Redaksiyamıza yeni daxil olmuş məlumatlarda “Avrasiya Xəstəxanalar Qrupu”na daxil olan özəl səhiyyə müəssisələrinin fəaliyyətində indiyədək müşahidə olunmuş vergidən yayınma halları və bir çox digər qanun pozuntularına məhz kimlər tərəfindən şərait yaradılmasına dair maraqlı açıqlamalar təqdim olunub. Xatırladaq ki, qəzetimizin 05.02.2016-cı il tarixli sayında, biz artıq “Avrasiya” hospitalı və “Avrasiya” klinikasının fəaliyyətlərində müşahidə olunan neqativ hallardan bəhs edən bir tənqidi material dərc etmişdik. Yazıda qeyd olunmuşdu ki, redaksiyamıza daxil olan məlumatlarda “Avrasiya Xəstəxanalar Qrupu”na daxil olan tibb müəssisələrinin fəaliyyətində müşahidə olunan ciddi nöqsanlara dair iradlar irəli sürülməkdədir. Məlum olduğu kimi hazırda “Avrasiya Xəstəxanalar Qrupu”na ümumi rəhbərlik “qrupun” sahibi Qafur Cəfərov tərəfindən həyata keçirilir. Daxil olan açıqlamalar görə, bu gün bu xəstəxanalarda tibbi xidmətlərə görə müəyyən edilmiş qiymətlər, hətta bir çox digər özəl klinikalarla müqayisədə belə olduqca yüksəkdir. Xüsusilə “Avrasiya” klinikasındakı tibbi xidmətlər arasında ən bahalı olanı cərrahiyyə əməliyyatlarıdır. Məsələn, ürək əməliyyatlarının qiyməti orta hesabla 3 000 -10 000 manat arasında dəyişir. Ginekologiya şöbəsindəki qiymətlər normal doğuşda 600-1000 manatla, qeysəriyyə əməliyyatı isə, 1200-2000 manat civarındadır. Qanın ümumi müayinələri orta hesabla 15- 40 manat, ultrasəs müayinəsi 20-50 manat, tomoqrafiya müayinəsi isə, 60-140 manatdır. Əldə etdiyimiz məlumatlarda daha bir diqqətəlayiq məqam bu idi ki, Qafur Cəfərovun rəhbərlik etdiyi bu klinikalar vergi ödəmələrindən yayınmalarda da ittiham olunurdular. Mənbə bildirmişdi ki, hətta bu məqsədlə klinikalarda işləyən personalın sayı da real olduğundan xeyli az göstərilir. Bununla belə etiraf olunmalıdır ki, güclü himayədarların olmadığı təqdirdə, vergidən yayınmalara yol verməyə heç də hər müəssisə rəhbəri cürət etməz. Elə son aldığımız məlumatlarda da Qafur Cəfərovu son bir neçə ildə bu xüsusda himayə edən şəxsin adı açıqlanıb. Mənbə bildirir ki, bu şəxs klinika sahibinin qohumu, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov olub. Qeyd edək ki, bu şəxs barəsində ölkə mətbuatında olduqca maraqlı açıqlamalar yayımlanmaqdadır. Bu xüsusda məlumatlarda bildirilir ki, sabiq nazir E.Mahmudovun dövründə, nazirliyin “kassir”i kimi tanınan Tehran Babatov tərəfindən bütün işəgötürmə məsələlərinə nəzarət olunur, həmçinin MTN-in Akademiyasına qəbul zamanı tələb olunan rüşvətin məbləği müəyyənləşdirilir və bu hallar şəxsən özü tərəfindən nümayişkaranə formada bildirilirdi.
Belə ki, ilk dəfə işə qəbul edilən, birbaşa Nazirliyin özünə və ya Bakı qarnizonuna təyinat alan şəxslərdən 70000 ABŞ dolları, Bakı qarnizonundan kənarda yerləşən rayon strukturlarına qəbul edilən əməkdaşlardan isə 50000 ABŞ dolları rüşvət tələb edilirdi. Həmçinin, Akademiyaya kursant qismində qəbul üçün 150000 ABŞ dolları, dinləyici kimi qəbula isə, 30000 ABŞ dolları rüşvət tələb edilirdi. Bütün rüşvətlər Tehran Babatov tərəfindən şəxsən alınır, rüşvət məbləğinin durmadan yüksəlməsinə də elə onun özü nəzarət edirdi. Eyni zamanda, fəaliyyət göstərən əməkdaşlardan nazirliyə və Bakı qarnizonuna təyinat yerinin dəyişdirilməsinə 40000 ABŞ dolları, Bakı qarnizonundan kənardakı digər rayon şöbələrinə təyinat yerinin dəyişdirilməsi üçün 15000 ABŞ dolları rüşvət tələb edilirdi. Göstərilənlərlə yanaşı, Bakı qarnizonunda yerləşən rayon idarələrinə rəis heyətinə təyin edilmək üçün 500000 ABŞ dolları, Bakı qarnizonundan kənarda yerləşən şöbə və idarələrə isə 200000 - 500000 ABŞ dolları civarında rüşvət alınırdı.
Təbii ki, belə bir “nüfuzlu” himayədarın mövcudluğu Qafur Cəfərovun da əl-qolunu xeyli açmış olurdu. Lakin hər dövrün bir sonu olduğu kimi, artıq “Avrasiya”da da özbaşınalıqlara son qoymağın vaxtı gəlib çatmışdır. Ümid edirik ki, bundan sonra vergi orqanlarına və digər aldlyyatı olan instansiyalara “Avrasiya Xəstəxanalar Qrupu”nun fəaliyyətini əsaslı şəkildə araşdırmağa artıq heç kəs əngəl olmayacaq. dia.az