Şəmkir sakini: «Necə olur, 2 min evdən 1999-unu saxlayıb birini sökürlər?»
“Deyir, ”örüş sahəsidir, ev tikmək olmaz”. Razıyam, örüş sahəsində ev tikməzlər. Bəs, görəsən, həmin örüş sahəsində azı 2 min evi necə tikiblər? Üstəlik, 6 min nəfərə torpaq sahəsini ev tikintisi üçün necə satıblar? Tikdiyim evin uçurulduğu sahədə vəziyyət belədir”.
2 min evdən biri sökülür…
Şəmkir rayon sakini Şəhriyar Tağıyev “Azadlıq” radiosuna danışır ki, rayon icra hakimiyyəti onların başa vurmaqda olduqları tikilini söküb. Söküntüdən sonra ailəyə bildirilib ki, ərazi örüş sahəsi olduğundan orada ev tikmək olmaz. Icra hakimiyyətinin söküntüyə görə gətirdiyi bu səbəb ailəni təəccübləndirib: “Şəmkirdə ”KRAZ yolu” kimi tanınan ərazi var. Orada son 5 ildə təqribən 2 min ev tikilib. Hələ üstəlik, 6 min nəfərə də orada ev tikmək üçün torpaq sahəsi satılıb. Yəni bu torpaqları elə icra hakimiyyəti özü camaata satıb. 2 min evi bir gecədə tikməyiblər ki? Bircə mən ev tikmiş olsaydım, razılaşardım. Deyərdim, “bir səhvdir, eləmişəm”. 5 ildə niyə icra hakimiyyəti həmin evlərə dəyməyib? Necə olur, 2 min evdən 1999-unu saxlayıb birini sökürlər? Məncə, səbəbi sizə də aydın oldu”.
“1 sutka ac-susuz saxladılar”
Şəhriyar Tağıyev deyir, uzun illərdir 6 nəfərlik ailə kirayələrdə yaşayır. Ailənin başçısı Eyyub Tağıyev Əfqanıstan veteranı və əlilidir. Elə evi tikməkdən ötrü bankdan krediti də onun adına götürüblərmiş: “6 sot torpağın sənədləri torpağa dair arxiv arayışından, qərardan ibarətdir. Torpağa ilkin sənəd düzəltdirmək üçün çox gedib gəldik. Baxdıq ki, istədikləri rüşvətin məbləği torpağın öz qiymətindən və tikmək istədiyimiz evdən daha çoxdur. Hansı qapını döyürsən, deyir, ”get, pul gətir”. Atamın adına bankdan kredit götürüb tikintiyə başladıq ki, damını düzəldib içərisinə yığışaq, kirayələrdən canımız qurtarsın. Səhər obaşdan xəbər aldıq ki, icra hakimiyyətinin işçiləri gəlib, polis gəlib, evi uçurdurlar. Getdik, qarşısını ala bilmədik. Əlil atamı tutub polis şöbəsinə apardılar. 1 sutka ac-susuz orada saxladılar. Şikayət edəcəyimiz halda vəziyyətimizin ağır olacağını dedilər. Artıq ev hazır idi, bircə üstünü bağlamaq qalmışdı. Adama təsir edən həm də odur ki, tikintini aparanda biri də gəlmir, tikirsən, başa çatdırırsan, evin üstünü bağlayanda gəlib viran qoyurlar”.
Şəhriyar Tağıyevin sözlərinə görə, yerli bələdiyyəyə müraciət edib. Bələdiyyədən ona bildirilib ki, həmin torpaq sahəsini ona 2 min 500 manata sata bilərlər: “Bir torpaq sahibinə pul vermişəm, indi bir də bələdiyyəyə pul verməliyəm. Bir də ki, örüş sahəsidirsə, bələdiyyə o sahəni bizə necə satacaq, anlamıram. Deməli, pul verməyəndə örüş sahəsi olur, pul verəndə yox?”
“Son 1 ildə qarşısını alırıq”
Şəmkir rayon Icra Hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Tağıyevlərin yarımtikilisi sökülən ərazidə daha bir neçə ev də sökülüb: “O torpaqların təyinatı fərdi ev tikmək üçün deyil. Ora işıq, qaz, su xətləri də çəkilməyib. Çünki örüş sahələridir. Əvvəllər orada qanunsuz tikintilər aparılıb, son 1 ildə qarşısını alırıq”.
Ancaq icra hakimiyyəti indiyədək 2 min evin ərazidə necə tikilməsi ilə bağlı suallara aydınlıq gətirməyib.
Şəmkir bələdiyyəsindən isə bildirilib ki, qeyd olunan ərazidə torpaq sahəsinin vətəndaşa satılması təklifi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil.