Onun səhiyyə sistemində törətdiyi əməllərə baxdıqda bunun yalnız təmsil olunduğu komandaya zərbə vurmaq istəyində olan birisinin törətdiyini düşünmək olar
Onsuz da problemlər içərisində itib-batan Qobustan rayonunda daha acınacaqlı durumda olan səhiyyə sistemi, burada hökm sürən özbaşnalıqlar əhalini cana doydurub. Bu gün Qobustan səhiyyəsinin özünün müalicəyə ehtiyacı var. Çünki, xəstələrə gəlir mənbəyi kimi baxılan xəstəxanalarda hər şey əlahəzrət pulun diqtəsinə tabe edilib. Təsəvvür edin ki, burada vəziyyət o həddə çatıb ki, artıq tibbi personalın özü belə narazı düşüb. Səbəb isə birmənalı olaraq xəstəxananın baş həkimi Emin Hüseynin formalaşdırdığı rüşvətxor və korrupsioner idarəetmə sistemidir. Təkcə tibb aləmində deyil, həm də siyasi arenada öz “manevrləri” ilə yaxşı tanınan baş həkim Qobustandan əvvəl Astara rayonunun səhiyyə sisteminə sözün əsl mənasında sağalmaz yaralar vurub. E. Hüseyn Astarada işlədiyi vaxtlarda dövlətin 2 milyondan çox pulunu mənimsəməsi ilə gündəmə gəlmişdi. Elə astaralıların Səhiyyə Nazirliyinə, digər instansiyalara ünvanladığı şikayətlər də rekord həddə çatmışdı. Nəhayətdə Astara səhiyyəsində rüşvətin, korrupsiyanın çiçəklənmə mərhələsinin “memarı” hesab olunan E. Hüseyn vəzifəsindən azad olundu. Lakin, Astarada yarımçıq qalmış korrupsiya mexanizmi Qobustanda daha sürətlə həyata keçirilməyə başlandı.
ANAXEBR.az-a daxil olan məlumatlarda E. Hüseynin rəhbərliyi altında Qobustan RMX-da baş verən saxtakarlıqlar, korrupsiya nəticəsində mənimsənilən iri məbləğli pullardan söhbət açılır. Bütün ölkə boyunca rüşvətə, korrupsiyaya qarşı qəti mübarizə aparıldığı bir dövrdə baş həkimin bu qədər rahat şəraitdə öz əməllərinə davam etməsi suallar doğurur.
anaxeber.info-a verilən məlumatlarda bildirilir ki, saxtakarlıq halları nəticəsində müxtəlif işçilərin xəbərləri olmadan onların guya hansısa tibb müəssisələrinə kurslara ezam edilməsi üçün hər ay 50 manat pul silinir. Səhiyyəyə aid xəstəlik bülletenləri və sürücülük vəsiqələri üçün tibbi arayışlar müvafiq reyestr qeydiyyatı aparılmadan 50 - 100 manat rüşvət müqabilində vətəndaşlara təqdim edilir, xəstəxana üçün ayrılan cari xərclər və yanacaq təminatı saxta sənədlər əsasında mənimsənilir. Guya xəstəxanada hər ay 50 nəfərə yaxın xəstənin ambulator müalicə aldığını göstərən saxta sənədlər tərtib edilərək onlar üçün ayrılmış dərman vəsaitləri, yemək və istilik xərcləri, uşaq fondu üçün ayrılan pul və dərman vəsaitləri hər ay ərzində Emin Hüseyn tərəfindən şəxsi məqsədləri üçün istifadə edilir. Bundan əlavə, Emin Hüseynin göstərişi ilə, Qobustan rayon sakinlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Qobustan Şöbəsindən pensiya almaları üçün əlillik dərəcələrinin təyinatı zamanı hər şəxsdən 200 manat rüşvət tələb edilir.
Rublika.az-a verilən məlumata görə Baş həkim Emin Hüseyn xəstəxanada çalışan tibb işçilərindən hər ay rüşvət tələb etməklə onların şəxsiyyətini alçaldır, buna qarşı çıxanları isə təhqir edərək hədələyir.
Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaş kartları da baş həkimin şəxsi cibinə xeyir gətirir.
Baş həkim, xəstəxananın Təklə, Sündü, Ərəbşalbaş, Cəyirli, Cəmcəmli, Qurbançı, Nabur, Şıxzahırlı, Xilmilli, Bədəlli, Yekəxana, Poladlı, Çalov, Ərəbqədim, Dərəkənd və Cəngi kəndlərində yerləşən məntəqələrinə ayrılan dərman və pul vəsaitlərini də gündəlik xərclərini ödəməsi üçün əlavə gəlir mənbəyi kimi istifadə edir, mühasibatlıq vasitəsilə pul ayırmalarını özünə sərf edən istiqamətlərə yönəldir.
Baş həkimin formalaşdırdığı idarəetmə sistemi nəticəsində İdarəetmə aparatı, Mühasibatlıq, Konsultativ Poliklinika, Psixonevroloji, Vərəm və Stomotoloji Kabinetləri, Təsərrüfat, Ümumi xəstəxana, Qeydiyyat, Fizioterapiya və tibbi bərpa, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Şüa-diaqnostika, Stasionar, Cərrahiyyə, Terapiya, Pediatriya, Mama-ginekologiya, Anesteziologiya və Reanimasiya, Yoluxucu xəstəliklər və Əczaçılıq şöbələrində özbaşınalıq, süründürməçilik, rüşvətxorluq halları rayon sakinlərinin haqlı hiddətinə səbəb olmuşdur.
Xatırladaq ki, Qobustan aryon səhiyyəsini bərbad vəziyyətə salan Emin Hüseyn həm də maraqlı siyasi tarixçəsi ilə məhşurdur. Belə ki, uzun müddət müxalifətçi kimi Müsavat partiyasında fəaliyyət göstərməsinə baxmayaraq sonradan nədənsə bir çox iqtidar mənsublarının “sevimli kadrına” çevrilməyi bacarıb. Ancaq, müxalifətçilik havası hələ də onun başındadır. Çünki, səhiyyə sistemində törətdiyi
əməllərə baxdıqda bunun yalnız təmsil olunduğu komandaya zərbə vurmaq istəyində olan birisinin törətdiyini düşünmək olar. Bunu artıq hamı aydın dərk etsə də, nədənsə aidiyyatlı qurumlar, xüsusilə Səhiyyə nazirliyi görməzdən gəlir.Görəsən məmurların bu “müxalifət sevgisi” haradan qaynaqlanır?