Və ya icra başçısı camaatla görüş keçirən zaman dayandığı binanın divarlarına və pəncərələrinə baxsaydı nə görərdi?
Füzuli rayonunun icra başçısı Alı Alıyev bu yaxınlarda Birinci və Beşinci Qayıdış qəsəbələrində, habelə Araz Dilağarda və Araz Zərgər kəndlərində əhali ilə görüşlər keçirib. JAM.AZ xəbər verir ki, həmin görüşlərdə icra başçısı ölkənin iqtisadi inkişafından, rayonda aparılan islahatlardan, iqtisadi uğurlardan və əhalinin sosial-iqtisadi vəziyyətindən danışıb. Təbii ki, Alıyev həmin çıxışlarında hər şeyin «gül» kimi olduğunu vurğulayıb və vəziyyətin «əla» olduğunu deyib.
Lakin icra başçısı görüş keçirdiyi məkana qətiyyən diqqət etməyib. Daha doğrusu, Alı Alıyev qarşısında dayandığı binanın barı damına, divarlarına və pəncərələrinə baxaydı. O zaman danışdıqları ilə real vəziyyət arasındakı ziddiyyəti görərdi. Çünki dayandığı binanın divarları uçub, sökülmüş vəziyyətdə, pəncərəsinin şüşələri isə qırıq haldadır. Bunu fotolardan da aydın şəkildə görmək olardı.
JAM.AZ xəbər verir ki, Alı Alıyevin ya başının üzərindən xəbəri yoxdur, ya da real vəziyyəti qiymətləndirmək qabiliyyətini itirib. Onun iqtisadi uğurlar dedikdə uçuq-sökük binaları nəzərdə tuturdusa, bunun adı uğur deyil, böhrandır. Hətta bunu da görmürdüsə, heç olmasa camaatın vəziyyətini öyrənəydi. O zaman insanların hansı vəziyyətdə yaşadığını açıq-aşkar görə bilərdi.
Təbii ki, Alı Alıyevi maraqlandıran insanların faktiki durumu deyil, yuxarılara verəcəyi hesabatlardır. Üstəlik, yalançı statistikalar fonunda kimdən nəyi gizlədəcəyini bilməyən icra başçısı, həm də real vəziyyəti qiymətləndirmədən addım atarsa, yenidən yanvar hadisələrinin təkrarlanması qaçılmaza çevriləcək. Ona görə ki, insanlara normal güzəran lazımdır, yalançı rəqəmlər, pafoslu çıxışlar yox.