Asif Əzizovun qayınanası və qızının qətlinin bu günə qədər qapalı qalması müəmmaya çevrilib
Bir neçə gün əvvəl Cəlilabad rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Asif Əzizovla bağlı mətbuatda çeşidli məlumatlar yayılmışdı. Həmin məlumatlarda sabiq müavinin keçmiş spiker Rəsul Quliyevin yaxın adamı olması, qaynatasının qardaşının Heydər Əliyevə sui-qəsd hazırlanması məsələsinə görə həbs olunması və digər mətləblərdən bəhs olunurdu.
Lakin Azad.Media-ya daxil olan məlumatlarda Asif Əzizovla bağlı daha bir neçə ilginc məlumatlar daxil olub. Həmin məlumatlardan biri 2004-cü ili əhatə edir. Belə ki, həmin ilin 26 aprelində Yasamal rayonunda dəhşətli qətl hadisəsi baş verib. Qatillər 1947-ci il təvəllüdlü Rahilə Cəlilova və gənc qız aygün Əzizova amansızlıqla öldürüblər.
Məlumatda vurğulanır ki, adları çəkilən şəxslərdən biri Asif Əzizovun qayınanası, digəri isə qızı olub. İddia olunur ki, maddi cəhətdən kifayət qədər zəngin olan Rahil Əzizova evində qətlə yetirilsə də, bunun tamah məqsədiylə edilmədiyi üzə çıxıb. Çünki qatillər evdən heç bir şey aparmayıblar. Və qətlin bu günə qədər hansı səbəbdən baş verdiyi isə məlum deyil.
JAM.AZ Azad.Media-ya istinadən xəbər verir ki, həmin cinayət hadisəsinin qapalı qalmasında ən çox maraqlı olan şəxs elə Asif Əzizov olub. Onun bu addımı niyə və hansı səbəbə atdığı məlum deyil. Düzdür, bu qətllə bağlı bəzi versiyalar var. Lakin bu versiyaları açıqlamağın etik olmadığını düöünərək, onlar haqqında bəhs etməyəcəyik.
İndi isə keçək məsələnin bir başqa tərəfinə. Məsələnin başqa tərəfi odur ki, qətlə yetirilən Rahil Cəlilova əslən Neftçaladan olsa da, onu doğma rayonlarında dəfn etməyiblər. Əksinə, mərhuməni Cəlilabada gətirib, orada dəfn ediblər. Bu məsələnin niyə belə olduğu özü də müəmmalıdır.
Asif Əzizovu xarakterizə edən mənbələr iddia edirlər ki, o, həddindən artıq varlı şəxs olmaqla yanaşı, həm də geniş imkanlara sahib olan biridir. Məsələn, onun bahalı avtomobillərinin olduğunu bilməyən yoxdur. Həmin avtomobillər sırasında isə ən bahalısı «prezident maşını» sayılan «Mercedes MyBach»dır. Qiyməti 320 min dollardan başlayan bu maşının bir əyalət məmurunda olması kifayət qədər təəccüblüdür.
Azad.Media-ya verilən məlumatlarda o da qeyd olunur ki, Asif Əzizovun belə bahalı maşanlara, villalara, imkanlara sahib olmasının bir səbəbi də onun insafsızlığı ilə əlaqəlidir. Mənbələr iddia edirlər ki, sabiq müavin hətta öz sürücüsündən belə yeni evlə təmin olunması üçün pul istəyib. Belə ki, Əzizov evi dağılmış və ailəsi ilə birlikdə komada yaşayan sürücüsünə təklif edib ki, əgər 1000 manat verərsə, ona FHN xəttiylə tikilmiş mənzillərdən birini verdirə bilər.
Mənbə onu da qeyd edir ki, Asif Əzizov 1999-2002-ci illərdə Cəlilabad icra başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışıb. Torpaq islahatları dövrünə təsadüf edən həmin imkan sabiq müavinə geniş imkanlar açıb. Və o, rayonda xeyli həcmdə torpaq sahəsini yaxın qohumlarına ərməğan edib. Hətta iş o yerə çatıb ki, Cəlilabad Çörək Zavodunun 0,88 ha ərazisini belə özəlləşdirib.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfi dinləməyə hazırıq.