Neftçalada Suvarma Sistemləri İdarəsinin rəisi milyonları öz bildiyi kimi xərcləyir.
Heç kəsə sirr deyil ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin ediıməsində su ehtiyatları önəmli rol oynayır. Ölkəmizdə də bu sahədə mövcud problemləri həll etmək və qarşıda duran strateji məqsədə çatmaq üçün elmi əsaslara söykənən təhlil aparılaraq mühüm tədbirlər həyata keçirilir. Məsələn, qeyri-neft sektorunda öz strateji əhəmiyyətinə və kapital qoyuluşuna görə ən böyük layihə bir neçə il əvvəl reallaşdırılıb. Bu, Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü su elektrik stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalıdır. Hazırda həmin layihənin icrası ölkəmizin şimal bölgəsindəki bir neçə rayonla bərabər, Abşeron yarımadasındakı minlərlə hektar torpaq sahəsinin suvarılmasına şərait yaradır. Bundan əlavə, layihənin başa çatması əhalisi sürətlə artan Bakının su təminatına da etibarlı zəmindir. Meliorativ tədbirlərin sürətləndirilməsinə baxmayaraq, bəzi rayonlarımızda əkin sahələrinin suvarılması ürəkaçan səviyyədə deyil. Gundelik-baku.com-un məlumatına görə, Neftçala Suvarma Sistemləri İdarəsinin fəaliyyətində çoxsaylı nöqsanlar mövcuddur.
Məlumata görə, idarənin rəisi Elçin Əsədov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən əkin sahələri ağzıgünə qalıb: «Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri yarımçıq görülür. İdarənin əməkdaşları tərəfindən yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verilir. Bunun nəticəsində isə ayrı-ayrı əkin sahələri, bütov təsərrüfatlar susuz qalırlar. Neftçala rayonunda iqtisadiyyatın əsasını məhz kənd təsərrüfatı təşkil edir. Məhz elə bu səbəbdən də rayon iqtisadiyyatının inkişafı üçün Neftçala Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Rəsmi məlumatlara görə hazırda rayonun suvarma şəbəkəsində 40 nasos stansiyasında 96 nasos aqreqatı və bunlara xidmət edən 40-a yaxın vakuum nasosları fəaliyyət göstərir. Hələ bu yaxınlara qədər idarə rayonda 2600 hektar pambıq, 23789 hektar taxıl, 10120 hektar yonca, 1400 hektar həyətyanı sahələrin, 12 hektar bostan-tərəvəz sahələrinin və 34123 nəfərə verilmiş pay torpaqlarının suvarılmasını böyük zəhmət bahasına da olsa vaxtlı-vaxtında həyata keçirirdi. Ərazilərdəki əkinlərin suvarılması işini həyata keçirən Sudan İstifadə Birliklərinin fəaliyyətini də Suvarma Sistemləri İdarəsi daima nəzarətdə saxlayır, hər zaman lazım olan köməkliyi göstərirdi. Təəssüflər olsun ki, həmin illərdə suvarma idarəsinin rəis müavini işləmiş Elçin Əsədov özü rəhbərliyə gəldikdən sonra bu idarənin ənənələrini yaşada bilməmişdir. Suvarma idarəsinin fəaliyyəti ketdikcə tənəzzülə uğramış, bu isə yerli sakinlərin işlərinə olduqca mənfi təsir göstərmişdir. İdarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da rəhbərlik tərəfindən geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur».
Nəzərinizə çatdırmaq istəyirik ki, Neftçala rayonunda çöl kəndlərinin əkin sahələrini suvarmaq üçün 2010-cu ildə çəkilmiş su borularına 2,5 milyon manat pul xərclənsə də, hələ indiyə qədər heç kim oradan bir qaşıq su belə götürə bilməyib. Bu barədə rayonun Qaramanlı kənd sakini Xalid Fərəcov məlumat verib. O bildirib ki, uzunluğu 1 km olan və Su Təsərrüfatı və Melorasiya ASC tərəfindən inşa edilən həmin borunun inşası zamanı ciddi yeyintilərə yol verildiyindən bu gün də ondan istifadə etmək mümkün deyil. «Diametri 110 sm olan və uzunluğu 1 km uzunluğu olan su xətti ona görə çəkilməliydi ki, Neftçalanın əksər kəndləri illərdən bəri susuzluqdan əziyyət çəkməsinin qarşısı alınsın. Hələ tikinti gedən zaman həyacan təbili çalmışdım ki, görülən işlərin keyfiyyəti aşağı olduğundan tez bir zamanda ciddi problemlər meydana çıxacaq. 2010-cu ildə inşasına başlanılan su kəməri 2012-ci ildə başa çatdı və Neftçala Suvarma Sistemləri İdarəsinə təhvil verildi. Amma bu günə qədər həmin borunun imkanlarından istifadə edə bilmirik». Qaramanlı kənd sakini deyir ki, Suvarma Sistemləri İdarəsinin rəhbəri Elçin Əsədov mövcud nöqsanları aradan qaldırmaq üçün bəzi işlər görməyə çalışıb. «Amma onun etdiyi cəhdlərə, yəni təmir işlərinə baxmayaraq, problem aradan qalxmır. Məsələn, boruların oturduğu daşdan hörülmüş sütunlar dağılıb. Boruların birləşən yerləri isə ayrılaraq, su sızıntısına yol açır». Xalid Fərəcov bildirir ki, baş verənlərin məsuliyyəti idarənin rəisi Elçin Əsədovun üzərindədir. Çünki tikinti işlərini həmin şəxin rəhbərlik etdiyi qurum həyata keçirib. «Bu günə qədər kimsə ondan soruşmayıb ki, bu qədər pulu hara və nəyə xərcləyib. Ortada isə ciddi yeyinti faktı var və 2,5 milyon manatın mənimsənildiyi açıq şəkildə görünür». Maraqlıdır ki, Elçin Əsədovun adının hallandığı maliyyə maxinasiyaları ilə bağlı məsələyə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə, eləcə də digər aidiyyəti dövlət qurumlarından heç bir reaksiya gəlməyib. Bu isə hələlik idarə rəisinə özbaşına əməllərini rahat formada həyata keçirməyə imkan verir... Qarşı tərəfi də dinləyə bilərik.