Rusiyanın “B planı” fiasko oldu - Poroşşenko prezidentdir!

26-05-2014, 10:37   

Ukraynada kritik seçki... baş tutdu; Kremlin sponsoru olduğu separatçı qüvvələrin sabotajına və çoxsaylı təhdidlərinə baxmayaraq Ukrayna xalqı seçimini etməyi bacardı; ölkədə yüksək seçici fəallığı qeydə alındı; əməkdaşımız Maydan hadisələri ilə qaynar qazana çevrilən məkandan yazır; Azərbaycanın da siyasi taleyinə təsirsiz ötüşməyəcək hadisə dünyanın diqqətində...

Dünən dünyanın gözü Ukraynaya dikilmişdi. Rusiyanın birbaşa müdaxiləsi nəticəsində ərazi bütövlüyü pozulan bu ölkədə xalq özünə yeni prezident seçməli idi. Gözlənildiyi kimi, gün ərzində Ukraynadan gələn xəbərlər təkcə dinc xarakterli, seçkilərlə bağlı olmadı.
Öncə onu qeyd edək ki, seçkilərin əsas favoriti, demokratik düşərgənin təmsilçisi, iş adamı Pyotr Poroşenko idi. Bundan əlavə, sabiq baş nazir Yuliya Timoşenko də şanslılar sırasında yer alırdı. Ümumilikdə seçki marafonuna 20-dək iddialı qatılmışdı.
Səsvermə Bakı vaxtı ilə saat 9:00-da (7:00) başlayıb, 22:00-da başa çatmalı idi.
Kiyevə ezam olunmuş əməkdaşımız Aygün Muradxanlının ölkə MSK-na istinadən verdiyi məlumata görə, lap tezdən ölkə boyu olduqca yüksək seçici fəallığı müşahidə edilib.

* * *
Seçkiləri 100 min insan qoruyub


Ukraynada seçkilərin təhlükəsizliyini 100 min insan qoruyub. Bu haqda daxili işlər nazirinin məsləhətçisi Stanislav Reçinski məlumat verib. Qanun qoruyucuları seçki məntəqələrində və ictimai yerlərdə xidmət aparıblar (anspress). “Seçkilərin keçirilməsi zamanı və ictimai asayişin təhlükəsizliyinin mühafizəsi olunması məqsədi ilə hüquq-mühafizə orqanlarının 82 078 işçisi və ictimai formalaşmaların 17 528 üzvü cəlb edilib”, - deyə o bildirib.

Reçinski qeyd edib ki, seçki məntəqələrində bilavasitə 64 264 insan xidmət aparır. Onlardan 49 525 daxili işlərin orqanlarının əməkdaşı, 14 569 fövqəladə vəziyyətlərin aradan qaldırılma nazirliyin əməkdaşları və 170 nəfər vergi milisinin əməkdaşıdır. Həmçinin o, bildirib ki, 30 458 əməkdaş ictimai yerlərdə qanun-qaydanı təmin edir, ehtiyatda təxminən 5 min güc strukturunun işçisi var.

* * *
Poroşenko və Kliçko paytaxtda səs verib

Ukraynada növbədənkənar prezident seçkilərinin favorit namizədi Pyotr Poroşenko Zabitlər Evində səs verib. Ailə üzvləri ilə seçki məntəqəsinə gələn Poroşenko təxminən 20 dəqiqə növbədə gözləməli olub. Sıralarını gözləyən Poroşenko ailəsi vətəndaşlarla söhbət etdikdən sonra seçki bülletenlərini götürüb səsvermə otağına daxil olublar.

Poroşenkonun kiçik oğlu səsvermə yaşına çatmasa da atasını müşayiət edib.
Səsvermədən sonra jurnalistlərə qısa açıqlama verən Pyotr Poroşenko deyib ki, Ukraynada prezident seçilərsə, ilk işi ölkədəki separatçılığı ləğv etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək olacaq: “Hədəfimiz azad, müstəqil, güclü dövlət qurmaqdır. Biz Ukraynanı dünyada sayılan yeri olan dövlətlər sırasında görmək istəyirik, bunun üçün qüvvələrimizi səfərbər etməyə hazırıq. Hətta prezident seçilməsəm belə, öz dövlətimin möhkəmliyi və xalqımın rifahı üçün səylərimi əsirgəməyəcəm. Seçki qərargahımdan aldığım xəbərlərə görə, vətəndaşlarımız yüksək seçici fəallığı göstərir. Mən Ukrayna üçün bu ağır günlərdə öz məsuliyyətini dərk edərək seçkiyə gələn bütün vətəndaşlarımıza təşəkkür edirəm”.

Prezidentliyə namizəd Krımla bağlı planlarını da açıqlayıb: “Bu gün Ukraynanın gələcəyi ilə bağlı çox önəmli bir qərar verilir. İnanıram ki, bugünkü seçkidə hansı namizəd qələbə çalsa, onun ən birinci vəzifəsi Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, Krımı Rusiyanın işğalından azad etmək olacaq. Əgər mən prezident seçilsəm, ilk qərarlarımdan biri Krımla bağlı xüsusi dövlət komissiyası yaratmaq olacaq. Bu komissiyaya Krımın işğaldan azad edilməsi üçün uyğun dövlət qurumları, eləcə də beynəlxalq birliklərlə əməkdaşlıq səlahiyyəti veriləcək. Mən heç bir şübhə etmirəm ki, Ukayna ən qısa zamanda Krımı azad edəcək. Bütün vətəndaşlarımızı da buna inanmağa çağırıram”.
Sözünü “Slava Ukraini!” (“Yaşasın Ukrayna!”) şüarı ilə başa vuran Poroşşenkoya Ukrayna jurnalistləri və seçicilər də qoşulub.

Poroşenkodan sonra seçki məntəqəsinə Vitali Kliçko gəlib. Yada salaq ki, dünən Ukraynada həm də Kiyev meriyasına, Kiyev bələdiyyə məclisinə və Kiyev Şəhər Administrasiyasına seçkilər keçirilirdi. Paytaxt merliyinə əsas namizəd Vitali Kliçko seçkiyə həyat yoldaşı və qardaşı ilə gəlib...

* * *
Seçkilər baş tutdu - Putinin planı alınmadı...

“Ukraynada prezident seçkiləri baş tutdu, nədən ki, saat 17:00-a (Bakı vaxtı ilə 19:00- red.) olan məlumata görə, seçicilərin 50 faizdən çoxu artıq səs verib”. Bu barədə dünənki brifinqdə parlamentdəki “Batkıvşina” (Yuliya Timoşenkonun partiyası) fraksiyasının sədr əvəzi Sergey Sobolovev açıqlama verib.

Onun sözlərinə görə, bu, o deməkdir ki, ölkədə seçkilər baş tutmuş hesab oluna bilər: “Biz hər saat seçkilərlə bağlı operativ məlumat alırıq. Saat 17:00 üçün seçki məntəqələrinə seçicilərin 50 faizdən çoxu gəlib və səs verib. Həlledici məsələ, yəni Rusiyanın və şəxsən cənab Putinin seçkiləri pozmağa hesablanmış planı puç oldu. Belə bir şey baş vermədi” - deyib siyasətçi.

Qeyd edək ki, gün ərzində ölkənin ən narahat bölgələri olan Luqansk və Donetskdə separatçı qüvvələr tərəfindən seçicilərə total təzyiqlər, bəzi məntəqələrə isə basqınlar olsa da bir çox seçicilər səsvermə məntəqələrinə gələrək hər halda vətəndaşlıq vəzifələrini yerinə yetirə biliblər.

* * *
Beləliklə, dünən gün ərzində Ukraynadan gələn və həm də həyəcanlı xəbərlərdən belə qənaət hasil olur ki, Moskvanın gizli-açıq dəstək verdiyi separatçı qüvvələrin çoxsaylı sabotajlarına, ölkənin cənub-şərqində əhalini total şəkildə qorxutmasına baxmayaraq Ukraynada dünyanın diqqətlə izlədiyi prezident seçkiləri hər halda, baş tutub; xalq öz iradəsini sərbəst şəkildə ifadə edib. Özü də kifayət qədər yüksək seçici fəallığı ilə.
Bu mənada Kremlin postsovet məkanı ölkələrinin, o cümlədən Azərbaycanın bundan sonrakı siyasi taleyinə təsirsiz qalmayacaq 25 may seçkilərini pozmaq planı (“B planı”) fiaskoya uğramış sayıla bilər.

P.S. Qəzet çapa gedərkən exit-pollun açıqladığı nəticələrə görə, Pyotr Poroşşenko seçici səslərinin 57, Yuliya Timoşenko isə 12, Oleq Lyaşko isə 8 faizini qazanıb. Səsvermədə elektoratın 55 faizi iştirak edib. Böyük ehtimalla, seçki birinci turdaca tamamlanıb.
/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.