Yeni binada şöbə əməkdaşları üçün hər bir şərait yaradılıb. Amma sürücülük vəsiqələrinin verilməsində qaydalar və qeyri-rəsmi yollar yeni bina kimi dəyişməyib.
Əksinə, dəyişən şərt - sürücülük vəsiqəsinin qiymətinin bahalaşmasındadır. Hazırda sürücülük vəsiqəsinin yekun qiyməti 1100 manat civarında təşkil edir. Bu tariflərin hansı meyarlarla müəyyən edildiyi açıqlanmır. Reallıq isə Lənkəranda "prava”nın manatın devalvasiyasından sonra 1100 manata satılmasıdır. Əslində, Lənkəranın regional şöbəsində sürücülük vəsiqəsinin satıldığı və bazar mühiti yaradıldığı köhnə xəbərdir. Yeni olan isə qiymətin qalxmasıdır.
Lənkərandan göndərilən məlumatda deyilir ki, Qeydiyyat-imtahan şöbəsinin rəisi Əlixan Zeynalov manatın üzən məzənnəyə keçidindən sonra iqtisadi böhranın üzərinə getməyə başlayıb, "prava”nı da üzən məzənnəyə keçirib.
Ə.Zeynalov sürücülük vəsiqəsi üçün müraciət edənləri naümid etmir, əliboş yola salmır və şöbənin müvafiq əməkdaşlarına yönəldir. Vətəndaşların onlarla etdiyi qeyri-rəsmi söhbət əsnasında saziş bağlanır və qısa zaman kəsiyində "prava” təqdim olunur. O da bildirilir ki, Ə.Zeynalov Lənkəranda hörmətlə xatırlanan rəisdir. O, vətəndaşların qəbulunda heç bürokratik əngəl yaratmayıb. İnsanlar rahatlıqla qəbula düşə və müraciətini edə bilər. Amma yekunda "prava”nın qiymətində tanışlıq hesabına qismən endirim edilir, nəticə dəyişmir.
Bu iddialarla bağlı cumhuriyyet.net də araşdırma aparıb və məlum olub ki, maşınların texniki baxışdan keçirilməsində sürücülər zülm çəkir. Onlar şöbənin ərazisinə yox, Masallıya göndərilir. Rəisin adamları vətəndaşlardan özlərinin müəyyən etdikləri "rüsumu” almamış sürücülərə sənəd vermirlər. Nömrə, sürücülük vəsiqəsi almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə məbləğ alınır. Xatırladaq ki, Ə.Zeynalov Masallıda tanınmış iş adamı Hacı Mazanın qardaşıdır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq./ Vizual.az /