Bu gedişlə artıq az bir müddətdən sonra ölkəmizdə yeni təsnifatda hüquq-mühafizə orqanlarının, daha dəqiq desək, əxlaq polisinin yaradılmasına dair təkliflərin müzakirəsinə başlanmalı olacaq. Belə ki, bugünkü reallıqlar nə rayon polis idarələrinin, nə prokurorluq orqanlarının, nə də İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bir çox əxlaqsızlıq yuvalarının fəaliyyətini durdurmaq iqtidarında olmadığını nümayiş etdirirlər. Digər tərəfdən isə bu xüsusda yaranmış vəziyyətin şəhər və bölgələrimizdə, konkret ərazilərdə yaşayan vətəndaşların hüquqlarını pozması da acı bir reallıqdı.
Bir müddət əvvəl daxili işlər naziri cənab Ramil Usubovun imzaladığı sərəncamla İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindənçıxarılaraq bu vəzifəyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev təyin edilib. Qeyd etmək lazımdır ki, bu təyinatla bağlı Bakının Binəqədi rayon sakinlərinin böyük ümidləri var. Şikayət edən rayon sakinləri onları uzun müddətdən bəri narahat edən bir problemə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin yeni rəhbərliyinin də diqqətini cəlb etməyə çalışırlar. Problem “İstanbul” otelidir. Əslində bu sadəcə “İstanbul” kafesi kimi qeydiyyata alınıb. Lakin mahiyyət etibarı ilə bunun əslində heç bir önəmi yoxdur. Çünki “İstanbul” otelinin fəaliyyət növünü ən dürüst əks etdirən yeganə bir ad var ki, bu da “əxlaqsızlıq yuvası”dır. Təəssüflər olsun ki, bu günə qədər Bakının Binəqədi rayonunda yerləşən “İstanbul” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək mümkün deyil.
Əldə olunan tək nəticə Vergilər Nazirliyi tərəfindən “İstanbul”da müvafiq yoxlamanın keçirilməsi olmuşdur. Həmin obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunmuş və vergi ödəyicisi barəsində Vergi Məcəlləsinə müvafiq qaydada 02.12.2013-cü il tarixli akt tərtib edilmişdir. Lakin, aşkar olunan qayda pozuntuları “İstanbul” otelinin fəaliyyətində müşahidə oluna biləcək qanunsuzluqların bəlkə də ən bəsitidir. Müxtəlif mənbələrdən aldığımız məlumatlarda “İstanbul” otelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər öz əksini tapır. Həmin məlumatlar isə dəfələrlə Binəqədi Rayon Polis İdarəsinə, Binəqədi Rayon Prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə təqdim edilib. Lakin bütün bunların heç bir nəticəsi olmayıb. Dünyanın üç böyük cinayətindən biri olan insan alveri bəzən şəhərin mərkəzində, sakinlərin gözü önündə baş verir. Bundan yəqin ki, bəzi qurumların xəbəri var, lakin, heç bir iş görülmür. Qeyd olunduğu kimi “İstanbul” oteli Binəqədi RPİ-nin cəmi bir neçə yüz metrliyində yerləşir. Buna baxmayaraq, nədənsə bu əxlaqsızlıq yuvasının fəaliyyəti ilə bağlı yaranmış vəziyyətə müdaxilə edilmir. Deyilənə görə, qiymət baxımından müştəri ilə razılığa gəlindikdən sonra məhz otelin xüsusi ayrılmış əməkdaşı sonrakı prosesləri təmin edir. Məxsusi olaraq bu işlər üçün ayrılmış Niyazi adlı bir şəxs əvvəlcə müəyyən yüngül əxlaqlı qadınlarla telefon vasitəsilə əlaqəyə girir. Sonra isə “KİA” markalı avtomobillə gedərək həmin qadınları “İstanbul”a gətirir. Bu zaman müştəridən bilavasitə otaq üçün alınan pullar birbaşa otelin rəhbərliyinə çatır. Yəni bu pul üzərində bölgü yoxdur. Amma intim xidməti göstərən qadınlara verilən pullardan isə, artıq həm rəhbərlik, həm də vasitəçi Niyazi öz faizlərini alırlar. Həmçinin məlumatlarda qeyd olunur ki, bir çox digər analoji pritonlar kimi bu restoran da müştərilərinə təklif etdiyi şübhəli “xidmətlərin” yüksək keyfiyyəti ilə seçilmir. Xidmətlərin mahiyyəti barədə yaranan şübhələr isə ciddi əsaslara malikdir.
“İstanbul” otelinin sahiblərinin sözlərinə görə isə obyektə yoxlamaya gələn şəxslərə “vaxtında və yerində olunan hörmət» buranın bağlanmasına imkan vermir. Amma Binəqədi rayon sakinləri «İstanbul» otelinin sahiblərinə qarşı lazımi ölçülərin götürüləcəyinə inanırlar. Öz növbəmizdə biz də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Şərif Əsədullayevin bu məsələdə xüsusi qətiyyət nümayiş etdirəcəyinə inanırıq.(azerinfo.org) Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.