Ölkənin qeyri-rəsmi olaraq quberniya sistemi ilə idarə olunduğu kimsəyə sirr deyil. Rayonlar və bölgələr müxtəlif iri ranqlı məmurlar arasında bölüşdürülüb və həmin rayonlara da məhz “qubernator məmurlar”ın təqdimatı əsasında rəhbərlər təyin olunur.
Savash.org bildirir ki, son vaxtlara qədər icra başçılarına kuratorluğu nazirlər və komitə sədrləri həyata keçirdisə indi müəyyən dəyişikliyə şahidlik etməkdəyik. Son illərin tendensiyasında iri şəhərlərin icra başçılarının da “qubernator” sifətində çıxış etməsi müşahidə olunur. Məsələn, Gəncə meri Elmar Vəliyev bir sıra ətraf rayonlara da(Bərdə, Yevlax, Tərtər və s.) qeyri rəsmi nəzarəti həyata keçirir.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov da bu baxımdan önəmli uğurlar əldə etmiş icra başçılarından sayıla bilər. Sumqayıta rəhbər sifəti ilə gəldikdən sonra o, müavini İradə Gülməmmədovanı öz yerinə, bacısı oğlu Məhəmməd Həsənovu isə Abşeron RİH başçısının birinci müavini postuna gətirtməklə faktiki olaraq bu rayonu da nəzarəti altına alıb.
Bu günlərdə bəzi icra başçılarının görəvdən alınması və yerdəyişməsi prosesindən isə Zakir Fərəcov maksimum uğurla çıxmağı və “imperiyasının sərhədlərini” əhəmiyyətli şəkildə genişləndirməyi bacarıb.
Məlum olduğu kimi Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov tutduğu vəzifədən azad edilib. Onun isə Sumqayıt ŞİH başçısı Zakir Fərəcovla ziddiyyətdə olduğu bildirilir. Elə bunu nəzərə alaraq Akif Səlimovun “vurulmasında” Zakir Fərəcovun “əl izlərini” axtarmaq heç də yersiz sayılmamalıdır. Hazırda işdən çıxarılan icra başçısının səlahiyyətlərini Zakir Fərəcovun yaxın qohumu olan Aqil Nəzərlinin icra etməsi də həmin şübhələri artırır.
Savash.org-un əldə etdiyi məlumata görə, Laçın RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqil Nəzərli işdən çıxardılan Akif Səlimovun xidməti kabinetində əyləşir və rayona rəhbərlik məhz ona tapşırılıb. Yaxın günlərdə isə onun rəsmi şəkildə Laçın RİH başçısı postuna təsdiqlənəcəyi gözlənilir. Daxil olan məlumata görə, onun bu yüksəlişi bibisi oğlu Zakir Fərəcovun ağsaqqallığı sayəsində mümkün olub.
Zakir Fərəcovun “xüsusi qayğısı” altında olan icra başçılarından biri də Sevindik Hətəmovdur. Xatırladaq ki, Sevindik Hətəmov sonuncu dəyişikliyə qədər Yardımlı RİH başçısı postunu tuturdu, hazırda isə Salyan rayonuna rəhbərlik edir. Məlumata görə, onun işləmək üçün “əlverişsiz” hesab olunan dağ rayonu Yardımlıdan nisbətən qazanclı Salyan rayonuna gətirilməsi də Zakir Fərəcovun xidmətidir. Qeyd edək ki, Sevindik Hətəmov Zakir Fərəcovla həmyerli olmaqla yanaşı, onların çox yaxın dostluq münasibətləri də var.
Görünən isə odur ki, bir vaxtların hesaba belə alınmayan bələdiyyə sədri indi qubernatorluq yolundadır. Zakir Fərəcov faktiki olaraq 4 inzibati ərazi vahidinə rəhbərliyi həyata keçirir: Sumqayıt, Abşeron, Laçın və Salyan.
Amma Savash.org-a daxil olan məlumatlar bu siyahının arta biləcəyini düşünmək üçün əsaslar yaradır.
Əldə etdiyimiz məlumata görə, Zakir Fərəcovun ələ keçirmək istədiyi rayonlardan biri də Binəqədidir. Binəqədinin hazırkı icra başçısı Xaləddin İsgəndərovla “mehriban düşmən” statusunda olan Zakir Fərəcov onu devirməklə nəzarətindəki rayonların sayını 5-ə yüksəltməyi planlaşdırır. Onun bu məqsədlə hakim kluarlarda və özünə yaxın mediada Xaləddin İsgəndərov haqda mənfi ictimai rəy formalaşdırmağa çalışması haqda bilgilərə sahibik. Bununla bağlı daha detallı məlumatları isə yaxın günlərdə diqqətinizə çatdıracağıq.