Adı “MTN işi”ndə hallanan məmurlardan biri də Lerikin icra başçısı Rövşən Bağırovdur
Dünən “MTN işi” ilə bağlı daha bir qalmaqallı xəbər gündəmi zəbt edib. Belə ki, Akif Çovdarovun Bakı Metropoloteninin keçmiş rəisi Tağı Əhmədovu şantaj edərək ondan 3 milyon manat aldığı gündəmin əsas mövzusuna çevrilib.
Qeyd edək ki, adı MTN-lə bağlı qalmaqallarda hallanan məmurların sayı 10-larladır. Ancaq onlar hələ də bu məsələləri gizlətməklə məşğuldurlar.
Aztoday.az-a daxil olan məlumata görə, adı “MTN işi”ndə hallanan məmurlardan biri də Lerikin icra başçısı Rövşən Bağırovdur. Rövən Bağırovun adı isə hələ Prezidentin “Dostluq” parkındakı villaların sökülməsi ilə bağlı verdiyi tapşırıq zamanı gündəmə gəlmişdi. Belə ki, bir müddət pncə onun paytaxtın “Dostluq” parkında villasının yerlə-yeksan olunması ilə bağlı xəbərlər yayılmışdı.
Əldə etdiyimiz ilginc məlumata görə, icra başçısı evinin sökülməsi zaman məsələni ört-basdır etməyə çalışıb və mediadakı dostlarının əli ilə qismən buna nail olub.
Məlumatlı mənbə bildirir ki, hələ məlum MTN qalmaqalları baş verməmiş Bağırova bu işin üstünün açılmamasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da yardım edib.
Mənbə iddia edir ki, R.Bağırov adının qara siyahıya düşəcəyini bilib. Odur ki, dərhal hərəkətə keçərək E.Mahmudova minnətçi düşüb. Onun yaxın himayədarı olmuş sabiq MTN şefi öz kadrını qorumağa müvəffəq olub. Məlumata görə, icra başçısının villasını sökülməsi E.Mahmudovun sayəsində ictimaiyyətdən və yuxarı dairələrin diqqətindən gizlədilib.
Ancaq son hadisələr və MTN-də olan həbslər məsələnin üstünü açıb. Lerik rəhbərinin “Dostluq”parkında villasının olduğu aydınlaşıb. İcra başçısı bu faktın faş olmasından həyəcanlanıb.
Öz yaxın ətrafı ilə apardığı məsləhətləşmələrdən sonra qərara alıb ki, həmin villanın yaxın qohumuna aid olduğunu izah etsin. Mənbə qeyd edir ki, bu bəhanə də işə yaramayıb.
Prezident İlham Əliyev həmin ərəfədə istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən görüb ki, vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini yenə də zəbt ediblər. Bunu ölkə başçısı çıxışında da bildirmişdi:
“Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz. Mən dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır. Bütün vəzifəli şəxslər – ilk növbədə onlar nümunə olmalıdırlar”.
Dövlət başçısının tapşırığından sonra məmurların sökülən villalarının arxasından kimsə başını qaldırmaq istəməyib. Səbail rayonu “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və dövlət başçısının göstərişi ilə sökülən villalardan biri Lerik rayon icra başçısı Rövşən Bağırov məxsus olub. İcra başçısı həmin villanın tikintisi üçün 2 milyon dollara yaxın xərc çəkdiyi bildirilir. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilib.
Məlumatlara görə, deputat Iqbal Məmmədovla şərikli MMC-lər yaradan Rövşən Bağırov indiyə qədər büdcə pullarını dağıtmağın asan yollarını da tapıb. Bağırovun abadlıq və yenidənqurma adı altında gördüyü işlərin pulu büdcədən verilsə də, həmin vəsaiti yerli idarə və müəssisə rəhbərləi ilə sahibkarlar çəkiblər. Məlumatlara görə, Rövşən Bağırovun tapşırığına əsasən keçirilmiş prosesdə sahibkarlar, idarə və müəssisə rəhbərləri həmin pulu hissə-hissə ödəyiblər. Abadlıq işlərini «İnstal Serviz» MMC həyata keçirib ki, onlara da bu işdən bir qədər pul çatıb.
Qeyd edək ki, “Dostluq” parkında sökülən villalardan birinin Lerik icra başçısı Rövşən Bağırova məxsus olması xəbəri mətbuatda dərc olunmuşdu. Həmin vaxt bildirilirdi ki, icra başçısı sökülən villasına 2 milyon manata yaxın xərc çəkib. Rövşən Bağırovun villası 16 sot torpağın içində tikilmişdi. Ancaq həmin vaxt Lerik rayon icra hakimiyyəti bu xəbəri təkzib edərək icra başçısının “Dostluq” parkında villasının olmadığını bildirmişdilər…
Mənbə iddia edir ki, Rövşən Bağırovun adı Akif Çovdarovla bağlı da bir sıra qalmaqallarda halandırılır. Bu barədə növbəti yazılarımızda oxuyacaqsınız.