrlə yenidən üzləndi.



İlk “penoplast faciəsi”nin yaşandığı Xətai rayonundakı bina da yenidən üzlənəcək. Qəzadan sonra yenidən, tamamilə təmir edilən və vətəndaşların istifadəsinə verilən bina bu günlərdə yenidən üzlənməyə hazırlanır. Artıq həmin binanın qonşuluğundakı binalar üzlənib və növbə həmin binaya çatıb. Bu binaların yenidən üzlənməsi zərurətinin nədən yarandığı isə məlum deyil. Maraqlıdır ki, baş verən faciədən sonra bütün binaların fasadı Avropa Oyunları ərəfəsində çox qısa müddət ərzində yenilənmişdi.



Ərazidə olarkən binaların üzünə çəkilən materialla yaxından tanış olduq. İşçilər bildirdilər ki, bu material qum, əhəng və sementdən hazırlanır və uzun ömürlüdür. Bu isə baş verə biləcək hər hansı bir qəzada yanğına səbəb ola bilməz.

Binaların yenidən üzlənməsi zərurətinin nədən yaranmasına gəlincə isə işçilər bildirdilər ki, bu Xətai Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilir, onlar isə sadəcə olaraq verilən göstərişi icra edirlər.



Həqiqətən maraqlıdır yenicə üzlənmiş binaların təkrardan üzlənməsinə nə ehtiyac var? Ölkədə iqtisadi vəziyyətin çətin olduğu, hökumətin böhrandan çıxış yolları axtardığı, maliyyə nazirinin belə "israfçılığa yol verməməliyik" dediyi bir zamanda bu kimə lazımdır?




İlkin Muradov
Musavat.com
Fotolar müəllifindir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar