Alı Alıyev oğlu Elvin Alıyevin reputasiyasını düzəltmək üçün müavinlərindən dəstək istəyib
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevə rəsmi qurumlar tərəfindən xəbərdarlıq edilib. JAM.AZ-a verilən məlumata görə, buna səbəb icra başçısının yanvar hadisələri zamanı aksiyalarda yaxın adamlarının iştirak etməsi məsələsi və oğlu Elvin Alıyevin hərəkətləri olub.
Məlumatda bildirilir ki, Alıyevin müavinləri də daxil olmaqla, bir neçə idarə müdirinin də yaxın qohumlarının aksiyalarda iştirakı artıq təsdiqlənib. Bu hadisələrə görə həbs olunmuş Şakin Hacıyevin isə yaxın günlərdə azadlığa buraxılacağı gözlənilir. JAM.AZ-a məlumat verən mənbə bildirir ki, Füzulinin icra başçısı artıq ciddi şəkildə narahatlıq keçirməyə başlayıb. Onun bütün bu hadisələrdən yuxarıların xəbər tutmasından əndişə içindədir.
Digər tərəfdən, aprel müharibəsi zamanı Alı Alıyevin fəaliyyətində ciddi qüsurların üzə çıxdığı da məlum olub. Bildirilir ki, Azərbaycan Ordusunun döyüşlər apardığı bir vaxtda arxa cəbhədə işləri lazımi səviyyədə qura bilməyən icra başçısı tənbeh olunub.
Amma xəbərdarlıq üçün ən əsas səbəb icra başçısının oğlu Elvin Alıyevin hərəkətləri olub. JAM.AZ xəbər verir ki, Füzuli rayon Polis Şöbəsində zabit olaraq işləyən, lakin bir gün də olsa işə gəlməyən oğul Alıyevin adı artıq hər kəsin dilinə düşüb. Onun Bakıda yaşaması, bütün günü eyş-işrətlə məşğul olması da artıq üzə çıxarılmış məsələlərdəndir.
Qeyd edək ki, Elvin Alıyevin son döyüşlər zamanı rayonda olmaması, bir polis olaraq görəvini həyata keçirməməsi, Bakıda gecə klublarından birində aşkarlanması, habelə əslən Füzulidən olan gənclər tərəfindən döyülməsi də mətbuatda yayılmış xəbərlərdəndir. JAM.AZ xəbər verir ki, Alı Alıyev oğlunun bərbad reputasiyasını düzəltmək üçün bəzi vasitələrə əl atması da bir işə yaramayıb. Belə ki, o, Elvin Alıyevə polis forması geyindirərək, Azərbaycan Ordusunun əsgərləriylə görüşə göndərmək istəyib ki, bundan da mətbuat xəbər tutub və plan işə yaramayıb.
Son məlumatlara görə, icra başçısı oğlunun imicini düzəltmək məqsədiylə yenidən bəzi addımlar atmaq istəyir. Hətta bununla bağlı müavinlərindən də dəstək istəyib. Hələlik bu planların nələrdən ibarət olacağı məlum deyil.
Lakin bu əsnada əlimizə Elvin Alıyevin iştirak etdiyi eyş-işrət məclislərində çəkilmiş fotoları redaksiyamızın ünvanına daxil olub. Hazırda həmin fotolar və onların çəkildiyi məkanlar dəqiqləşdirilir. Proses yekunlaşdıqdan sonra oxuculara təqdim olunacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.