«Dövlət orqanlarına müraciətimdən sonra Kürdəmir Rayon Icra Hakimiyyətinin işçiləri məni şantaj edir»
“Ədalət” kəndli fermer təsərrüfatı MMC-nin rəhbəri Ədalət Ismayılov dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. O, prezidentə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib:
“Mən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən iş adamlarından biriyəm. Biz 2002-ci ildə üç ailə birləşərək ”Ədalət” MMC-ni yaratdıq. Qoyunçuluq və maldarlıqla məşğul olmaq üçün Kürdəmir rayon Icra Hakimiyyəti başçısının 4 dekabr 2007-ci il tarixli sərəncamı ilə rayon ərazisində 430 hektar qış otlaq sahəsini 15 illik icarəyə götürdüm. Müqavilə şərtlərinin icra olunması icra başçısının kənd təsərrüfatı üzrə müavini Əşrəf Şükürova tapşırılmışdı. Müqavilə şərtlərinə əməl edib sərəncamda göstərilən 430 hektar torpaq sahəsinin kadastr planını və xəritəsini hazırlatdırıb almışam. Aradan 9 il keçməsinə baxmayaraq, bu günə qədər ayrılan örüş sahəsi ölçülüb mənə verilməyib. Mənə veriləsi örüş sahəsini Kürdəmirin icra başçısı və onun birinci müavini Tacəddin Novruzov, Əşrəf Şükürovun sayəsində qanunsuz sənədlərlə başqa vətəndaşlara verilib.
Doqquz il ərzində əksər dövlət qurumlarına müraciət etməyimə baxmayaraq, ədalət bərpa edilməyib. Müraciətlərə cavab verən yoxdur. Hər müraciətdən sonra Kürdəmir Rayon Icra Hakimiyyətinin işçiləri məni şantaj edir. Buna görə təsərrüfatımızı inkişaf etdirə bilmirəm.
Xahiş edirəm, şikayətimdə göstərdiyim faktları yoxlatdırıb sahibkarlıq fəaliyyətimizə mane olanlar barədə tədbir görəsiniz”.