Nizami Cəfərov: “Əli İnsanov təsadüfi adam deyil...”
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, YAP-çı deputat Nizami Cəfərov sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunmasını istəyir.
Bu barədə N.Cəfərov “Reytinq” qəzetinə müsahibəsində bildirib.
Komitə sədri ölkə prezidenti İlham Əliyevin 28 May-Respublika Günü öncəsi əfv fərmanı verəcəyinə ümid etdiyini deyib: “Heç kim kiminsə həbsxanada qalmasını istəməz. Müsbət haldır ki, cənab prezident bu cür humanist addımlar ataraq, vaxtaşırı məhkum olunmuş insanları əfv edir. Mən də bir millət vəkili olaraq istəyirəm ki, Əli İnsanov azadlığa buraxılsın. Təbii ki, onun müəyyən səhvləri var, məhkəmə prosesləri keçirilib, təqsirini özü də bilir, cəmiyyət də. Amma əfvin xüsusiyyəti elə budur ki, cəzasının müəyyən hissəsini çəkmiş adam azadlığa buraxılsın. Günahsız adamın həbsxanada nə işi var ki, əfv də olunsun? Yəni, əslində, təqsiri olanlar əfv olunur. Nəzərdə tutulur ki, onlar öz təqsirlərini başa düşürlər, cəzalarının bir hissəsini çəkiblər, bundan sonra qanunlara riayət edəcəklər, dövlətçiliyin müdafiəsində duracaqlar”.
N.Cəfərov sabiq səhiyyə naziri Əli İnsanovu dövlətçlikdə rol oynamış şəxs kimi xarakterizə edib: “Əli İnsanov təsadüfi adam deyil, o, dövlətçlikdə rol oynamış insanlardan biridir. Məhkəmə prosesləri keçirilibsə, həbsdə qalıbsa, deməli, onun təqsiri olub. Əlbəttə, əfv fərmanının imzalanması qanunla, konstitusiya ilə Azərbaycan prezidentinin səlahiyyətinə aid olan məsələdir. Prezident İlham Əliyev də hər zaman bu səlahiyyətdən yetərincə, istifadə edib. Çoxlu sayda insanların həbs müddəti azaldılıb, azadlığa buraxılıblar. Ümid edirəm ki, 28 mayda əfv ola bilər”.
Qeyd edək ki, Əli İnsanovun yaxın günlərdə əfv fərmanı ilə azadlığa buraxılacağı haqda son bir həftə ərzində məlumatlar yayılıb.