Sosial Müdafiə Nazirliyində Əjdər Cəbiyev "üslubu" - MAXİNASİYA İFŞA OLUNDU

23-04-2016, 10:56   


01 iyul 2006-cı il tarixindən həyata keçirilən ünvanlı sosial yardım mexanizmi artıq 10 ildir ki, fəaliiyət göstərir. Ötən dövr ərzində ölkənin sosial müdafiə sistemində bu mexanizmin rolu kifayət qədər yüksək olmuşdur. Bununla belə bu sahədə ciddi qüsurlar da mövcud olmuş və həmin nöqsanlar hazırki dövrdə də qalmaqdadır.
Ünvanlı sosial yardımın qanunvericiliyindəki boşluqlar və kadr məsələləri ilə yanaşı bu sahədə ən böyük problem korrupsiya ilə bağlıdır. Çoxları bunu həmin sistemdə işləyənlərin əmək haqlarının aşağı səviyyədə olması ilə izah edir. Lakin bu təkcə onunla izah oluna bilməz.
Hazırda rayon ƏSMM-lərdə ünvanlı sosial yardım üzrə işləyən baş məsləhətçilərin aylıq əmək haqları 300-350 manat təşkil edir. Baş verən korrupsiya halları təkcə onların əmək haqlarına görə olsaydı bu səviyyədə olmazdı. Yəni normal əmək haqqı saya biləcəyimiz 1000 manat üçün həmin işçilərə ayda 700 manat rüşvət almaq bəs edərdi. Lakin həmin işçilər ayda 700 manat yox, 5000-7000 min manat rüşvət toplayırlar və bu pulu təkbaşına yemirlər. Birmənalı olaraq hamı bilməlidir ki, bu sahədə bu səviyyədə korrupsiyanın olması birbaşa olaraq nazir və onun bu sahəyə təhkim etdiyi vəzifəli şəxslə bağlıdır. Əgər nazir və onun təyin etdiyi vəzifəli şəxs özü korrupsiya şəbəkəsi qurmasa bu səviyyədə korrupsiyanın olması mümkün olmayacaqdır. Bu həmişə belə olub: əvvəlki nazirin vaxtında da indikinin dövründə də. Heç kim nazirin pafoslu çıxışlarına aldanmamalıdır. Nazirin marağında olsa bir həftənin içində o sistemdən rüşvəti yığışdırar. Amma görünür istəmir. Ona bununla bağlı konkret, çox asan icra oluna bilən təklif də verilib. Sosial Müdafiə Mərkəzlərinə qəfil yoxlama göndərilsin, həmin yoxlama yardım alanlara zəng edib yardım kartlarını gətirib mərkəzdə göstərmələrini tələb etsin. Yardım kartı mərkəzin işçisində olduğu halda vətəndaş bunu edə bilməyəcək. Nazir Səlim Müslümov deyir korrupsiyanı dağıtmışam, rüşvəti dağıda bilmirəm. Qəti inandırıcı deyil. Qurulan korrupsiya şəbəkəsi olmasa, rüşvət yüksək səviyyədə mövcud ola bilməz.
Səlim Müslümovun pafosa hesablanan addımları:
1. Ünvanlı sosial yardım alanların adlarının Nazirliyin saytında yerləşdirilməsi. Bunu edəndə Səlim Müslümov və Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bunu elə pafosla elan edirdilər ki, sanki bu sahədə köklü inqilab ediblər. Aradan 3 il keçdikdən sonra məlum oldu ki, bunun heç bir ciddi əhəmiyyəti olmamışdır. Əksinə Səlim Müslümovun korrupsiya fəaliyyətini pərdələməyə xidmət edib. Burada ikinci bir məsələ ondan ibarət idi ki, siyahı saytda yerləşdirildikdən sonra Səlim Müslümov müraciət edərək, insanları xalqımızın mentalitetinə, mənəvi dəyərlərinə zidd olan "işverənliyə" səslədi ki, kim qanunsuz yardım alırsa bizə yazın. Bu ancaq ona görə edildi ki, göstərə bilsin ki, baxın, köhnə nazirin vaxtında insanlar qanunsuz yardım alıb. Bunu dəfələrlə özləri bəyan etsələr də sübut edə bilmədilər. Bu yolla ortaya nəsə çıxara bilməyəndə başladılar inzibati yolla yardım alanların sayını azaltmağa ki, bəs əvəllər qanunsuz yardım alanlar olub, biz daha onlara yardım vermirik. Çox keçmədi bu planları da baş tutmadı, özləri özlərini ifşa etdilər. İnzibati yolla yardımlarını kəsdikləri adamlara sonradan başladılar yenidən yardım təyin etməyə. Hazırda yardım alanların 80%-i yardımı təkrar alanlardır. Hər kəsin başını bu oyunlarla qatdıqları dövrdə özlərinin geniş korrupsiya şəbəkəsini qurdular və böyük məbləğdə rüşvət toplaya bildilər. Səlim Müslümov özünün korrupsiya əməllərini ancaq köhnə nazirin dövründə yardım sistemində mövcud olan nöqsanları qabartmaqla pərdələməyə çalışır. Bəli, hamı bilir ki, köhnə nazirin dövründə o sistemdə nöqsanlar olub. Səlim Müslümov nazir olduqdan indiyə qədər həmin nöqsanların kökü kəsilməyib, əksinə, yeni forma və üsullarla davam etməkdədir. Gözəl atalar sözü var: od olmasa, tüstü olmaz. Səlim Müslümov nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevlə birləşib Nazirlikdə korrupsiya şəbəkəsi qurmasaydılar, heç bir halda onların adı korrupsiyada hallanmazdı və bizdə bunu qeyd etməzdik. İkinci bir misal. Hələ indiyə qədər heç kim Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyevin adını hansısa korrupsiya işində hallandırmayıb. O sistemdə işləyən hər kəs bilir ki, Çingiz Əliyev rüşvət və korrupsiyadan uzaq adamdır. Əgər Səlim Müslümov və Əjdər Cəbiyev haqqında deyilənlər böhtan olsaydı onda məntiqlə gərək Çingiz Əliyev haqqında da eyni böhtanlar olardı. Çünki hər üçü eyni Nazirlikdə rəhbər vəzifələrdə işləyirlər.
2. Ünvanlı sosial yardım sisteminin elektronlaşdırılması ilə bağlı. Nə az nə çox düz 3 ildir ki, cənab Səlim Müslümov bununla manipulyasiya etməklə məşğuldur. Bunu vaxtından əvvəl ona görə ortaya atmışdı ki, Nazirlikdə fəaliyyət göstərən korrupsiya şəbəkəsi fəaliyyətini rahat davam etdirə bilsin. Ona da imkan yaransın, deyə bilsin ki, neqativ hallar var və bunu başqa yolla aradan qaldırmaq mümkün deyil, elektronlaşdıqdan sonra aradan qalxacaq. Bax beləcə 3 il vaxt uddu. Sonra da məlum oldu ki, tam elektronlaşmadan da söhbət getmir. Köhnə qaydalar tam aradan qaldırılmır. Məsələnin mahiyyəti bundan ibarətdir. Jurnalist Mirşahin Ağayev 2015-ci ildə Səlim Müslümovdan müsahibə götürəndə onun korrupsiyanı dağıtmışam, rüşvəti dağıda bilmirəm fikrinə uyğun olaraq, ona, deməli deyirsiniz balıq başdan deyil, lazım olanda hər yerindən iylənə bilir? sualını vermişdi. O isə sualdan yayınmışdı. Sualın cavabı isə belədir: xeyr, balıq hər zaman, hər yerdə məhz başdan iylənir./dia.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar