Hesablama Palatası 4 icra başçısının «evini yıxdı» - təfsilat

21-04-2016, 09:47   
Hesablama Palatası 4 icra başçısının «evini yıxdı» - təfsilat
Lənkəran, Ağstafa, Qobustan və Kürdəmirin rəhbərləri yeyintiyə görə işdən çıxarılır

Məlum olduğu kimi, bir neçə gün əvvəl Hesablama Palatası bəzi şəhər və rayon İcra Hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirib. Politika.Az xəbər verir ki, tədbirlər Bakı şəhəri Səbail, Xətai, Xəzər rayonlarını, Mingəçevir və Lənkəran şəhərlərini, eləcə də Tovuz, Sabirabad, Ağstafa, Ucar, Bərdə, Kürdəmir və Qobustan rayonlarını əhatə edib.

Məlumatda deyilir ki, audit tədbirlərinin həyata keçirildiyi qurumlarda bəzi hallarda büdcə vəsaitlərinin funksional təyinatının dəyişdirilməsi hallarına yol verildiyi müəyyən olunub. Qurumlar tərəfindən mənzil fondunun gəlirlərinin az hesablandığı aşkar edilib. Mənzil fondu göstəricilərinin, o cümlədən əhalinin sayının tam nəzərə alınmaması, qeyri-yaşayış sahələri üzrə müqavilələrin bağlanılmaması və digər bu kimi səbəblərə görə mənzil və xidmət haqqı, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi haqqı və qeyri-yaşayış sahələri üzrə istismar yığımı üzrə mənzil fondunun gəlirləri az hesablanılıb.

Həmçinin, mənzil fondu evlərində liftlərə xidmətdən yaranan zərərin müəyyənləşdirilməsi prosesində əhalinin azaldılması hesabına lift haqqı az hesablanılıb.
Audit sübutları ilə mənzil fondunun zərərinin artırıldığı müəyyən olunub. Bundan başqa, dövlət büdcəsinə köçürülməli olan məcburi ödənişlərin bəzi hallarda təmin olunmadığı müəyyən edilib.

Həyata keçirilən tədbirlərin nəticələri ilə bağlı Hesablama Palatasına təqdim edilən məlumata görə, Səbail rayon İcra Hakimiyyətində büdcə vəsaiti hesabına artıq saxlanılan 21 ştat vahidi ləğv edilib və təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan 7 ştat vahidinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda, 1 məsul işçi tutduğu vəzifədən azad edilib.

Xətai rayon İcra Hakimiyyətində 9 məsul işçiyə töhmət verilib, 2 işçiyə xəbərdarlıq elan olunub. Xəzər rayon İcra Hakimiyyətində 3 məsul işçiyə şiddətli töhmət, 6 işçiyə töhmət elan edilib, 1 işçiyə xəbərdarlıq olunub.

Mingəçevir şəhər İcra Hakimiyyətində 4 məsul işçi tutduğu vəzifədən azad olunub, 4 məsul işçiyə isə ciddi xəbərdarlıq edilib. Lənkəran şəhər İcra Hakimiyyətində 17 işçiyə töhmət verilib.

Tovuz rayon İcra Hakimiyyətində 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib.
Sabirabad rayon İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib. Ağstafa rayon İcra Hakimiyyətində 2 məsul işçi tutduğu vəzifədən azad edilib, 4 məsul işçiyə töhmət verilib, 3 işçiyə xəbərdarlıq edilib. Ucar rayon İcra Hakimiyyətində 2 məsul əməkdaşa töhmət verilib, 2-nə xəbərdarlıq elan olunub. Bərdə rayon İcra Hakimiyyətində 3 məsul əməkdaşa töhmət verilib, 5-nə xəbərdarlıq elan olunub. Kürdəmir rayon İcra Hakimiyyətində isə 11 nəfər maddi məsul rəhbər işçiyə töhmət verilib. Qobustan rayon İcra Hakimiyyətində 4 məsul işçiyə xəbərdarlıq elan olunub.

Politika.Az xəbər verir ki, Hesablama Palatasının sənədində adları keçən İcra Hakimiyyətlərinin durumunun ağır olacağı deyilir. Belə ki, bu rayon və şəhərlərin bəzilərinin icra başçıları töhmətlə canlarını qurtara biləcəklərsə də, bəziləri bu şansdan məhrum olublar. Çünki hakimiyyət dairələri ciddi şəkildə korrupsiyaya yol vermiş qurumların cəzalandırılmasını daha məqbul sayıb.

Məlumatlarda vurğulanır ki, Kürdəmir, Lənkəran, Qobustan və Ağstafa rayon icra başçılarını artıq işdən çıxarılma gözləyir. Hakimiyyətin onlarla bağlı əvvəldən planı olsa da, bəzi səbəblərdən reallaşması ləngiyirdi. Lakin bu məsələ prosesi sürətləndirməyə rəvac verib. Nəticədə, onların vəzifələrini itirmələri və yeniləriylə əvəzlənmələri məsələsi gündəmə gəlib.

Politika.Az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.