Ağsu polisindən vətəndaşa qarşı reket qaydaları – VİDEO

11-03-2016, 09:47   
Ağsu polisindən vətəndaşa qarşı reket qaydaları – VİDEO

İsmayıllı rayon sakini Mehman Səfərov bir neçə gün bundan əvvəl cumhuriyyət.az saytına müraciət edərək, Ağsu polisinin ona qarşı həyata keçirdiyi qanunsuzluqdan danışmışdı. “Ağsu polisində özbaşınalıq” başlıqlı həmin yazımızda bildirmişdik ki, Mehman Səfərov 03 mart 2016 cı il tarixində Ağsu rayonunda yerləşən regional qeydiyyat imtahan və texniki baxış şöbəsinə avtomobilini texniki baxışdan keçirmək üçün gedibmiş.
Mehman Səfərov cumhuriyyet.az-a bildirib ki, həmin gün sürücülük vəsiqəsi almaq niyyəti də olub və bu niyyətini reallaşdırıb: “Mən Ağsunun mərkəzinə kapital banka pul ödəmək üçün qayıtmışdım. Avtomobilimi dostum Füzuli Cəfərov idarə edirdi. Biz nəzərdə tutulan ödənişi həyata keçirib imtahana qayıdarkən, rayonun mərkəzində Ağsu yol patrul xidmətinin əməkdaşı Rais Baxşıyev bizi saxladı. Nəqliyyatın sahibi mən olduğum üçün yerə düşdüm və vəziyyəti ona izah etdim. Rais Baxşıyev avtomobilimin texniki baxışı olmadığını bildirdi və mənə indi nə edək, nə verə bilərsən deyərək müraciət etdi. Mən ona cavab verdim ki, mən niyə sizə nə isə verməliyəm? Bu vaxt o hay-küy salaraq mənə bildirdi ki, sən sürücülük vəsiqən olmadan nəqliyyat vasitəsini idarə etmisən. Bu minvalla Rais Baxşıyev əraziyə heç bir hal şahidləri çağırmadan, avtomobilə baxış keçirmədən, təkbaşına avtomobilimə əyləşərək onu rayon polis şöbəsinə apardı”.Ağsu polisindən vətəndaşa qarşı reket qaydaları – VİDEO
Mövzu ilə bağlı cumhuriyyet.az olaraq məsələni araşdırmaqda davam edəcəyimizə söz vermişdik. M.Sadıqovdan hadisədən sonrakı vəziyyət haqda məlumat aldıq: “Artıq aradan bir həftədən çox vaxt keçib, hələ də mənə məxsus olan avtomobilim Ağsu rayon polis şöbəsində girovluqda saxlanılır. Mən bu barədə daxili işlər nazirliyinin qaynar xəttinə, 102 saylı xidmətinə zəng etmişəm. İndi mənə Ağsu rayon polis şöbəsinin rəisi Eldar Paşayev teleqram vurub məni polis şöbəsinə dəvət edir. Ağsu rayon yol patrul xidmətinin baş inspektoru Bəxtiyar Heydərov mətbuata müsahibəsində deyir ki, güya əraziyə hal şahidləri çağırılıb və bizim iştirakımız təmin edilməklə avtomobilə baxış keçirilib. Bu adam gözünün içinə kimi yalan danışır. Bizdə video görüntülər var. Əgər əraziyə hal şahidləri dəvət olunubsa bəs onlar niyə görüntüdə yoxdur? Görüntüdə açıqca görünür ki, polis əməkdaşı Rais Baxşıyev mənə məxsus avtomobilimə tək əyləşir. Sual edirəm, polis əməkdaşının vətəndaşa məxsus nəqliyyat vasitəsinə tək əyləşərək onu cərimə meydançasına aparmasına qanun yol verirmi? Ağsu polisi faktiki olaraq bizimlə reket kimi davrandı. Deyirlər ki, onlarda da video görüntü var. Bəs nədən həmin görüntüləri ortalığa çıxarmırlar?”
M.Sadıqov cumhuriyyet.az vasitəsi ilə Daxili İşlər Naziri cənab Ramil Usubova da müraciət edib: “Mən cənab nazir Ramil Usubova müraciət edirəm. Cənab nazir, Rais Baxşıyevi siz bir dəfə vəzifə səlahiyyətlərindən istifadəyə görə polis sıralarından xaric etmişsiniz. Ağsuda insanlar danışırlar ki, Rais Baxşıyev hər yerdə danışıb deyirmiş ki, pulumu verib yenidən polisə bərpa olundum. Bu nə deməkdir? Cənab nazir, bir həftədən çoxdur ki, mənim mülkiyyətim qəsb olunub. Heç kim bu qanunsuz olaya görə cəzalandırılmır. Nə vaxta kimi Ağsu polisi vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlara zülm edəcək? Cənab nazir, qonşu rayonlardan Ağsuya texniki baxış və sair işlərə gedib gələn vətəndaşlar qeyd edirlər ki, adı çəkilən Rais Baxşıyev və Bəxtiyar Heydərov yol kəsməklə məşğul olurlar. Belə ki, onlar qonşu rayonlardan gələn vətəndaşlara, min bir bəhanə ilə ilişərək onlardan pul yığmaqla məşğuldurlar. Cənab nazir, bu kimi işlər polisə yaraşarmı?Dünyanın hər yerində insanlar hüquqları pozulanda polisə üz tutur, Ağsuda isə polis hüquqlarımızı pozaraq bizlərə qarşı soyğunçuluq həyata keçirirlər. Cənab nazir, məni Ağsu polis şöbəsinə çağırdıqları üçün 11 mart tarixində ora gedəcəyəm. Mən artıq Ağsu polisindən hər cür qanunsuzluğu gözləyirəm. Gözləyirəm ki, yalandan üzümə adam durğuzub məni şərləyə bilərlər. Ona görə də mətbuat vasitəsi ilə sizə müraciət edərək, xahiş edirəm ki, mənim məsələmin diqqətdə saxlanmasına göstəriş verəsiniz”.
Yazıda adları çəkilən bütün şəxsləri dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar