Bakıda 45 milyon manatlıq kredit fırıldağı

19-02-2016, 11:04   
Bakıda 45 milyon manatlıq kredit fırıldağı


«Texnikabank»a qarşı müdhiş dələduzluq əməliyyatı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Interalyans” MMC-nin təsisçisi Cavidan Hacıyev və “Meridian Company” MMC-nin təsisiçisi və direktoru Rauf Kərimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rasim Sadıqov sədrlik edib. Virtualaz.org-un xəbərinə görə, prosesdə Vergilər Nazirliyinin (VN) Audit Idarəsinin əməkdaşı Bəhman Abbasov ifadə verib. VN-in işçisi ifadəsində bildirib ki, “Meridian Company” MMC yol vergisindən yayınıb.


Şahid istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda “Bank Technique” ASC-yə qarşı üst-üstə 45 milyon manata yaxın dələduzluq əməli törədiblər. Amma uzun illər törətdikləri cinayətlərə rəğmən kimin və ya kimlərinsə dəstəyi ilə məsuliyyətdən yayına biliblər.

Baş Prokurorluğun mətbuat xidmətinin 28 mart, 2014-cü ildə yaydığı rəsmi açıqlamada bildirilirdi ki, “Bank Technique” ASC-dən (keçmiş “Texnikabank”) qanunsuz yolla 45 milyon manata yaxın kredit götürən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib: “Bank Technique” ASC-dən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Istintaq zamanı “Interalyans” MMC-nin təsisçisi Cavidan Hacıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə “Trans-Alyans”, “Qarant-Ko” MMC və digər şirkətlər yaratmaqla onların adına “Bank Technique” ASC-dən müxtəlif vaxtlarda hissə-hissə cəmi 18 milyon 715 min 552 manat məbləğində kredit rəsmiləşdirməklə götürüb mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”.

Istintaqla müəyyən edilib ki, Rauf Kərimov özgənin külli miqdarda əmlakını ələ keçirib, dələduzluq edib. Belə ki, o, 2007-ci ildə “Meridian Company” MMC-nin direktoru işləyərkən tanışı Azər Əmiraslanovu birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarına inandırıb. Sonuncunun ona olan inamından istifadə edərək onun 1 milyon dollar pulunu alıb və özünün şəxsi ehtiyaclarına sərf edib.

Bundan başqa Rauf Kərimov şəriki Cavidan Hacıyevlə əlbir olub cinayət əlaqəsinə girərək “Texnikabank” ASC-dən 25 dekabr, 2008-ci il tarixli kredit müqavilələri əsasında “Faktum”, “Bəzz” və “Sağlam Rəqabət”, o cümlədən Cavidan Hacıyevin rəhbərlik etdiyi “Transalyans” və “Interalyans LTD” MMC-lərin adına 30 milyon manat vəsait götürüb. Həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərəncam vermə hüquqları əldə edib. Bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd alıb və aralarında 26 dekabr, 2008-ci il tarixdə bağlanmış sazişə əsasən məbləğin 13 milyonu R.Kərimovun, 12 milyonu isə C.Hacıyevin götürməsi müvafiq qaydada razılaşdırılıb.

Digər təqsirləndirilən Cavidan Hacıyev özgənin əmlakını ələ keçirmək məqsədilə Muşdabə Mövsümxaniyə məxsus Xətai rayonu, Gəncə prospekti, 27 saylı evdə yerləşən mənzili guya rəhbərlik etdiyi “Interalyans LTD” MMC-yə girov qoymaqla ona aşağı faizlə kredit verəcəyini vəd edərək aldadıb. Həmin mənzili “Atrabank” ASC-də girov kimi rəsmiləşdirməklə “Interalyans LTD” MMC-nin adına götürdüyü 88 min manat pulun 22200 dollarını 36 ay müddətinə qaytarmaq şərtilə Müşdəba Mövsümxaniyə verib.

M.Mövsümxanlı tərəfindən kreditin ödənilməsi üçün ona verilmiş 32200 dolları, eyni zamanda kredit müqaviləsi zamanı özünün əldə etdiyi 40 min manatı banka ödəməyərək qanunsuz sahibkarlıqla məşğul olub, zərərçəkmişə külli miqdarda ziyan vurub.

Bundan başqa, o, özgənin əmlakını ələ keçirmək məqsədilə “Transalyans” MMC-dən Tiflisə Həsənovaya ipoteka ilə 50 min manat məbləğində kredit verəcəyini vəd edərək aldadıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Rauf Kərimov ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O,ifadəsində bizneslə məşğul olduğuna görə ölkə ərazisində fəaliyyət göstərən banklarla işlədiyini, işlə əlaqədar banklardan kredit götürdüyünü və vaxtlı-vaxtında qaytardığını göstərib.

Təqsirləndirlən şəxs qismində dindirilən Cavidan Hacıyev də ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, buna görə də banklardan kredit götürdüyünü, vəsaitləri vaxtlı-vaxtında ödədiyini göstərib. Ifadəsində Rauf Kərimovun ona qarşı dələduzluq etdiyini, həm onu, həm də başqalarını aldatdığını deyib.

Təqsirləndirilən şəxslərin hazırda həbsdə olan “AMAY Abdulla” ilə də ortaq biznes əlaqələri ortaya çıxıb. Belə ki, 2009-cu ilin əvvəllərində A.Abdullayevə məxsus olan “Qaradağ Tikinti” ASC-nin direktoru Əmirağa Xəlilovun Cavidan Hacıyevə sement üçün 350 min manat borcu yaranıb.

C.Hacıyevlə A.Abdullayev arasında razılaşma olub ki, sonuncu “AMAY” MMC-nin Bakı şəhəri, Nobel prospekti, 23-də yerləşən obyektindən “Texnikabank” ASC-yə girov qoyaraq 25 milyon manat məbləğində kredit götürmək üçün əmlak verməli, C.Hacıyev götürülmüş puldan A.Abdullayevin 6 milyon manat borcunu silməli, əlavə 6 milyon manat isə nağd pul verməlidir.

Şahid ifadələrinə görə, bu səbəbdən A.Abdullayev AMAY-ın 13 min kv.m əmlakının “Texnikabank” ASC-yə, 1699 kv.m əmlakını “Atrabank” ASC-yə girov qoyulmasına razılıq verib. C.Hacıyev “AMAY”-ın əmlaklarını girov qoyaraq “Texnikabank” dan 25 milyon kredit götürüb. Amma götürülən kreditdən A.Abdullayevə bir qəpik də verilməyib. A.Abdullayev pullarını C.Hacıyev və R.Kərimovdan dəfələrlə tələb etsə də nəticəsi olmayıb.

Xatırladaq ki, hələ 2011-2012-ci illərdə mətbuatda Rauf Kərimovun “Texnikabank”a “atması” haqda kifayət qədər məlumatlar yayılmışdı. Həmin məlumatlarda deyilirdi ki, illərlə fəaliyyətsiz qalmış, paytaxtın gözəgəlimli ərazilərindən birində yerləşən “Bakı” mehmanxanasını bu şəxs Azərbaycanın ən məşhur soyadlarından birinin sayəsində “Texnikabank”a girov qoyaraq oradan 15 milyon manat kredit götürüb. Lakin R.Kərimovun sonradan həmin məşhur soyada da “atıb” və 12 milyonu götürərək aradan çıxıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar