Yaxud, 5.8 manatla yaşayan təqaüdçü
Əminliklə demək olar ki, bu ölkədə baş verənlər dünyanın heç bir ölkəsində təkrarlanmır və təkrarlana bilməz. Yəni, mümkün deyil ki, bir ölkəyə 100 milyardlarla vəsait daxil olsun, hökumət komandası milyarderə çevrilsin, vətəndaş dilənçi vəziyyətinə düşsün və bütün bunlar “uğurlu inkişaf” kimi təqdim edilsin. Amma Azərbaycanda bu da mümkündür. Faktiki olaraq vətəndaşa verilən əməkhaqqı minimum ehtiyacları ödəmir. Məhz bunun nəticəsidir ki, 2.5 milyon vətəndaşın banklara 22 milyard borcu var.
Bugünlərdə isə hökumət təqaüdçülərə növbəti “qayğı”sını göstərdi. Belə ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Prezidentin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.
Deməli, bütün məhsulların qiymətinin 30-40 fazi artmasından, milli valyutanın iki dəfə devalvasiyasından sonra əmək pensiyalarının orta aylıq məbləği 1.5 faiz artıb. Belə çıxır ki, bu ölkədə milyonlarla insan 176 manatın ümidinə qalıb. Deməli, təqaüdçü hər gün 5.8 manatın girovluğunda yaşayır. Görəsən, hökumət komandası bu bölgüyə uyğun yaşaya bilərmi? Utanmadan inkişafdan, əhalinin yüksək həyat şəraitindən danışırlar. Hətta kasıb Gürcüstanda və Ermənistanda da vətəndaşı bu qədər kiçiltmirlər. Niyə bu qədər sərvət, bu qədər milyardlar xalqın taleyində hiss olunmayıb?
Yeri gəlmişkən Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlar üzrə satışın həcmi 4,1 faiz artaraq 1 milyard 124,8 milyon manata, qeyri-ərzaq məhsullar üzrə isə 5,2 faiz artaraq 1 milyard 118,4 milyon manata bərabər olmuşdur.
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 18,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. Bir sözlə, Statistik məlumata görə bir ayda ölkə əhalisi öz tələbatını ödəmək üçün 1.2 milyard pul xərcləyib. Statistika Komitəsinin başqa bir məlumatına görə isə əhalinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9 milyon 705 min nəfər olub. Əgər statistik məlumata istinad edib 1.2 milyardı əhalinin sayına bölsək, adambaşına düşən xərc 123 manat edir. Bu 123 manatı 30 günə böləndə isə adambaşına 4 manat düşür. Bəli, rəsmi şəkildə etiraf olunan budur ki, ölkə əhalisi ötən ay hər günə 4 manat xərcləməklə yaşayıb. Yəqin ki, bu rəqəm analoqsuz tənəzzülün, səfalətin göstəricisidir. Çünki, 4 manatla gündəlik tələbatı ödəmək olar…
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.